Mobil versiya
Ölməz ideyaların işığında
Tarix: 07-05-2024 | Saat: 16:23
Bölmə:Özəl | çapa göndər

Ölməz ideyaların işığında

Bu il Azərbaycan xalqı, dünyanın hər bir guşəsində yaşayan bütün soydaşlarımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edəcəklər. Ulu Öndərimizin respublikaya rəhbərlik etdiyi illər haqlı olaraq Azərbaycan tarixində epoxal dövr kimi xarakterizə olunur. Bu dövrün hər iki tarixi mərhələsində, istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev dühası Azərbaycanın rifahına xidmət etmiş, xalqın və dövlətin milli maraqlarının təmin olunması missiyasını uğurla həyata keçirmişdir. Əgər 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi respublikamızın SSRİ tərkibində sürətli inkişaf yoluna çıxarılması ilə əlamətdar olmuşdusa, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbilə ölkədə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı sözün əsil mənasında bir müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtamışdır.

Məlum olduğu kimi, 1991-1992-ci illərdə Azərbaycanda tüğyan edən özbaşınalıq və anarxiya, ölkəni idarə edən qüvvələrin siyasi və iqtisadi sahələrdə səriştəsizliyi və bacarıqsızlığı, öz ambisiya və mənafelərini milli maraqlardan üstün tutmalrı 1993-cü ildə respublikada ictimai-siyasi gərginliyi böhran həddinə çatdırmışdı. Artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Məhz belə mürəkkəb və təhlükəli bir vəziyyətdə xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu Öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında rəsmi İrəvan atəşkəsə vadar edildi. Bundan dərhal sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq yeni xarici siyasət strategiyasını müəyyən etdi. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.

Ulu Öndər Heydər Əliyevin müstəqillik konsepsiyasının müasirliyi və daimiliyi ondadır ki, bu konsepsiya mücərrəd seyrçilikdən uzaqdır. Müasir qlobal reallıqları düzgün qiymətləndirən Ümummilli Lider Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid cəmiyyət üçün uğurlu təməldir.

Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoydu. Bu tarixi Zəfərdən üç il sonra isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünün ölkənin istisnasız bütün ərazisində qeyd olunması da Ulu Öndərimizin siyasi irsinin növbəti təntənəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin ölməz ideyalarının işığında bundan sonra daha böyük qələbələrə imza atacaq.

Emin Feyzizadə,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024