Mobil versiya
Qalib Rəhimli: Prezident İlham Əliyevin Türkmənistan səfəri türk dünyasının həmrəyliyinə yeni nəfəs verdi
Tarix: 23-08-2025 | Saat: 13:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Qalib Rəhimli: Prezident İlham Əliyevin Türkmənistan səfəri türk dünyasının həmrəyliyinə yeni nəfəs verdi

Dövlətlərin taleyini dəyişən anlar var. Həmin anlarda qəbul edilən qərarlar yalnız bir günün yox, illərin, onilliklərin yükünü daşıyır. 22 avqust 2025-ci il məhz belə günlərdən biri oldu. Türkmənistan, Azərbaycan və Özbəkistan arasında baş tutan yüksək səviyyəli görüş sadəcə protokol tədbiri deyildi. Bu, türk dünyasının qəlbində yeni bir səhifənin açılması idi. Prezident İlham Əliyevin səsi həmin gün təkcə salonda eşidilmədi, o səs bütün Türküstan coğrafiyasına yayıldı, xalqlarımızın birliyi üçün səslənən bir manifestə çevrildi. Azərbaycan diplomatiyasının hər bir addımı strateji məqsədlər və dövlətçilik maraqları ilə ölçülür. Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri də bu baxımdan yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dünyasının gələcək inkişafının mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Çünki Azərbaycanla Türkmənistanı təkcə Xəzərin sahilləri deyil, ortaq dil, ortaq mədəniyyət və ortaq tarixi yaddaş birləşdirir. Bu birliyi isə yeni reallıqlar fonunda siyasi iradə daha da möhkəmləndirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xarici siyasətində praqmatizm və balans prinsiplərinə sadiqdir. Türkmənistanla münasibətlər bu siyasətin ən parlaq nümunələrindən biridir. Enerji resursları ilə zəngin Xəzər hövzəsində iki qardaş dövlətin əməkdaşlığı regional sabitlik və enerji təhlükəsizliyinin təminatına xidmət edir. Bu gün Bakı ilə Aşqabad arasında imzalanan sənədlər, xüsusilə energetika, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, əslində yeni bir strateji körpünün inşası deməkdir. Azərbaycan dövlət başçısının səfəri göstərdi ki, Xəzər sadəcə dəniz deyil, həm də yeni bir əməkdaşlıq məkanıdır. Burada formalaşan münasibətlər milli maraqlar üzərində qurulmaqla yanaşı, həm də regionun iqtisadi gələcəyini müəyyənləşdirir. Prezident İlham Əliyevin bu baxımdan irəli sürdüyü təşəbbüslər Türkmənistan tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin başçısı bəyanatında daha bir incə məsələni də diqqətə çatdırdı: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür”.

Türkmənistan səfəri, eyni zamanda, türk dövlətlərinin birliyinə strateji dəstəkdir. Bu gün Türk Dövlətləri Təşkilatının qlobal miqyasda nüfuzu artır, onun siyasi, iqtisadi və mədəni gücü beynəlxalq münasibətlərdə mühüm faktor kimi qəbul olunur. Azərbaycan və Türkmənistanın bu təşkilatdakı əməkdaşlığı, şübhəsiz ki, bütövlükdə türk dünyasının möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin səfəri həm də bir mesajdır: Xəzərin hər iki sahilində yerləşən qardaş ölkələr öz gələcəklərini ortaq maraqlar əsasında qurmaqda qərarlıdır. Bu qərarlılıq isə nəinki regional sabitlik, həm də Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına yol açır. Azərbaycan və Türkmənistanı birləşdirən əsas sahələrdən biri enerji sektorudur. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının rasional istifadəsi və beynəlxalq bazarlara çatdırılması məsələsində iki ölkənin ortaq mövqeyi mövcuddur. Transxəzər layihələri, enerji dəhlizlərinin diversifikasiyası və Avropa bazarlarına çıxış imkanları qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bununla yanaşı, Bakı ilə Aşqabad arasında nəqliyyat sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Azərbaycan Orta Dəhlizin aparıcı ölkələrindən biridir və Türkmənistanla bu sahədə inteqrasiya həm regional ticarətin, həm də Şərq-Qərb bağlantılarının möhkəmlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin səfəri zamanı əldə olunan razılaşmalar bu perspektivi daha da gücləndirdi.

Siyasi və iqtisadi məsələlərlə yanaşı, Azərbaycanla Türkmənistan arasında humanitar sahədə əməkdaşlıq da xüsusi önəm daşıyır. İki xalqı birləşdirən dərin köklər, ədəbiyyat, musiqi və mədəniyyət sahəsindəki ortaq dəyərlər dövlətlərarası münasibətlərin davamlılığını təmin edir. Prezident İlham Əliyevin səfərində bu məsələlərin gündəmə gətirilməsi göstərir ki, Bakı üçün diplomatiya təkcə iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda mənəvi bağların möhkəmlənməsi də əsas hədəflərdən biridir. Azərbaycan Prezidenti Türkmənistan səfərində bir daha nümayiş etdirdi ki, ölkəmizin xarici siyasət kursu regional sabitliyə və qarşılıqlı hörmətə əsaslanır. Xəzər hövzəsində balanslı siyasət yürütmək, qonşu dövlətlərlə əməkdaşlıq etmək və qarşılıqlı maraqlar əsasında strateji tərəfdaşlıq qurmaq Azərbaycanın mövqeyini gücləndirir. Səfərin nəticələri göstərdi ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu əməkdaşlıq türk dünyasının birliyinə, Avrasiya məkanında yeni nəqliyyat və enerji xəritələrinin formalaşmasına və ümumilikdə beynəlxalq münasibətlərdə yeni güc balansının yaranmasına xidmət edir. Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan diplomatiyasının ardıcıl və uzaqgörən siyasətinin bariz göstəricisidir. Bu səfər Xəzər dənizində yeni əməkdaşlıq körpülərinin inşasına, türk dünyasının strateji gücünün artmasına və regional sabitliyin möhkəmlənməsinə xidmət edən tarixi hadisə kimi yadda qalacaq. Beləliklə Türkmənistanı Türkmənbaşı şəhəri avqustun 22-də tarixi bir hadisəyə şahidlik etdi. Türkmənistan, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək səviyyəli görüşü yalnız bir diplomatik addım deyildi. Bu, Türk dünyasının siyasi gələcəyinə yazılan yeni səhifə idi. Prezident İlham Əliyev bəyanatında Özbəkistanla bağlı xüsusi vurğuladı ki, “Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir”. Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi bir daha sübut etdi ki, bizim siyasətimiz milli maraqlar üzərində qurulmaqla yanaşı, həm də qlobal proseslərə töhfə verən, ədalətə və əməkdaşlığa əsaslanan yol xəritəsidir. Türkmənistan səfəri isə bu xəritədə yeni və parlaq bir səhifə acid.

Tarix boyu böyük yolçuluqlar kiçik addımlarla başlayır. Bu gün atılan addım isə həm tarixin, həm də gələcəyin addımıdır. Prezident İlham Əliyevin sözləri bizə bir daha göstərdi ki, türk dövlətlərinin birliyi artıq romantik ideya yox, reallığın özüdür. Xəzərin sahilindən Amudərya vadisinə qədər uzanan bu əməkdaşlıq sabah Orta Asiyanın, bütövlükdə türkün coğrafiyasının sülh, sabitlik və tərəqqi sütununa çevriləcək. Bu birliyin arxasında xalqlarımızın qardaşlıq ruhu, dövlət başçılarının siyasi iradəsi və gələcəyə sonsuz inamı dayanır. İndi biz əminliklə deyə bilərik ki, 22 avqust görüşü gələcəyin böyük dastanının başlanğıcı oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025