Mobil versiya
Ulu Öndər BAM-ın tarixində müstəsna rol oynayıb
Tarix: 24-04-2024 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər BAM-ın tarixində müstəsna rol oynayıb

Müasir Azərbaycan - Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Məlum olduğu kimi, vaxtilə Azərbaycan və Rusiya vahid ittifaqda yer almış müttəfiq respublikalar olubla. Məhz bu tarixi fakt ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Bu münasibətlər müstəqillik illərində daha da inkişaf edib. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. 1997-ci il iyulun 3-də ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” imzalanıb. Etiraf olunmalıdır ki, məhz Heydər Əliyev amili Azərbaycanın dövlətlərarası münasibətlərində hər zaman mühüm rol oynayıb. O cünlədən 2000-ci illərin əvvəllərində Azərbaycan və Rusiya arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub.

Diqqətəlayiq haldır ki, Rusiya dövləti və rus xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla yad edirlər. Ötən il Rusiyada da Azərbaycanda olduğu kimi, Ümummilli Liderimizin 100 illik yubileyinin qeyd edilməsi də bunun daha bir sübutu oldu. Eləcə də cənab Prezident İlham Əliyevin Rusiya Prezidentinin dəvətilə aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilmiş dövlət tədbirində iştirak etməsi Ulu Öndər Heydər Əliyevin bütün keçmiş SSRİ xalqaları qarşısında olan müstəsna xidmətlərinin daha bir etirafı kimi dəyərləndirilməlidir. Məlumdur ki, bu xidmətlərdən biri də Ümummilli Liderimizin ötən əsrin ən nəhəng layihələrindən olan BAM-ın tikintisində fəal iştirak etməsi və bu layihənin başa çatdırılmasına verdiyi önəmli töhfələr olub. BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən təbrik edən Rusiya Prezidenti Vladimir Putin öz çıxışında xüsusi olaraq vurğuladı ki, Heydər Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyib. Qeyd olundu ki, Heydər Əliyevə bu işdə Ulu Öndərimizin malik olduğu böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. Rusiya Prezidenti həmçinin Ulu Öndərimizin birbaşa dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar tərəfindən BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan Ulkan və Anqoyan adlı iki qəsəbənin salındığını da bir daha xatırlatdı. Bu gün də azərbaycanlı mütəxəssislər Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər.

Bütün bu deyilənlər əlbəttə ki, Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyev Moskvada keçirilən dövlət tədbirində etdiyi çıxışında 2022-ci ilin fevralında Kremldə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni münasibətlərin gələcək ardıcıl inkişafını müəyyən edən əsas siyasi sənəd kimi xarakterizə edərək, onu bir daha diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, hazırda əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində bütün işlər məhz bu sənəd çərçivəsində aparılır. Gündəlikdə əlbəttə ki, nəqliyyat komponenti xüsusi yer tutur. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Əlbəttə ki, regional təhlükəsizlik məsələləri həmişə öz aktuallığını qoruyub saxlayır. Rusiyanın Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkə olması faktı da Azərbaycan ilə Rusiya arasında qarşılıqlı fəaliyyətin Avrasiya məkanında gedən proseslərə təsirini artırır. Buna görə də hər iki ölkənin dövlət başçıları qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsini və bütün məsələlərin nizamlanmasını daim xüsusi diqqət mərkəzində saxlayırlar.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024