Mobil versiya
İnkişafı təmin edən strategiya
Tarix: 07-05-2024 | Saat: 16:17
Bölmə:Özəl | çapa göndər

İnkişafı təmin edən strategiya

Çağdaş tariximizin ən önəmli mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində mühüm inkişaf mərhələsi olmuşdur.

Danılmaz bir həqiqətdir ki, öz tarixini, öz keçmişini unudan xalqın gələcəyi də olmaz. Məhz bu baxımdan ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycanda gedən proseslərin, baş verən hadisələrin ölkənin gələcəyi üçün əhəmiyyəti müqayisəyə gəlməyəcək dərəcədə böyük olmuşdur. İlk növbədə birmənalı olaraq qəbul edilməlidir ki, 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələrə rəğmən, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı.

Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman Ulu Öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi.

Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.

Bu günlərdə Azərbaycan xalqı özünün dahi xilaskar oğlu, müasir müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyini böyük coşqu ilə qeyd edir. Artıq dördüncü ildir ki, xalqımız bu günü öz Ümummilli Liderinin ən mühüm vəsiyyətinə əməl etməsindən duyduğu sonsuz qürur hissi ilə qeyd edir. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq 30 illik erməni işğalına son qoydu. Ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq, Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və qalan bütün digər ərazilər də erməni separatizmindən birdəfəlik azad edildi. Həmin tarixi gündən sonra Azərbaycan bir neçə mühüm ilkə imza atmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ilk dəfə Xankəndidə hərbi paradı qəbul etmiş, müstəqilliyimizin tarixində ilk dəfə olaraq Azərbaycanda Prezident seçkiləri ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu il isə, ilk dəfə olaraq Azərbaycan xalqı öz Ümummilli Liderinin anadan olmasının ildönümünü istisnasız olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qeyd edir. Bütün bunlar sözün əsl mənasında, Heydər Əliyev ideyalarının növbəti təntənəsidir və bu ideyaların nuru xalqımızın və dövlətimizin yolunu bundan sonra da əsrlər boyunca işıqlandıracaq.

Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024