Mobil versiya
Dövlətçiliyimizin və müstəqilliyimizin simvolu
Tarix: 09-11-2025 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər

Dövlətçiliyimizin və müstəqilliyimizin simvolu

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Bayraq bir millət üçün nəfəsdir, istiqlaliyyətin səsidir, milli heysiyyətin və dövlətçilik ruhunun ən müqəddəs rəmzidir! Uğrunda minlərlə şəhid verilmiş Vətənin qürur mənbəyi olan üçrəngli bayrağımız milli identikliyin ən saf təzahür forması, millətin varlığının sarsılmaz sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarının qəlb süzgəcindən keçən Türkçülük, İslamçılıq və Müasirlik düsturunu özündə ehtiva edən bu üç rəng 1918-ci il noyabrın 9-da Bakıda ilk dəfə ucaldıldı. Lakin xalqın o qısa xoşbəxtliyi bolşevik işğalı ilə yarımçıq qaldı. Bayraq endirildi, lakin milli ruhumuz, mübarizə əzmimiz heç vaxt sönmədi, ürəklərdə yenidən yüksəlmək arzusu ilə yaşadıq.
Yetmiş illik intizardan sonra üçrəngli bayrağın yenidən göylərə qaldırılması Ulu Öndər Heydər Əliyevin böyük cəsarəti və tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın Ümummilli Liderinin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı cəsarətli addımlar Azərbaycanın tarixində silinməz izlər buraxdı. Məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi təsdiq edildi. Bu, kommunist hökmranlığının ən qatı dövründə atılmış və Azərbaycanın müstəqilliyə aparan yolunu işıqlandıran əsl liderlik, qorxmazlıq nümunəsi idi. Bir az sonra, 1991-ci ilin fevralında həmin vəsatətə əsasən, bu müqəddəs bayraq rəsmi olaraq bütün Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildi. Ulu Öndərin xalqı bayrağa sevgi və sitayişə çağıran dəyərli sözləri isə hər bir vətəndaşın şüarına çevrildi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir... Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.” Cənab Prezident İlham Əliyev tam haqlı olaraq vurğulamışdır ki, Ulu Öndərin rəhbərliyi altında Naxçıvanda qəbul edilən o qərar “Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”

Bu böyük siyasi kursun layiqli və Müzəffər davamçısı olan cənab Prezident İlham Əliyevin dövlət atributlarına ehtiramı vətən sevgisinin ən ali təzahürüdür. O, 2007-ci ildə Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncamla, 2009-cu ildə isə 9 Noyabr – Dövlət Bayrağı Günü kimi təsis etməklə, bu müqəddəs rəmzi xalqın həyatının əziz bir hissəsinə çevirdi. Lakin Müzəffər Ali Baş Komandanın ən böyük, ən qətiyyətli və ən tarixi vədi Qarabağla bağlı idi. İllər öncə bütün dünyaya bəyan etdiyi o sarsılmaz inam dolu ifadə: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq,” – sözləri 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında şanlı reallığa çevrildi! Bütün dünya şahid oldu ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi qələbələr torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Şəhidlərimizin qanı, qəhrəman oğullarımızın misilsiz fədakarlığı və cənab Prezident İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində bayrağımız 30 illik həsrətə son qoyaraq doğma yurdlarımıza geri döndü.
Bu gün artıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Şərqi Zəngəzurda... əbədi və əzəli torpaqlarımızın hər bir guşəsində üçrəngli Zəfər bayrağımız qürurla dalğalanır. O, tək qələbənin deyil, həm də milli ləyaqətin bərpasının, xalqın intiqamının gerçəkləşməsinin rəmzidir. Bu bayraq, “Qarabağ Azərbaycandır”! kəlamının tarixdə əbədi möhürlənmiş canlı təcəssümüdür. Bayrağımız – qürurumuz, canımız, ürəyimizdir. O, işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq və Ulu Öndərin təməlini qoyduğu, Cənab Prezident İlham Əliyevin Zəfər yürüşü ilə ucaltdığı milli birliyimizin və dövlətimizin qüdrətinin sonsuzluğuna şahidlik edəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-12-2025