Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini tam bərpa etdi”
Tarix: 15-09-2025 | Saat: 11:26
Bölmə:--- | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini tam bərpa etdi”

“İki il bundan əvvəl Azərbaycan beynəlxalq konvensiyalarla tanınmış legitim hüququndan istifadə edərək, keçirdiyi bir günlük hərbi əməliyyat nəticəsində özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu gün biz əminliklə deyə bilərik ki, Dövlət suverenliyinin tam bərpası əməliyyatının keçirilməsi həm də ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması üçün zəruri idi. Bəzi anti-Azərbaycan əhval-ruhiyyəli Qərb dövlətləri ölkəmizi beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması ilə nəticələnmiş həmin hadisəyə görə qınamağa çalışsalar da qlobal miqyasda dünya ölkələri Azərbaycanın bu addımını təqdir edir və əldə olunmuş nəticələri yüksək qiymətləndirirlər. Artıq dünya bu faktı da qəbul edir ki, əgər Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə məlum Qərb dairələri qərəzli mövqelərdə durmasaydılar və Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etsəydilər bu zaman nə 2020-ci ildə ölkəmizin apardığı II Qarabağ savaşına, nə də 2023-cü ildə suverenliyin bərpası əməliyyatının keçirilməsinə heç bir ehtiyac qalmazdı. Yalnız münaqişənin sülh yolu həlli imkanlarının artıq tam tükəndiyinə əmin olduqdan sonra Azərbaycan Vətən müharibəsinə başladı və cəmi 44 günə parlaq tarixi Qələbə qazanaraq, onilliklər boyunca uzanan problemi həll etdi. Lakin Ermənistan bundan sonra da növbəti üç il ərzində özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı. Onların mütəmadi törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Buna görə də Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin qarşısını birdəfəlik almaq üçün 2023-cü il sentyabr ayının 19-da Dövlət suverenliyinin tam bərpası əməliyyatına başladı və cəmi bir günə qarşısına qoyduğu bütün məqsədlərinə nail oldu.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili Azərbaycanın hətta suverenliyin bərpası əməliyyatının gedişində belə qarşı tərəflə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan etdiyini diqqət mərkəzinə çəkərək ölkəmizin sülməramlı niyyətini bir daha vurğulayıb: “Bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan hətta hərbi əməliyyatların gedişi zamanı da Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvətini davam etdirirdi. Əlbəttə ki, qarşı tərəf bunun üçün müəyyən şərtlərə əməl etməli idi. İstənilən an qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldıraraq bütün silahları təhvil versəydilər və qanunsuz separatçı rejim özünü buraxdığını bəyan etsəydi, Azərbaycan dərhal əməliyyatları dayandıracaqdı. Lakin separatçı rejim buna könüllü getmədi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə Şanlı Ordumuz bir sutkadan da az bir vaxta düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Bu gün isə artıq bütün dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı möhtəşəm quruculuq işlərini heyranlıqla müşahidə edir və ölkəmizin regionda yaratdığı yeni geo-siyasi reallıqların qlobal əhəmiyyətini yüksək dəyərləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2025