Mobil versiya
Azərbaycan ordusu Zəfər tariximizin qalibidir
Tarix: 20-06-2025 | Saat: 16:17
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ordusu Zəfər tariximizin  qalibidir

Hər bir xalqın tarixində dönüm nöqtəsi olan, milli qürur hissini zirvəyə daşıyan günlər vardır. Azərbaycan üçün belə günlərdən biri də 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu, təkcə bir təqvim günü deyil, bu, xalqımızın əzmini, dövlətimizin gücünü, ordumuzun qüdrətini və vətən sevgisinin ən uca zirvəyə qalxdığı bir gündür. Bu gün, müstəqil Azərbaycan Respublikasının güclü ordusunun yaranmasının və qələbələrə doğru irəliləməsinin simvoludur. Beləliklə də tarixdən Zəfərə bir yol başladı. Azərbaycan Ordusunun bünövrəsi Ümummilli Lider Heydər Əliyevin 1971-ci ildə Naxçıvanda Azərbaycanlı gənclərin hərbi təhsil alması üçün ilk addımları atması ilə qoyulmuşdur. Ulu Öndər həmin dövrdə Azərbaycan gənclərinin Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə, Sovet İttifaqının müxtəlif hərbi məktəblərinə göndərilməsinə xüsusi diqqət yetirirdi. Bu uzaqgörən siyasət sonralar müstəqil Azərbaycanın güclü ordusunun formalaşması üçün möhkəm əsas oldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı üçün müstəqil ordu quruculuğu həyati bir məsələ idi. Lakin 90-cı illərin əvvəllərində ölkədəki siyasi böhran və idarəolunmazlıq milli ordunun inkişafına ciddi maneələr yaratmışdı. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ordusu dirçəliş dövrünə qədəm qoydu. Ulu Öndər demişdi: "Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin ən etibarlı təminatı güclü ordudur." Onun bu strateji baxışı nəticəsində qısa müddətdə nizami ordu yaradıldı və Azərbaycan silahlı qüvvələri regionda güclü mövqeyə sahib oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycan Ordusunu daha da qüdrətləndirdi. Ordu quruculuğu Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Cənab Prezident İlham Əliyevin bu sahəyə verdiyi xüsusi önəm nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən müasir, döyüş qabiliyyəti yüksək olan ordularından birinə çevrilmişdir. "Biz müharibəyə hazır idik. Güclü ordumuz var idi və bu müharibədə Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, mübariz, yenilməz, qəhrəman bir xalqdır." – deyə cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin nəticələrini dəyərləndirərkən bildirmişdi. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və xalq-ordu birliyinin əzəmətini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə istənilən vəzifəni yerinə yetirmək, torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. 2020-ci ilin 8 noyabrında Şuşa şəhərinin işğaldan azad olunması ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu və bu tarixi zəfər cənab Prezident İlham Əliyevin dilindən dünya ictimaiyyətinə qürurla bəyan edildi: "Əziz Şuşa, biz səni azad etdik!" Xalqla ordu birliyi isə qələbənin əsas təminatçısı oldu. Azərbaycan Ordusunun qüdrəti təkcə hərbi texnika və hazırlıqla ölçülmür. Ordumuzun əsas gücü xalqla birliyində, Vətən sevgisində, milli ruhundadır. Müharibə dövründə xalqımız orduya necə böyük dəstək verdiyini bir daha sübut etdi. Könüllülərin cəbhəyə axını, arxa cəbhədəki həmrəylik, xalqın Ali Baş Komandana sonsuz inamı Vətən müharibəsinin taleyini müəyyən edən mühüm amillərdən oldu. Bu birliyi Ümummilli Lider Heydər Əliyev zamanında belə ifadə etmişdi: "Xalq orduya arxa olmasa, ordu heç bir müharibədə qalib gələ bilməz." Bu gün Azərbaycan xalqı ordusu ilə fəxr edir. Çünki bu ordu 30 illik işğal səhifəsini bağlayaraq tarix yazdı. Şəhidlərimizin qanı yerdə qalmadı, hər bir qazimizin, əsgər və zabitimizin mübarizəsi zəfərlə nəticələndi. Beləliklə hünərlə deyə bilərik ki, 26 İyun – Azərbaycan əsgərinin şərəf günüdür. Bu gün biz, Azərbaycan əsgərinin hünərinə, zabitlərimizin rəşadətinə, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinə ehtiramla baş əyirik. Bir daha deyirəm, 26 İyun – Azərbaycan əsgərinin şərəf günüdür, bu gün hər bir vətəndaş üçün qürur və fəxarət mənbəyidir. Cənab Prezident İlham Əliyevin bir fikri bu gün üçün əsl manifestdir:
"Biz bu ordu ilə fəxr edirik. Azərbaycan Ordusu Zəfər Ordusudur. Biz bu ordunun gücünə arxalanırıq. Bundan sonra da Azərbaycan əsgəri, Azərbaycan zabiti daim Vətənin keşiyində olacaq." Azərbaycan Ordusu artıq regionun ən güclü hərbi qüvvəsi kimi dünya hərb tarixində öz yerini tutmuşdur. Bu ordu yalnız torpaqlarımızı azad etmədi, həm də sarsılmaz dövlət iradəsini, xalq-ordu birliyinin möhkəmliyini, vətənpərvərlik duyğularının sönməzliyini dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu sadəcə silahlı birləşmələrin adı deyil. Bu, xalqımızın milli kimliyi, şərəfi, qüruru, əzmi və sonsuz Vətən sevgisidir. Biz bu gün qələbə çalmış bir xalqın övladları olaraq fəxr edirik ki, belə bir orduya sahibik. Tarix yazan əsgər və zabitlərimizə, bu ordunu formalaşdıran dövlət rəhbərimizə, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza sonsuz ehtiramla bir daha deyirik: "Var ol, Azərbaycan Ordusu! Qorxmaz, yenilməz, müzəffər Ordu!"

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025