Mobil versiya
Kəlbəcər görüşü qalib strateqin xalqla həmrəyliyinin ifadəsidir
Tarix: 23-08-2025 | Saat: 09:58
Bölmə:Manşet / Karusel / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Kəlbəcər görüşü qalib strateqin xalqla həmrəyliyinin ifadəsidir
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində sakinlərlə görüşərək onların həyat şəraiti ilə tanış oldular. Dövlət başçısının səmimi salamları — “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” — xalqın qəlbində sevinc və qüruru daha da artırdı. Bu sözlər yalnız salamlaşma deyildi, həm də illərlə doğma evlərindən, yurd-yuvalarından uzada, didərgim, köçükün həyatı yaşayan insanların qəlbində doğma diyara qayıdışın nə qədər böyük bir ümid olduğunu bir daha təsdiqlədi.
Cənab Prezident çıxışında vurğuladı ki, bu gün yalnız evlərin və infrastrukturun təməli qoyulmur, həm də Azərbaycan xalqının ədaləti bərpa etməsinin, haqqını qorumasının sübutu və təsdiqi kimi tarixə yazılır: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır,” — dedi dövlət başçısı. Çünki Kəlbəcərə qayıdış təkcə fiziki deyil, həm də mənəvi və simvolik bir hadisədir; xalq öz torpağını geri almış, əzablı günlərin və həsrətin üstündən xətt çəkilmişdir.
Tarixi kontekstə nəzər saldıqda, Kəlbəcərin işğalı yalnız bölgə üçün deyil, bütün Azərbaycan üçün böyük faciə idi. Cənab Prezident qeyd etdi ki, bu işğal strateji baxımdan Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi əlaqə yaratmışdı: “Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş ‘Dağlıq Qarabağ’ arasında bağlantı yaratdı.” Kəlbəcərin azad edilməsinin strateji əhəmiyyət hərbi, diplomatik və milli təhlükəsizlik baxımından nə qədər vacib olduğunu göstərir.
Azərbaycanın haqq işi uğrunda mübarizəsi yalnız torpaqların azad olunması deyil, həm də milli iradənin təntənəsidir. Ölkə başçısı bildirdi ki, 2003-cü ildən başlayaraq danışıqlar və diplomatik səylər yalnız görüntü xarakteri daşımış, həqiqi nəticə verməmişdi. Minsk Qrupunun da fəaliyyəti yalnız səfərlər etməkdən, öz şərtlərini diqtə etməkdən ibarət olmuş, nəticədə problem həll olunmamış qalmışdı. Cənab İlham Əliyev vurğuladı ki, belə olduğu təqdirdə, Azərbaycan həm güclü ordu qurmuş, həm də beynəlxalq səviyyədə öz mövqeyini tanıtmışdır: “Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.”
Tarixi faciələr, xüsusilə Xocalı soyqırımı və Kəlbəcərə qarşı kütləvi dağıdıcı hərəkətlər də çıxışın diqqət mərkəzində idi. “Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək,” — dedi dövlət başçısı. Bu xatırlatma yalnız tarixi fakt deyil, həm də gələcək nəsillərə vətənpərvərlik və ayıq olma mesajıdır.
Kəlbəcərin azad edilməsi yalnız hərbi əməliyyat və strateji planlarla deyil, həm də xalqın birliyi ilə mümkün olmuşdur. Prezident xatırlatdı ki, 2020-ci ilin sonunda Kəlbəcərin hərbi yolla azad edilməsi ağır itkilərlə nəticələnə bilərdi. Buna görə də, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Antiterror əməliyyatı isə separatizmin və banditizmin sonunu gətirən xüsusi bir tədbir idi. “Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində separatçı xunta kapitulyasiya aktına imza atdı,” — deyə dövlət başçısə dıqqətə çatdırdı ki, Azərbaycanın hərbi qələbəsi xalqın birliyini, igidliyini və əzmkarlığını nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi boyunca Azərbaycan ordusu və xalqı birliyini qoruyaraq əzəmətli bir qələbə qazandı. “Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik,” — dedisöyləyən Müzəffər Ali baş Komandan bu qələbənin həm də Azərbaycanın gələcəkdə sülh şəraitində inkişafı üçün zəmin yaratdığını vurğulamışdır.
Gələcəyə baxış və quruculuq mesajı da ölkə başçısının çıxışinda mühüm yer tutdu. Qeyd edilmişdir ki, Kəlbəcər şəhəri artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir, sakinlər birinci yaşayış kompleksində təhlükəsiz və rahat yaşayacaqlar. “Birinci mərhələdə ‘Böyük Qayıdış’ Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq,” — deyə cənab Prezident bildirdi ki, eyni zamanda, yollar çəkilmiş, su, işıq, qaz təmin olunmuş və minalardan təmizləmə işi aparılmışdır.
Dövlət başçısı həmçinin Azərbaycanın müdafiə gücünü, yeni hərbi texnologiyaları və strateji hazırlığı vurğuladı: “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq.” Bu, yalnız strateji məqam deyil, həm də xalqın gələcək təhlükəsizliyinə inamın ifadəsidir.
Prezident İlham Əliyevin çıxışı Kəlbəcərdəki görüşün həm tarixi, həm strateji, həm də mənəvi əhəmiyyətini ortaya qoyur. Qayıdış, quruculuq və təhlükəsizlik mesajları birləşərək Azərbaycan xalqının birliyini, qələbəsini və gələcəyə olan inamını simvollaşdırır. “Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram,” — deyə dövlət başçısı görüşün sonunda əlavə etdi. Bu sözlər tarixi zəfərin, milli birliyin gələcəyə ümidin və qalib strateqin xalqla həmrəyliyinin ifadəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025