Mobil versiya
Azər Kərimli: “Azərbaycan öz tarixini unutmur, törədilən cinayətləri bağışlamır”
Tarix: 27-02-2026 | Saat: 10:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Azərbaycan öz tarixini unutmur, törədilən cinayətləri bağışlamır”

“Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətçiliyinin yaddaşa, tarixə və ədalətə verdiyi dəyərin parlaq ifadəsidir. Cənab Prezident İlham Əliyevin ailəsi ilə birgə iştirak etdiyi bu mərasim bir daha sübut etdi ki, Xocalı faciəsi təkcə bir şəhərin, bölgənin deyil, bütün xalqın taleyinə yazılmış ağrıdır. Dövlət başçısının mərasimdəki çıxışında səsləndirdiyi fikirlər, bu ağrının artıq təkcə hüznlə deyil, qürur və milli ləyaqətlə anıldığını göstərdi. Çünki bu gün Xocalı azaddır, ədalət isə öz yerini tapıb. Əlbəttə ki, Xocalıda törədilənlər unudula biləcək hadisə deyil. Bu, məqsədli şəkildə dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğın idi. Günahsız insanların amansızcasına qətlə yetirilməsi, ailələrin məhv edilməsi, bəşər tarixinin ən ağır cinayət hadisələrindəndir. Bu faciənin üzərindən zaman keçsə də, onun hüquqi və mənəvi məsuliyyəti heç vaxt aradan qalxmayacaq.”

Bu fikirləri aia.az-a 26 fevral Xocalı Faciəsi Günü ilə bağlı verdiyi açıqlamada Milli Məclisin deputatı Azər Kərimli ifadə edib.


Millət vəkili daha sonra Prezident İlham Əliyevin 2023-cü ilin antiterror əməliyyatını əsaslandıran amillərlə bağlı səsləndirdiyi fikirlərə diqqət yönəldib: “Vətən müharibəsinin nəticələrindən Ermənistan dövlətinin dərs almaması üç il sonra Azərbaycanın yenidən hərbi əməliyyat keçirməsini tarixi zərurətə çevirdi. Halbuki 2020-ci ilin Zəfərindən sonra Azərbaycan dövləti dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə mesaj vermişdi ki, bu məsələdə heç kimə güvənməsinlər, heç kimə bel bağlamasınlar. Cənab Prezident öz çıxışında bu vacib məqamları bir daha xatırlatdı. Xarici ölkələrin hərbçilərinin bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşməsi Azərbaycanı öz məqsədlərindən çəkindirə bilməz. Azərbaycan dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdi ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Lakin qarşı tərəf nəinki adekvat cavab vermir, əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşırdı. Buna görə də Azərbaycan bir neçə saat ərzində davam edən antiterror əməliyyatını həyata keçirdi və öz gücünü bunu bütün dünyaya göstərdi. Qarabağda separatçı rejimin ləğvi və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin məhkəmə qarşısına çıxarılması göstərdi ki, Azərbaycan dövləti öz xalqının haqqını qorumaqda qətiyyətlidir. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, peşəkarlığı və fədakarlığı bu tarixi nəticənin əsas dayağı oldu. Cənab Prezidentin fikirlərindən aydın şəkildə hiss olunurdu ki, bu qələbə təkcə hərbi üstünlük deyil, həm də mənəvi üstünlükdür. Bu gün Xocalıda ucalan Memorial Kompleks bütün dünyaya mesaj verir: Azərbaycan öz tarixini unutmur, törədilən cinayətləri bağışlamır və gələcək nəsillərin təhlükəsizliyi naminə hər zaman güclü olmağı seçir” – deyə, Azər Kərimli açıqlamasını baş çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026