Mobil versiya
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
Tarix: 19-04-2024 | Saat: 13:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mənalı ömür yolu  ilə daim işıq saçan dahi

Tarixi şəxsiyyət hüququ qazanmış hər bir siyasətçi zamanın və insanların yaddaşında öz yaratdıqları ilə əbədi yaşayır. Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyev mənalı bir ömür yaşadı. Qısa zaman kəsiyində o, xalqını əsrlər boyu yolunda çarpışdığı arzusuna, ali məqama, müstəqilliyə qovuşdurdu. Dünya xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları çin etmək qüdrətinə malik bir siyasətçi idi və bunu öz layihələri ilə dəfələrlə sübut etdi. İnsanın bəşərin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz, Heydər Əliyev planetin bu əlçatmaz mərtəbəsinə yüksələn tək-tək şəxsiyyətlərdən biri oldu.

Tarixşünaslıq Ulu Öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Dahi lider haqqında Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...”

Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu. Prezident seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” deyərək, müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürərək onun həyata keçirilməsinə başladı.

Ümummilli lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına strateji məsələ kimi yanaşmışdır. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir.
Ömrünün böyük və mənalı hissəsini milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyimizin inkişafına həsr edən Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərimizə əsaslanan Azərbaycançılıq məfkurəsini qarşıya qoyulmuş ən ümdə vəzifə kimi müəyyən etmişdir. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirlərini söyləyən Ulu öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar Liderdir və O, bunu öz əməli fəaliyyəti ilə sübut etmiş oldu.
Məhz Ulu Öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi.

Ümummilli Liderin siyasəti milli maraqlar üzərində qurulmuşdu. Zamanın dahisi tariximizi tarixçidən, incəsənəti sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilirdi. Onun mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.

Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan modelə yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahələri daxil etmək olar. Bu sahələrin inkişafı artdıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır.
Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı, sosial rifah və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.
Əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Bəli, belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi, işğal altındakı torpaqlarımız azad olundu. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.

Tarixi qələbəyə gedən yol da ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından başlayıb. Ümummilli Lider adını tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi, cənab İlham Əliyev isə Ulu öndər siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan və torpaqlarımızın Xilaskarı kimi yazdı. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.
Bu il ümummilli liderin anadan olmasının 101-ci ildönümünü qeyd edəcəyik. Bu tarixi gündə Dahi şəxsiyyətin təməlini qoyduğu müstəqil Azərbaycan möhkəm təməl üzərində dastan yazmaqda davam edir. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışı sürətlə davam edir.

Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir. Zəmanəmizin dahi şəxsiyyəti adını qazanmış ulu öndər Heydər Əliyevin parlaq xatirəsi bütün zamanlarda Azərbaycan xalqının mübarizə yoluna nur saçacaqdır.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024