Mobil versiya
Uğurun əsası
Tarix: 29-04-2024 | Saat: 10:36
Bölmə:Siyasət / Özəl | çapa göndər

Uğurun əsası

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

COP29-u beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi kimi qiymətləndirən ölkə başçısı qeyd edib ki, indi hazırlığın fəal mərhələsi başlayıb. Və müddətin az olduğunu bildirərək daha fəal və işgüzar çalışmanın vacibliyi önə çəkilməlidir.
Yaxın vaxtda Almaniyaya səfər edəcəyini bildirən cənab İlham Əliyev hər iki ölkənin qarşılıqlı iqtisadi maraqlarının mövcud olduğunu bildirərək qeyd edib ki, “İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk.”

COP29-un Azərbaycanda keçirilməsinin münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsi kimi qiymətləndirən ölkə başçısı bildirib ki, bu həm də etimad mühitinin yaranmasına təkan vermişdir. İndi Ermənistan və Azərbaycan üçüncü tərəflərin iştirakı olmadan birbaşa dialoq aparır və bu yaxınlarda 4 kəndimizin qaytarılması bu istiqamətdə fəaliyyətlərin daha səmərəli olmasının sübutudur: “Bu gün Ermənistan ilə Azərbaycan arasında sərhəddə gördükləriniz, pərdəarxası görmədikləriniz, iki ölkənin nümayəndələri arasındakı təmaslar, daha açıq və konstruktiv müzakirələr də bu qəbildəndir. Sərhəd delimitasiyası məsələsində Azərbaycan və Ermənistan olduqca konstruktiv davranış nümayiş etdirir. Görünənlər bunun bir parçasıdır – bu, bir nəticədir. Lakin bu nəticə müntəzəm təmaslardan və müsbət dinamikadan qaynaqlanır. Biz bu işi konsolidasiya etməli və irəliləməliyik.”

Yaşıl enerji mövzusunun aktual olduğunu və dünyanın bu istiqamətdə inkişaf etmək istəyini reallıq adlandıran ölkəmizin başçısı investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiya qoyuluşuna başlandığını bildirərək qeyd edib ki, “Keçən ilin oktyabrında 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışı olub. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır, - beləliklə, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik. Bu, tamamilə realdır. Mənim dediyim bizim planlarımız deyil. Artıq müqavilələr imzalanıb, torpaq sahələri nəinki təkcə seçilib, hətta onlar artıq tikinti üçün də ayrılıb. Ola bilsin bir neçə aydan, maksimum 3-4 aydan sonra biz mənim dediklərimin hamısını öz gözümüzlə görəcəyik.

İstər Şimal-Cənub, istrəsə də Orta Dəhliz layihələrinin həyata keçməsində üzərinə düşən bütün işləri layiqincə yerinə yetirməkdə israrlı olan, belə mühüm qovşaqda yerləşməsini Tanrının töhfəsi adlandıran cənab İlham Əliyev hər iki layihənin dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını və nəhəng logistika imkanlarının yaranacağını bildirmişdir.
“Həqiqətən, hər kəsə tam aydındır ki, yatırmağa çalışdığımız ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir”-deyə xüsusi olaraq vurğulayan ölkə başçısı bildirdi ki, təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizim beynəlxalq tərəfdaşlarla xüsusi proqramlarımız var. Gənc nəslimizin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramı mövcuddur. Eyni zamanda, Azərbaycanda yüksək səviyyədə təhsil prioritetdir. Biz, həmçinin hər ikisini bir araya gətirməyə çalışırıq və hazırda xaricdə təhsil Prezident proqramı əsasında maliyyələşdirilir.”
Ölkəmizin qazandığı uğurların ilk növbədə mehriban qonşuluqdan və etimad mühitindən bəhrələndiyini qeyd edən cənab Prezident bildirdi ki, “Düşünürəm ki, əsas üsul və əsas həll yolu ədalətli və düzgün olmaqdır. Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024