Mobil versiya
“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək
Tarix: 17-11-2017 | Saat: 18:11
Bölmə:Gündəm | çapa göndər

“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

Prezident İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumunun iki ildən bir keçiriləcəyi qeyd edilən Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilib.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasındakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.

2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilib.

Bu çərçivədə 2009-cu ilin oktyabrında Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən görüşdə “Bakı prosesi – dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar” adlı kommünike qəbul edilib. 2010-cu ildə “Bakı Prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlayıb.

Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.

Beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri vardır. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirib.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan “Bakı Prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024