Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycan regional sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən güclü dölətdir”
Tarix: 27-02-2026 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycan regional sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən güclü dölətdir”

“Fevralin 26-da Xocalı şəhərində cənab Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki tarixi çıxışı, Azərbaycanın həm ən dərin milli kədərini, həm də tarixdə misli görünməmiş ədalət zəfərini bütün dolğunluğu ilə özündə ehtiva edir. İki il əvvəl təməli qoyulan bu möhtəşəm kompleksin bu gün məhz azad olunmuş Xocalıda qərar tutması, sadəcə bir memarlıq abidəsinin açılışı deyil, otuz iki illik bir ağrının ləyaqətli bir qələbə və tarixi ədalətlə taclanmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu kompleksin layihəsi çoxdan hazır olsa da, onun məhz Bakıda deyil, Xocalının öz torpağında ucaldılması daxili bir inamın və sarsılmaz iradənin nəticəsi idi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Xocalı soyqırımının Ermənistan dövləti və erməni faşistləri tərəfindən Azərbaycan xalqına, bəşəriyyətə və bütün insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu vurğulayan partiya sədri bir gecədə 600-dən çox günahsız insanın, o cümlədən 106 qadın və 63 uşağın qəddarcasına qətlə yetirilməsini, 150 nəfərin itkin düşməsini yaddaşımızdan heç vaxt silinməyəcək bir yara olduğunu qeyd edib: “İşğaldan sonra bəzi şəhidlərimizin qalıqlarının tapılaraq torpağa tapşırılması bu vəhşiliyin izlərini bir daha bütün dünyaya göstərdi. Lakin bu gün həmin günahsız qurbanların qanı yerdə qalmayıb. Azərbaycan xalqı ədalətə doğru addım-addım, qətiyyətlə irəliləyərək bu cinayəti törədənləri məhkəmə qarşısına gətirməyə nail olmuşdur. Əli Azərbaycan xalqının qanına batmış quldurların, separatçı liderlərin Bakıda mühakimə olunması ədalətin tam və qəti təntənəsidir. Bu tarixi zəfərə və mənəvi ucalığa gedən yol uzunmüddətli və sistemli mübarizədən keçmişdir. Heydər Əliyev Fondunun yarandığı gündən etibarən, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu cinayətin dünya miqyasında tanıdılmasında dönüş nöqtəsi oldu. Ermənistanın və onun arxasında duran havadarların bu qanlı faciəni ört-basdır etmək, hətta günahı Azərbaycanın üzərinə atmaq cəhdləri məhz bu inadkar təbliğat və həqiqət carçılığı nəticəsində iflasa uğradı. Bu gün 20-yə yaxın ölkənin Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıması, illərlə çəkilən zəhmətin və milli birliyin diplomatik müstəvidə qazanılan böyük uğurudur. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm ədalətli müharibədə tam qələbə qazanıb, həm də öz ərazi bütövlüyünü hər qarış torpağını azad edərək özü təmin edib. İşğal dövründə bizə edilən saysız-hesabsız xarici təzyiqlərə, “reallıqla barışın” deyən diplomatik təhdidlərə baxmayaraq, Azərbaycanın əyilməz iradəsi bütün uydurulmuş şayiələri darmadağın etdi. 44 günlük Vətən müharibəsi və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu. Bu, erməni separatçılığının tabutuna vurulan son mismar, Xocalı qurbanlarının ruhuna verilən ən böyük hesabat idi. Cənab Prezident İlham Əliyevin nitqində yer alan ən mühüm məqamlardan biri də Azərbaycan əsgərinin ləyaqətidir. Biz erməni vəhşilərindən fərqli olaraq, müharibəni döyüş meydanında, hərbi etika və humanizm qaydaları çərçivəsində apardıq. Heç vaxt əliyalın mülki əhaliyə qarşı müharibə aparmadıq və bu, xalqımızı bütün dünyanın gözündə daha da ucaltdı. Şəhidlərimizin qisası döyüş meydanında alındı və bu, onların doğmaları üçün ən böyük təsəlli oldu. Memorial Kompleksin açılışında iştirak edən Xocalı sakinləri illərlə çəkdikləri ağır itki və kədərə rəğmən öz mənliklərini və dövlətə olan inamlarını qoruyub saxladılar. Bu gün ucalan bu abidə həm də həmin sarsılmaz ruhun təcəssümüdür. Sonda bir həqiqət xüsusi qeyd olunmalıdır: Azərbaycan artıq 1992-ci ilin zəif və köməksiz ölkəsi deyil. Bu gün dövlətimiz özünü müdafiə etməyə qadir olan, regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən qüdrətli bir gücdür. Xocalı faciəsini və Ermənistanın törətdiyi vəhşilikləri heç vaxt unutmayacaq, lakin gələcəyə qalib və güclü bir millət olaraq, sülh içində addımlayacağıq” – deyə, Adəm İsmayıl Bakuvi açıqlamasını başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026