Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Tarix: 23-06-2025 | Saat: 09:31
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

“Artıq beşinci ildir ki, Azərbaycan xalqı 26 iyun – Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük təntənə ilə qeyd edir. Məlum olduğu kimi, milli ordumuzun inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz 1969-cu ildə, Ulu Öndərin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə start verildi. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə mürəkkəb, eyni zamanda da riskli bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək əlbəttə ki, çox çətindir. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ümummilli Liderimizin bu istiqamətdə atdığı məqsədyönlü addımlar Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndərimizin adı ilə bağlı olduğunu deməyə əsas verir. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu işinə start verildi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, hələ Cümhuriyyət dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün artıq Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrilib. ”

Bu sözləri Silahlı Qüvvələr Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra ölkmizdə son iyirmi iki ildə aparılan ordu quruculuğu işindən bəhs edib: “2003-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Qeyd olunmalıdır ki, dövlət başçımızın sərəncamı ilə Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi bu gün mindən çox hərbi təyinatlı məhsul istehsal edir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Rəşadətli Ordumuz ilk dəfə öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusu növbəti qələbəsini Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Nəhayət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatına başlayan Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bundan üç il sonra isə, cəmi bir gün davam edən ntiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025