Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan kontinentlərarası beynəlxalq əlaqəlrin qurulmasına nəzarət və təsir imkanları olan ölkəyə çevrilir”
Tarix: 27-04-2024 | Saat: 18:25
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan kontinentlərarası beynəlxalq əlaqəlrin qurulmasına nəzarət və təsir imkanları olan ölkəyə çevrilir”

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən incə düşünülmüş və uğurla həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın bu gün sadəcə xəritədə deyil, real həyatda Şərq ilə Qərbin qovşağında əsl kilid məntəqəyə çevrilərək bu strateji üstünlüyün dövlətimizin mənafeyinə və xalqın rifahına maksimum xidmət etməyə yönəldilməsinə hesablanıb. Dövlət başçımızın müxtəlif ölkələrdə ən yüksək səviyyədə dəvət əsasında iştirak etdiyi, özünün şəxsi təşəbbüsü ilə keçirilən və yaxud da himayə etdiyi mötəbər beynəlxalq tədbirlərin mövzusu və coğrafiyası da bu strategiyanın fəal işləkliyini və yüksək effektivliyini nümayiş etdirir. Son bir neçə gün ərzində Azərbaycan Prezidentinin ardıcıl olaraq xaricdə və ölkə daxilində keçirdiyi təkbətək və geniş tərkibli görüşlər, qatıldığı tədbirlər istər şimal-cənub, istərsə də şərq-qərb qlobal istiqamətlərində çox yaxın gələcəkdə sadəcə əhəmiyyətli beynəlxalq layihələrin icrasının deyil, eləcə də daha möhtəşəm perspektivlərin reallaşmasının şahidi olacağımızı deməyə əsas verir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri dövlət başçımızın dünya və Avropa liderləri sırasında öz layiqli yeri olan nüfuzlu siyasi xadim olması faktını önə çəkən məqamlarla zəngin olub: “Cənab Prezident İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməyə birbaşa Federal Kansler Olaf Şoltsdan dəvət alması, dövlət başçımızın bu ölkənin Kansleri və xarici işlər naziri tərəfindən qarşılanması ilk növbədə Azərbaycan Prezidentinin yüksək şəxsi nüfuzunun daha bir təsdiqidir. Mötəbər tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlıq məqsədilə gördüyü işlər barədə digər iştirakçıları məlumatlandıraraq bildirdi ki, yaxşı nəticələrə nail olmaq üçün ölkəmiz əlindən gələni edir. Diqqətə çatdırıldı ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradır. Həqiqətən də Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi, bu təşkilatın bir çox üzvləri ilə qurulmuş xüsusilə məhsuldar münasibətlər Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək üçün unikal imkanlar yaradıb. Buna paralel olaraq Azərbaycanın Avropa ilə əlaqələri kifayət qədər uğurla inkişaf etməkdə və genişlənməkdədir. Ölkəmiz Avropa İttifaqının doqquz üzvü ilə imzaladığı və ya qəbul etdiyi “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr əsasında əməkdaşlığını davam etdirir. Bununla Azərbaycan transkontinental əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə, həmrəyliyin bərqərar olmasına töhfələr vermək imkanlarını nümayiş etdirmiş olur.”

Daha sonra N.Aslanov Almaniyanın mövqeyinin və xarici siyasətinin Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarının qiymətləndirilməsi baxımından Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan Cənubi Qafqazın şəriksiz lider ölkəsi olmaqla regional prosesləri maksimum dərəcədə nəzarətdə saxlayır. Məhz bu baxımdan da dövlət başçımızın bu və ya digər ölkənin regionumuzda gedən proseslərə nə dərəcədə təsir etmək iqtidarında olması barədə söylədiyi fikirlər istənilən bir layihənin icrası zamanı nəzərə alınmağı vacib olan amildir. Cənab Prezident İlham Əliyevin Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazda inkişaf və sabitliyin davamlı olması üçün çox böyük əhəmiyyət kəsb etdiyini söyləməsi də bu aparıcı Avropa ölkəsi ilə münasibətlərin konstruktiv müstəvidə davam etdiyini vurğulamış olur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024