Mobil versiya
Azərbaycanda milli dəyərlərə, milli maraqlara əsaslanan siyasət həyata keçirilir
Tarix: 02-05-2024 | Saat: 16:26
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda milli dəyərlərə, milli maraqlara əsaslanan siyasət həyata keçirilir

Bu gün dinlər və mədəniyyətlərarası münasibətlər baxımından dünyanın mənzərəsi heç də ürəkaçan deyil. Əslində, indiyədək bəşəriyyət fərqli etiqadların daşıyıcısı olan insanların elmə, təhsilə, mədəniyyətə, iqtisadiyyata verdikləri töhfələr sayəsində yüksək inkişaf səviyyəsinə yüksəlib. Bugünkü ümumbəşəri sivilizasiyadan bütün xalqların mirasları keçir. İnsanlar arasında tarixdən, coğrafiyalardan, gendən, irqdən gələn fərqlilik dünyanı daha rəngarəng və cəlbedici edir. Ancaq təəssüf doğuran haldır ki, bu gün dünyada xalqlar arasındakı mədəni-dini müxtəliflik bir sıra hallarda ayrıcı xətlər anlamında qəbul edilir. Biz müşahidə edirik ki, xüsusilə də Avropanın ayrı-ayrı ölkələrində multikulturalizm ideyalarından imtina olunur, milli-dini-irqi zəmində dözümsüzlük artır, İslamofobiya təzahürləri açıq müstəviyə keçir. Ən acınacaqlı cəhət ondan ibarətdir ki, bütün bunlar bir sıra hallarda məhz dövlətlər səviyyəsində təşviq olunaraq ideoloji platforma qismində cəmiyyətlərə təlqin edilir. Belə bir şəraitdə zəngin tolerantlıq ənənələrini qoruyaraq tarixdən müasir həyatına daşıyan Azərbaycan dünyaya  nadir nümunəsini təqdim edir. Artıq respublikamız sayca altıncı olan Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Xatırladaq ki, cənab Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara, ümumilikdə, 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar.
Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. Mayın 1-dən 3-dək davam ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilir. Tədbirə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq qatılıb. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi planlaşdırılıb. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir. Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
Ölkəmizin mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi etməyə hər cəhətdən haqqı vardır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024