Mobil versiya
Göydəniz Qəhrəmanov: “Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması ədalətin təmin edildiyini göstərən güclü siyasi və mənəvi mesajdır”
Tarix: 25-02-2026 | Saat: 20:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması ədalətin təmin edildiyini göstərən güclü siyasi və mənəvi mesajdır”

“26 Fevral – Xocalı soyqırımı Azərbaycan tarixində yalnız bir faciə günü deyil, eyni zamanda iki əsrə yaxın müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik nifrət və zorakılıq siyasətinin kulminasiya nöqtəsidir. Xocalıda baş verənlər təsadüfi hərbi hadisə deyil, milli mənsubiyyətinə görə dinc əhalinin hədəfə alındığı sistemli cinayətin bariz nümunəsidir. Bu hadisə Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxmaqla yanaşı, regionda uzun illər davam etmiş münaqişənin mahiyyətini açıq şəkildə ortaya qoymuşdur. 1992-ci ilin fevralında Xocalı şəhərinə edilən hücum beynəlxalq humanitar hüququn bütün əsas prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Hərbi əməliyyatların aparılması zamanı mülki əhalinin qorunması ilə bağlı öhdəliklər qətiyyən nəzərə alınmamış, nəticədə şəhər faktiki olaraq yer üzündən silinmişdir. Xocalının sosial infrastrukturu, təhsil və mədəniyyət ocaqları, tarixi-memarlıq irsi məqsədli şəkildə məhv edilmiş, bu isə təkcə insanlara deyil, bütöv bir mədəniyyətə qarşı yönəlmiş cinayət xarakteri daşımışdır. Maddi dağıntılarla yanaşı, Xocalı faciəsi Azərbaycan cəmiyyətinin mənəvi həyatında da sağalmaz yaralar açmışdır.”

Bu sözləri aia.az-a Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Öz açıqlamasında deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Xocalı hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi bu faciənin bütün dünyada tanınması yolunda mühüm dönüş nöqtəsi olmuşdur:“Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü ildə qəbul etdiyi qərar Xocalı faciəsini yalnız milli yox, bəşəri miqyasda ağır cinayət kimi təqdim etmiş, məsələnin beynəlxalq gündəmdə saxlanılması üçün əsas yaratmışdır. Eyni zamanda, hər il fevralın 26-da ölkə üzrə elan edilən sükut dəqiqəsi faciənin unudulmaması, şəhidlərin xatirəsinə ehtiram və milli həmrəyliyin ifadəsi kimi mühüm məna daşıyır. Xocalı soyqırımının hüquqi aspektdən təhlili göstərir ki, burada beynəlxalq cinayət hüququnun “soyqırımı” anlayışını formalaşdıran bütün əsas elementlər mövcuddur. Mülki əhaliyə qarşı zor tətbiqi, müəyyən etnik qrupa mənsubluğa görə hədəfləmə və xüsusi niyyət amili bu hadisənin sıradan müharibə cinayəti deyil, daha ağır kateqoriyaya aid olduğunu təsdiqləyir. Məhz bu səbəbdən Xocalı faciəsi bir çox tədqiqatlarda insanlıq tarixinin ən ağır cinayətləri ilə müqayisə olunur və XX əsrin sonlarında bəşəriyyətin vicdanını sınağa çəkən hadisələrdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar Azərbaycanın ardıcıl və prinsipial siyasətinin nümyişidir. Müxtəlif ölkələrin parlamentləri tərəfindən qəbul edilən sənədlər tarixi ədalətin bərpası yolunda mühüm nailiyyət olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin məsələyə münasibətində keyfiyyət dəyişikliyindən xəbər verir. Bu prosesdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası xüsusi rol oynayaraq, informasiya boşluğunun aradan qaldırılmasına və qlobal maarifləndirməyə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Otuz il işğal altında qalan torpaqların azad edilməsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Xocalı qurbanları da daxil olmaqla bütün şəhidlərin xatirəsinə verilən tarixi cavab oldu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması ədalətin gec də olsa təmin edildiyini göstərən güclü siyasi və mənəvi mesajdır. Bu gün Xocalı soyqırımının anılması yalnız keçmişə baxış deyil, həm də gələcəyə məsuliyyət çağırışıdır. “Ana harayı” abidəsi önündə keçirilən kütləvi anım mərasimləri cəmiyyətin tarixi yaddaşa sadiqliyini, ədalət və həqiqət uğrunda mübarizənin davamlı olduğunu nümayiş etdirir. Xocalı həqiqətlərinin yaşadılması Azərbaycanın milli kimliyinin, dövlətçilik şüurunun və beynəlxalq ədalət axtarışının ayrılmaz hissəsi olaraq qalır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026