Mobil versiya
Alim və oftalmoloq
Tarix: 15-04-2024 | Saat: 21:30
Bölmə:Özəl | çapa göndər

Alim və oftalmoloq

Alim və oftalmoloq. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950- ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir


Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.
1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, İkinci dünya müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.
Zərifə xanım Əliyeva dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə elmi işçi adını təsdiq etmişdir.Gənc alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü Z.Əliyeva elmi istiqamətinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha sübuta yetirdi.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin gözəl xüsusiyyətlərinin qabarıq surətdə üzə çıxmasına imkan yaratdı. Plenumun ardıcıl plana müvafiq şəkildə aparılan bütün parametrlərinin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılması haqqında təklif irəli sürdü və plenum iştirakçıları yekdilliklə bu təklifi müdafiə etdilər. Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı belə bir unikal laboratoriyasının yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi, peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də tətbiq edilmişdi. Professor Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində öz əksini, dolğun ifadəsini tapmışdır.Professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Həyatda və məişətdə olduğu kimi, elmdə də son dərəcə təvazökar və səmimi olan professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdir.
Akademik Z.Əliyeva kimi etik və mədəni səviyyə meyarının ən yüksək pilləsində dayanan nadir bir şəxsiyyətin - Hippokrat andının ən sədaqətli nümayəndəsinin oftalmologiya elminin bütün sahələrinə dair möhtəşəm əsərlərlə yanaşı, həkimlik etikası və tibbi deontologiya haqqında da sanballı, həmişəyaşar, mənalı və məzmunlu əsərlər yazmaması mümkün deyildi. Yaxşı ki, Zərifə xanım etik normalar və deontologiya haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Həm bu gün, həm də gələcəkdə onun "Yüksək etimad" kimi kitabları gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir şəxsiyyət kimi formalaşmasında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər olaraq qalacaq, aktuallığını heç vaxt itirməyəcəkdir.
Zərifə xanım Əliyeva 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır.

Məleykə Abışova Seyran qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024