Mobil versiya
Eltun Süleymanov: "Azad edilmiş torpaqda ucalan memorial ədalətin təntənəsidir"
Tarix: 26-02-2026 | Saat: 21:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov: "Azad edilmiş torpaqda ucalan memorial ədalətin təntənəsidir"

26 fevral səhəri Xocalıda təkcə bir abidənin açılışı olmadı. O gün illərlə sinəsində yanğı gəzdirən bir xalq öz sözünü yenidən dedi. O söz yaddaş idi. O söz ədalət idi. O söz Qələbə idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edərkən tribunadan səslənən fikirlər təkcə rəsmi bəyanat deyildi – bu, 34 illik ağrının, 30 illik həsrətin və 44 günlük iradənin yekun ifadəsi idi.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz onu da deyib ki, Xocalı – XX əsrin ən qanlı səhifələrindən biridir. Bir gecənin içində yüzlərlə günahsız insanın həyatına son qoyuldu. Uşaqlar, qadınlar, qocalar amansızlıqla qətlə yetirildi. Onların taleyi tarix kitablarında rəqəm deyil, bir millətin yaddaşına həkk olunmuş yaradır. Cənab Prezident çıxışında faciəni açıq və qəti şəkildə adlandırdı – dövlət səviyyəsində törədilmiş cinayət-dedi. . Bu, emosional ittiham deyil, siyasi mövqedir. Bu, unutmağa qoymayan, unutdurmağa imkan verməyən mövqedir. Vaxtilə bu həqiqətləri dünyaya anlatmaq asan deyildi. İnformasiya müharibəsi ən az səngər savaşı qədər ağır idi. Məhz bu mərhələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası bir çağırışdan daha artıq məna qazandı. Fondun vitse-prezidenti Leyla Əliyevanin rəhbərliyi ilə keçirilən tədbirlər, konfranslar, təqdimatlar Xocalının səsini qitələrə çatdırdı. Əgər o illərdə bu səs ucalmasaydı, bəlkə də həqiqət duman içində qalacaqdı. Amma qalmadı. Çünki xalq susmadı. Cənab Prezidentin çıxışında ən güclü cümlələrdən biri bu idi. Bu sözün arxasında uzun illərin hazırlığı dayanırdı – iqtisadi dirçəliş, ordu quruculuğu, diplomatik səylər. 44 gün davam edən Vətən müharibəsi təkcə torpaq uğrunda döyüş deyildi. O, milli ləyaqətin bərpası idi. O, “reallıqla barışın” deyənlərə verilən cavab idi. O, “bacarmazsınız” deyənlərə göstərilən iradə idi. Sonra isə 2023-cü ilin antiterror əməliyyatı… Bir neçə saatın içində separatizmin kökü kəsildi. Suverenlik tam bərpa olundu. Tarix öz yerini tapdı.
Cənab Prezident çıxışında bir məqama toxundu ki, bu, mərasimin ən duyğulu anlarından biri idi. Memorialın layihəsi illər əvvəl hazır idi. Onu Bakıda da tikmək olardı. Lakin bir hiss, bir inam buna imkan verməmişdi. O inam bu idi: gün gələcək, memorial Xocalının özündə ucalacaq. Və o gün gəldi. Bu fakt təkcə tikinti qərarı deyil. Bu, siyasi iradənin, səbirli strategiyanın və sarsılmaz əqidənin nəticəsidir. Cənab Prezident açıq mesaj verdi: bu gün dövlət güclüdür. Heç kim bu torpaqda təxribat haqqında düşünməsin. Amma bu güc təkcə hərbi güc deyil. Bu, həm də mənəvi gücdür. Çünki Azərbaycan Ordusu müharibəni müharibə qaydaları ilə apardığını bəyan etdi və buna əməl etdi. Mülki əhaliyə qarşı savaşmadı. Qisas döyüş meydanında alındı. Bu fərq xalqın mənəvi üstünlüyünü daha da möhkəmləndirdi. Memorial Kompleksin açılışında Xocalı sakinləri də iştirak edirdi. Onların gözlərində həm kədər, həm də qürur vardı. Onlar yaxınlarını itirdilər, yurdlarını itirdilər, amma inamlarını itirmədilər. Cənab Prezidentin sözləri ilə desək, bu memorial silinməz yaddaşın təcəssümüdür. Bu abidə keçmişi unutmağa qoymayacaq, gələcək nəsillərə həqiqəti danışacaq, dövlətə və orduya inamın rəmzi olacaq.

Bir zamanlar Xocalı adı yalnız ağrı ilə çəkilirdi. Bu gün isə o ad həm də Qələbənin ünvanıdır. Azad edilmiş torpaqda ucalan memorial ədalətin gec də olsa təntənə etdiyini göstərir. Xocalı artıq təkcə matəm günü deyil. O, milli dirçəlişin, sarsılmaz ruhun və dövlət iradəsinin simvoludur. Gec də olsa tarix yazıldı. Yaddaş qorundu. Ədalət təmin olundu. Xocalıda ucalan abidə bu həqiqətin daşlaşmış ifadəsidir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026