Mobil versiya
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Tarix: 23-04-2026 | Saat: 21:34
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO


Binə qəsəbəsində daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunur. Qəsəbənin ildən-ilə böyüməsi və əhalinin artması torpaq sahələrinin azalmasına, nəticədə qiymətlərin artmasına səbəb olur.

aia.az xəbər verir ki, "Sitat.info"nun əməkdaşı ərazidə apardığı müşahidələr və maklerlərlə söhbətlər zamanı bu qənaətə gəlib ki, artıq qəsəbənin mərkəz hissəsində ev tikmək üçün torpaq tapmaq olduqca çətindir. Mövcud sahələrin qiyməti isə xeyli artıb. Belə ki, mərkəzə yaxın küçələrdə torpağın 1 sotu təxminən 30 min manat təşkil edir. Yolkənarı obyektlər üçün nəzərdə tutulan torpaqların sotu isə 50-70 min manat civarındadır və bu tip sahələr demək olar ki, qalmayıb.



Ev alqı-satqısı ilə məşğul olan Nicat Salmanov bildirir ki, əsas küçələr boyunca çoxsaylı restoran və kafelərin fəaliyyət göstərməsi qiymətlərin artmasına birbaşa təsir edir. Əhali artdıqca xidmət sektoruna tələbat da yüksəlir.

Qəsəbə sakinləri isə qeyd edir ki, Binənin əsas üstünlüklərindən biri şəhərə yaxınlığıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində olan yol vasitəsilə qəsəbənin ən uzaq nöqtəsindən belə şəhər mərkəzinə 15-20 dəqiqəyə çatmaq mümkündür. Bundan əlavə, qəsəbəyə iki əsas magistral yol var - beton yol və aeroport yolu ilə rahat gediş-gəliş təmin olunur.

Sakinlərin sözlərinə görə, son dövrlər Xırdalan və Masazır qəsəbələrindən Binəyə köç edənlərin sayı artıb. Buna səbəb kimi şəhərdən həmin qəsəbələrə gedən yollarda nəqliyyat sıxlığı, tıxacların həddindən artıq yaşanmasıdır.

Ekspertlər hesab edir ki, şəhərin mərkəzində aparılan söküntü işləri də Binədə qiymət artımını sürətləndirən əsas amillərdəndir. Mərkəzdə yaşayan və kompensasiya alan vətəndaşlar daha çox Bakıətrafı qəsəbələrdə fərdi evlərə üstünlük verirlər.



Qiymətlərə gəlincə, Binənin “Sovxoz” adlanan ərazisində 1 otaqlı evlər təxminən 25 min, 2 otaqlı evlər 35-40 min, 3 otaqlı evlər 55-60 min, 4 otaqlı evlər isə 60-65 min manat civarındadır. Kupçalı evlərə tələbat daha yüksək olduğundan bu kateqoriyada qiymətlər xeyli bahadır: 2 otaqlı evlər 70-75 min, 3 otaqlı evlər 77-80 min, 4 otaqlı evlər isə 105 min manata qədər yüksəlir.

Maklerlərin sözlərinə görə, torpaq sahələri son bir ildə orta hesabla 4-5 min manat bahalaşıb. Hazırda “Sovxoz” ərazisində torpağın 1 sotu 12-15 min manat civarındadır.

Beləliklə, Binə qəsəbəsində artan tələbat, əlverişli yerləşmə və şəhər mərkəzində gedən söküntü prosesi daşınmaz əmlak bazarında qiymətlər artımının davam etməsinə gətirib çıxarır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026