Mobil versiya
19 saylı Jek-in "özəlləşməmiş" eşqi və ya "öz evində kirayənişin" dramı
Tarix: 20-01-2026 | Saat: 09:41
Bölmə:Gündəm / Ölkə / Özəl | çapa göndər

19 saylı Jek-in "özəlləşməmiş" eşqi və ya "öz evində kirayənişin" dramı

Yasamalın dar küçələrindən tutmuş, hündür mərtəbəli binalarının qaranlıq bloklarına qədər bu günlərdə bir kabus dolaşır – əlində köhnə, kəsik-kəsik sarı qəbzlər və qoltuğunda sovetdənqalma qalın dəftərlər olan "19 saylı MİS cəngavərləri". Bu adamlar elə bir əzmlə qapı-qapı gəzib "mənzil kirayəsi" dilənirlər ki, sanki Bakının bütün binalarının bünövrəsini öz maaşları ilə töküblər, sementini də evdən gətirdikləri vedrələrlə qarışdırıblar. Amma ortada çox sadə, həm də çox gülməli bir paradoks var: adamın mülkiyyətində olan, "çıxarışı" (kupçası) cibində olan öz şəxsi evinə görə gəlib ondan kirayə pulu istəyirlər. Bu, təxminən ona bənzəyir ki, gedib mağazadan kostyum alırsan, pulunu qəpiyinə qədər ödəyirsən, amma hər səhər mağaza müdiri qapına gəlib deyir ki, "kostyumu geyindiyin üçün mənə gündəlik kirayə haqqı verməlisən".

Həmin o "bac" yığanların qarşısında qanun kitabını açanda isə dərhal rəngləri ağarır, çünki əslində hər şey ağ kağız üzərində qara hərflərlə illərdir yazılıb. Nazirlər Kabinetinin hələ 2000-ci ildə qəbul etdiyi o məşhur 141 nömrəli qərarı var ki, orada "mənzil kirayəsi" anlayışı yalnız və yalnız Dövlət Mənzil Fonduna aid olan mənzillər üçün nəzərdə tutulub. Yəni ev dövlətindirsə, dövlət sənə onu kirayə verib, buyur, o simvolik iki qəpiyini ödə. Amma evin kupçası varsa, o mənzil artıq dövlətin deyil, mülkiyyətçisinindir. Mülkiyyətçi isə öz evində kirayənişin ola bilməz – bu həm hüququn, həm də məntiqin təhqiridir. 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsi də bu "JEK eşqini" çoxdan dəfn edib, amma görünür, 19 saylı MİS-in əməkdaşları hələ də 80-ci illərin sonunda ilişib qalıblar, zamanın sürətindən bixəbərdirlər.

Yasamalın bu fədakar "yığımçıları" qapıda dayanıb "binaya baxırıq" deyəndə adamın gözü önünə rəngi solmuş bloklar, pişiklərin sığınacağına çevrilmiş zirzəmilər və pasdan çürüyən borular gəlir. Onların "baxmaq" fəlsəfəsi çox dərindir: uzaqdan binaya baxırlar və bina hələ də aşmayıbsa, deməli xidmət göstərirlər. Əslində isə mülkiyyətçi ilə JEK arasında heç bir yazılı müqavilə yoxdursa, ortada göstərilən real bir xidmət yoxdursa, ortada heç bir ödənişdən də söhbət gedə bilməz. JEK-lərin qanuni olaraq yığa biləcəyi tək bir şey var, o da məişət tullantılarının daşınması, yəni "zibil pulu"dur ki, onun da qiyməti Nazirlər Kabinetinin qərarı ilə adambaşına cəmi 30 qəpikdir. Amma onlar israrla kvadratmetr davası döyürlər, sanki evin hər santimetrində bunların bir barmaq izi var.

Vətəndaşın canını boğazına yığan bu qanunsuz "reydlər" əslində sistemin necə absurd bir nöqtəyə gəldiyinin göstəricisidir. Bir qurum ki, öz varlığını qanunsuz yığımlar üzərində qurur, onun gələcəyi elə o köhnə qəbz kağızları kimi cırılıb atılmağa məhkumdur. Yasamal sakinləri isə daha bu "dilənçi" üslublu yığımlardan yorulublar. Qanunu bilməyənlərə qanun dərsi keçmək lazımdır: mülkiyyət toxunulmazdır, kupçalı evdə kirayə haqqı isə sadəcə hüquqi bir cəfəngiyyatdır. Odur ki, növbəti dəfə qapınız döyüləndə onlara pul yox, qanun maddələrini uzadın – görün o zaman o sarı qəbzləri hara gizlədəcəklər.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2026