Mobil versiya
Fərrux Rüstəmov: Köksündə maarifi, zəkasında milləti yaşadan alim
Tarix: 12-08-2025 | Saat: 11:49
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar2 | çapa göndər

Fərrux Rüstəmov: Köksündə maarifi, zəkasında milləti yaşadan alim

Cİl Kəndindən elm zirvəsinə doğru ömür yolçuluğu

1961-ci ilin bir soyuq yanvar günündə, Göyçə mahalının əsrarəngiz təbiət qoynunda yerləşən qədim Cil kəndində dünyaya göz açan Fərrux Abbas oğlu Rüstəmovun taleyi ona yalnız elm, təhsil və millətə xidmət yolunu seçəcəyini pıçıldayıbmış. Gözlərini açdığı bu qədim yurdda o, milli ruhun, əxlaqi bütövlüyün və maarifə bağlılığın canlı daşıyıcısı oldu.
1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vuran Fərrux müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika fakültəsinə qəbul olunur. Tələbəlik illəri onun üçün təkcə akademik uğurlar deyil, həm də ictimai fəallıqla dolu idi. Elə bu illərdə də o, dərin zəkası, prinsipiallığı və çalışqanlığı ilə seçilərək Lenin təqaüdünə layiq görülür.
Elmə və müəllimliyə olan sonsuz maraq onu 1985-ci ildə yenidən universitetə – bu dəfə aspirantura pilləsinə – qaytarır. Pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya daxil olan Rüstəmov, akademik Hüseyn Əhmədov kimi böyük bir elmi simanın rəhbərliyi altında elmi axtarışlara başlayır. 1985–1987-ci illərdə isə Leninski şəhərində sovet ordusu sıralarında xidmət edərək, dövrün gənc ziyalısı üçün vacib olan ictimai yetkinlik təcrübəsini də qazanır.1989-cu ildə "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülür. Lakin bu, elmi yolun sonu deyil – əksinə, başlanğıcı idi.
2003-cü ildə doktorluq dissertasiyası olaraq təqdim etdiyi "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda işi ilə o, pedaqoji elmlər doktoru alimlik dərəcəsi alır. Bu əsər Azərbaycanın maarif tarixini sistemli şəkildə işıqlandıran fundamental elmi araşdırma olmaqla, milli pedaqogika tarixinin səssiz qala daşlarından birinə çevrilir.
Fərrux Rüstəmov pedaqogika tarixi, müəllim hazırlığı, maarifçilik irsi sahəsində apardığı dərin tədqiqatlarla tanınır. Onun elmi irsi yalnız keçmişin öyrənilməsi deyil, gələcəyin inşası üçün yol xəritəsidir. Rəhbərliyi altında 8 fəlsəfə doktoru yetişmiş, 3 doktorluq və 20-yə yaxın namizədlik dissertasiyasının opponenti olmuşdur.
1990-cı ildən bu günə qədər 30-dan artıq kitab və monoqrafiya, 31 tədris proqramı, 200-dən çox elmi məqalə və tezis, 250-yə qədər publisistik yazı onun yorulmaz zəhmətinin nəticəsidir. O, həm də 40-a yaxın əsərin elmi redaktoru, 10-a yaxın kitabın tərtibçisidir. Akademik Hüseyn Əhmədovun əsərlərinin beşcildlik toplusunu hazırlaması onun elmi və mənəvi borca necə bağlı olduğunu göstərir.
Fərrux Rüstəmovun əsərləri yalnız ölkəmizdə deyil, Moskva, Çeboksarı, Tbilisi, İstanbul və Təbriz kimi şəhərlərdə də işıq üzü görmüş, beynəlxalq elmi dairələrdə də maraqla qarşılanmışdır. Bu zəhmət dolu ömür yolu təkcə bir alimin tale yolu deyil – bu, milli pedaqoji elmin bir tarixçəsidir.


Pedaqoji xidmət yolu – elm və idarəetmənin harmoniyası

Professor Fərrux Rüstəmovun pedaqoji fəaliyyəti bir ömür boyu təhsil və elmə sədaqətin parlaq nümunəsidir. O, təkcə auditoriyada dərs deyən müəllim deyil, həm də yüzlərlə gənc müəllimin yolunu işıqlandıran təhsil fənərinin məşəlçisidir.
Onun pedaqoji fəaliyyət yolu 1982-ci ildə Quba rayonunun Rəngidar kəndində başlayır. Burada o, həm müəllim, həm də məktəb direktoru kimi fəaliyyət göstərərək, kənd məktəbinin həyatına təzə nəfəs gətirir. Gənc yaşlarında qazandığı bu rəhbərlik təcrübəsi onun gələcək idarəetmə bacarıqlarının bünövrəsini qoyur.
1991–2007-ci illərdə ADPU-nun Ümumi pedaqogika kafedrasında müəllim, dosent və professor kimi çalışaraq, universitetin elm və təhsil mühitində aparıcı simaya çevrilir. Bu illər ərzində yüzlərlə tələbə onun dərsindən yalnız bilik deyil, həm də maarif ruhu, pedaqoji düşüncə və əxlaqi bütövlük öyrənmişdir.

2004-cü ildə professor elmi adı alan Fərrux müəllim 2007–2011-ci illərdə ADPU-nun İbtidai təhsilinin pedaqogikası və metodikası kafedrasına, 2015-ci ildən 2022-ci ilədək isə Pedaqogika və metodika kafedrasına rəhbərlik etmişdir. O, həmçinin universitetin Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışaraq, idarəetmə ilə elmi-tədris prosesini yüksək harmoniyada birləşdirmişdir.
2023-cü ildən etibarən yenidən İbtidai təhsilin pedaqogikası kafedrasında dərs deməyə başlayan professor Rüstəmov, bu məkana bir daha elmi düşüncə və pedaqoji yeniliklərin aşılandığı ocaq ruhu bəxş edir.
Elmi nüfuzu ölkə sərhədlərini aşan Fərrux Rüstəmov 1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, 2010-cu ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ADPU-da fəaliyyət göstərən dissertasiya şuralarında da üzv kimi çıxış edərək gənc tədqiqatçılara yön verən elmi mentor olmuşdur.

Fərrux Rüstəmov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, "ADPU Xəbərlər" jurnalının redaksiya heyətində pedaqoji-psixoloji elmlər seriyasının baş redaktorudur. 2007-ci ildən etibarən universitetin Elmi Şurasının üzvü olaraq, təhsil siyasətinə yön verən vacib qərarlarda da fəal iştirak edir.
O, dəfələrlə ADPU-nun “İlin müəllimi” və “İlin alimi” adına layiq görülmüşdür. Bu mükafatlar onun zəhmətinin və təhsil ictimaiyyətində qazandığı hörmətin canlı göstəricisidir.
Professor Fərrux Rüstəmovun pedaqoji fəaliyyəti – elm, tədris və idarəetmənin harmonik vəhdətidir. Bu həyat yolu təkcə bir akademik bioqrafiya deyil, milli təhsil sisteminin yaddaşına həkk olunmuş parlaq bir səhifədir. Onun adı gələcək nəsillərin elmə və müəllimliyə olan sevgisində yaşayacaq, yaşadılacaq.


Elmi yaradıcılıq və maarifçilik missiyası – zamanla həmsöhbət olan alim
Elm sahəsində təkcə nəzəriyyə yaratmaq deyil, həm də zamanla dialoq qurmaq bacarığı çox az insana nəsib olur. Professor Fərrux Rüstəmov bu nadir şəxslərdəndir. Onun elmi fəaliyyəti bir məktəb, bir missiya, həm də maarif tariximizə ehtiramla yazılmış bir salnamədir.
Ənənəvi tədqiqat sferalarından fərqli olaraq, Fərrux müəllim pedaqoji fikrin tarixiliyini və bu fikrin milli kimliyimizdəki yerini araşdırmağa yönəlib. O, Azərbaycan pedaqogikasının inkişaf trayektoriyasını, maarifçiliyin milli ruhla qovuşduğu məqamları obyektiv tədqiqat metodu ilə ortaya qoymaqla bu sahəyə yeni nəfəs gətirib. Onun elmi təfəkküründə tarix statik deyil – dinamik, təhlilə açıq və gələcək nəsillərə işıq tutan bir dəyər kimi təqdim olunur.
Son dövrlərdə çapdan çıxmış “İrəvan gimnaziyası” adlı tədqiqat əsəri təkcə bir təhsil ocağının tarixçəsi deyil, həm də milli yaddaşın dirçəldilməsinə yönəlmiş akademik təşəbbüsdür. Bu əsər vasitəsilə müəllif unudulmaqda olan bir maarif ocağını yenidən ictimai və elmi şüura təqdim edir. Kitab, həmçinin İrəvan şəhərinin bir zamanlar Azərbaycan mədəni mühitində oynadığı rolu göstərməklə, tarixi faktları emosional və elmi balansla təqdim edir.
Professor Rüstəmovun pedaqoji elmin təşkilati tərəflərinə də böyük töhfəsi var.

]Onun rəhbərliyi ilə aparılan dissertasiyalar, redaktə etdiyi onlarla elmi əsər, hazırladığı tədris proqramları və elmi konfranslardakı çıxışları onu yalnız yazan deyil, yön verən, istiqamət göstərən bir alim obrazında təsdiqləyir.
Müxtəlif elmi platformalarda – o cümlədən Bakı, Tbilisi, Moskva, Təbriz, Səmərqənd və İstanbulda çap olunan əsərləri ilə o, pedaqoji düşüncəmizi beynəlxalq akademik dairəyə daşıyıb. Bu isə onun yalnız lokal deyil, regional elmi məkanda da qəbul edilən bir tədqiqatçı olduğunu göstərir.
Professor Rüstəmovun elmi yaradıcılığı bir çox tədqiqatçılar üçün mövzu, gənc alimlər üçün isə metodoloji model rolunu oynayır. O, düşüncə dünyasında ideya toxumları səpərək, sabahın maarifçilərinə yol göstərir.
Bu bölmənin sonunda isə bir fikir tam aydın görünür: onun elmi fəaliyyəti bilikdən ideyaya, ideyadan isə milli intellektual irsə çevrilmiş bir yol xəritəsidir.
Bütün bunların fonunda bir həqiqət qabarıq görünür: Fərrux Rüstəmov elmi yalnız yazmır, o, onu yaşayır. O, müasir Azərbaycan təhsilinin səssiz dayaqlarından biri, milli pedaqoji düşüncənin vicdanıdır.

Elmdən əsərə – yaddaşın sözə çevrilmiş həyatı


Professor Fərrux Rüstəmovun ömür yolu təkcə müəllim kürsüsündə keçən illərlə deyil, həm də elmi düşüncənin, tarixi və pedaqoji yaddaşın götürülməsi ilə ölçülür. Onun qələmindən hər bir əsər yalnız faktların toplusu deyil, keçmişin nəfəsini bu günün təhsilinə və ictimai şüuruna daşıyan mənəvi körpüdür.
Elmi və publisistik yaradıcılığı 30-dan artıq monoqrafiya və kitab, 31 dərs proqramı, 200-dən çox elmi məqalə və tezis, 250-yə qədər elmi-publisistik yazı ilə davam etdirilmişdir. Eyni zamanda 40-a yaxın elmi redaktə, 10 kitabın nəşri onun zəhmətkeş əqidəsinin məhsuludur. Bu əsərlərdən bəziləri sırf pedaqoji nəzəriyyəyə, bəziləri maarifçilik və təhsil tarixinin sistemli araşdırılmasına, bir hissəsi milli kimliyin, xalq yaddaşının və müəllim peşəsinin ideallaşdırılmasına həsr edilmişdir.
Onun əsərləri adətən akademik auditoriyaya deyil, inkişafa istiqamətlənir. Yazılarında hadisələrə yalnız bir alim soyuqluğuyla deyil, həm də bir vətəndaş təəssübkeşliyi ilə yanaşır. Onun sözündə tarix danışır, arxivlər danışır, illərlə susdurulmuş yaddaş danışır...

İrəvan gimnaziyası – unudulan bir maarif qalasının dirçəlişi

Professor Fərrux Rüstəmovun yaradıcılığında "İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları" (Bakı: Elm və təhsil, 2024, 480 s.) əsəri xüsusi yer tutur. Bu kitab təkcə bir məktəb xronikasını deyil, həm də xalqın maarifçi dühasının simasını təqdim edir. Ktab bir mәktәbin tarixi deyil – bu, xalqın təhsilə olan bağlılığının nümunəsi, maarif uğrunda mücadiləsinin və İrəvanda yaşayan azərbaycanlıların yüksək mənəvi-mədəni potensialının canlı portretidir.
Əsərdə müəllif 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş İrəvan kişi gimnaziyasının yaranma tarixi, orada işləyən müəllimlər, təhsil proqramları, maarifpərvər şəxslər haqqında ətraflı və sənədli məlumat verir. Bütün bunlar yalnız statistik arayış olaraq təqdim edilmir, həm də keçmişin ruhu oxucuya təlqin edilir, İrəvanın bir vaxtlar Azərbaycan mədəniyyətinin və təhsilinin beşiyinə çevrildiyini əsaslı dəlillərlə sübut edir.
Kitab həm də tarixi ədalətin bərpası üçün bir çağırışdır . Çünki orada bir məktəb yox, bütöv bir cəmiyyətin səsindən sözə, sözdən tarixə baxış izləri var. Fərrux müəllim bu əsəri ilə unudulmaq təhlükəsi ilə üz-üzə qalan milli maarif tariximizə işıq tutur, İrəvanla bağlı kollektiv yaddaşın dirilməsi üçün intellektual zəmin yaradır.
Əsərin dili elmi-publisistik çərçivədə qalsa da, duyğusallıq və mənəvi təlatüm oxucunu öz təsir altına alır. Hər sətirdə bir az da nisgil var, bir az da ümid. Müəllif İrəvan gimnaziyasını sadəcə tarixi bir bina kimi deyil, bütün unudulmuş milli kimliklərimizin simvolu kimi təqdim edir.
Bu əsər təhsil tarixində unudulmağa qoyulmuş qiymətli bir məqamı — XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinə qədərki dövrdə İrəvanda yaranmış demokratik təhsil mühitinin sirli qanadlarını açır. Qəza məktəbindən progimnaziya prosesinin başlanğıcına, oradan dərs binası, kitabxana, fizika kabinetləri və pansionlu tam bir məktəbə çevrilən bu müəssisə, azərbaycanlı gənclər üçün Avropanın universitetlərinə yol açan bilik cığırı olub.
Fərrux müəllimin bu əsəri həm də məna baxımından dəyərlidir. Monoqrafiyada Mirzə Ələkbər Elxanov, Firidun bəy Köçərli, İsmayıl bəy Şəfibəyov kimi maarifçilərin gimnaziyada yetişməsi, onların Azərbaycan maarifinin ruhsal inkişafında oynadıqları rollar çılpaq faktlarla əksini tapıb. Bu, bir maarif qalasının xalq şüurunda oyadılan səsi kimi qiymətləndirilməlidir.

Əsər arxiv materialları, rəsmi sənədlər, foto və attestatlar ilə zəngindir. Tədqiqat faktları, müəllim kontingenti, kitabxana və direktorlar haqqında təfərrüatlarla təchiz olunub. Mətndə qaranlıq nöqtə yoxdur — yalnız tarixə dönüb baxan maarif adamlarının canlı konturları var.
Elm adamları, ziyalılar, düşüncə adamları bu əsəri yalnız kitab kimi deyil, həm də milli xatirənin bərpasına verilmiş dəyər kimi qiymətləndirir. ADPU-da təqdimat mərasimində AMEA-nın müxbir üzvü, akademik Misir Mərdanov onu bütöv Azərbaycanın təhsil və pedaqoji fikir tarixinə dəyərli bir töhfə adlandıraraq yazır: “Qərbi Azərbaycanın maarifçilik və təhsil tarixi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun sistemli tədqiqatları Qərbi Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi, tədrisi və təbliği sahəsində xeyli uğurlara imza atmışdır. Onun Qərbi Azərbaycanın təhsil tarixinə həsr olunmuş ilk kitabı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022) adlanır.”
Fərrux müəllim özü isə bu kitabı sadəcə akademik borc kimi deyil, həm də vətəndaşlıq missiyası olaraq yazdığını qeyd edib.

Səssiz qalanın səsi

Bəzən bir ömür səssiz yazılar kimi olur — nə hay-küy salır, nə də alqış dalğası axtarır. Sadəcə iz buraxır… Dərin, unudulmaz və silinməz bir iz. Professor Fərrux Rüstəmovun ömür yolu da məhz belə bir sükut içində danışan, səssizliyində müdriklik çırpınan bir tale yoludur.
O, təkcə müəllim deyil. O, xalq yaddaşının yazıçısı, maarif tariximizin keçmişinin və bu gününün səsini gələcəyə daşıyan mənəvi karvanbaşılardan biridir. Onun qələmindən süzülən hər cümlə bir məktəbin, bir şəhərin, bir millətin hafizəsinə çevrilir. Onun düşüncəsi təkcə dərsliklərdə deyil, insanların qəlbində, şagirdlərin ruhunda yaşamağa davam edir.

Professorun əsərlərində yalnız faktlar deyil, zamanın nəfəsi, torpağın qoxusu, ata ocağının istiliyi var. "İrəvan kişi gimnaziyası" kimi əsərləri ilə o, bizə təkcə bir təhsil ocağının tarixini anlatmır — itirilmiş bir şəhərin, susdurulmuş bir yaddaşın, toxunulmamış bir məsumiyyətin izlərini çəkir. Bu kitablar daşlaşmış kədər, kağıza hopmuş qürur və qələmin içində əriyən Vətən sevgisidir.
Fərrux müəllim zamanın sükutuna qarşı yazır. Unudulmağa dirənən tarixə qarşı yazır. Müəllim adının müqəddəsliyinə sığınaraq, bir xalqın maarif yolunu, bir millətin təhsil təfəkkürünü qoruyur. O, bizi biz edən dəyərləri yazır – izahsız, pafossuz, sadəcə ürəklə.
Bu gün onun dərs dediyi auditoriyalarda yeni nəslin addımları eşidilir. Onun əsərlərini oxuyan tələbələr, müəllim olmaq arzusu ilə yanan gənclər var. Bütün bunlar göstərir ki, bir ömürlük fədakarlıq boşuna olmayıb.
...Və bəlkə də bir gün, uzaq gələcəyin bir oxucusu hansısa kitabxananın tozlu rəfində onun bir əsərinə toxunanda, tarix susmayacaq. O səhifələr danışacaq – Göyçədən, İrəvandan, Ağbabadan, Zəngəzurdan, maarifdən, elmdən… və bir səssiz qaladan – Fərrux Rüstəmovdan.
Çünki həqiqi müəllimlər ölmür. Onlar sadəcə dərs deyib gedirlər. Onların qələmi isə yazmaqda davam edir – qəlblərdə, yaddaşlarda, tarixdə...

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025