Mobil versiya
Azər Kərimli: “Azərbaycanın enerji diplomatiyası həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ölkəmizə ciddi üstünlüklər qazandırıb”
Tarix: 26-04-2026 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Azərbaycanın enerji diplomatiyası həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ölkəmizə ciddi üstünlüklər qazandırıb”

“Prezident İlham Əliyevin illərlə formalaşdırdığı etibarlı tərəfdaş imici bu gün Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını genişləndirməkdədir. O cümlədən, Ukrayna ilə münasibətlər də bunun mühüm nümunələrindən biri kimi nəzərdən keçirilə bilər. Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri göstərdi ki, Bakı və Kiyev arasında münasibətlər yeni məzmun qazanır. Əgər əvvəlki dövrdə bu münasibətlər daha çox siyasi həmrəylik üzərində qurulurdusa, bu gün əməkdaşlıq iqtisadiyyat, enerji, sənaye və hərbi-texniki istiqamətlərdə yeni mərhələyə keçir. Bu transformasiyanın əsasında isə dövlət başçımızın çoxşaxəli və uzaqgörən siyasəti durur.”

Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında səsləndirib.


Millət vəkili Azərbaycanın xüsusilə son illər həm enerji diplomatiyasında, həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ciddi üstünlüklər əldə etdiyini diqqət mərkəzinə gətirib: “Azərbaycan və Ukrayna liderlərinin apardıqları müzakirələrdə enerji əməkdaşlığının xüsusi vurğulanması təsadüfi deyildi. SOCAR-ın Ukraynada uğurlu fəaliyyəti artıq yalnız iqtisadi iştirak deyil, strateji tərəfdaşlığın komponentidir. Bununla yanaşı, sərmayələr, birgə layihələr və ticarət dövriyyəsinin artımı göstərir ki, münasibətlər siyasi bəyanatlar səviyyəsini çoxdan adlayıb. Xüsusilə diqqət çəkən məqam hərbi-texniki və sənaye kooperasiyası ilə bağlı perspektivlərin gündəmə gətirilməsi oldu. Bu, iki ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələ deməkdir. Azərbaycan müdafiə sənayesinin son illərdə qazandığı nailiyyətlər fonunda bu əməkdaşlıq yeni imkanlar yarada bilər. Bütün bunların arxasında Prezident İlham Əliyevin strateji baxışı dayanır. Məhz bu yanaşma Azərbaycana həm enerji diplomatiyasında, həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ciddi üstünlüklər qazandırıb. Bu üstünlüklər indi Ukrayna ilə əməkdaşlıqda da yeni nəticələr doğurur. Azərbaycan bu gün yalnız tərəfdaş seçmir, həm də əməkdaşlıq gündəliyini formalaşdırır. Bu, güclü dövlət olmanın göstəricisidir. Zelenskinin səfəri də nümayiş etdirdi ki, Azərbaycan aparıcı regional aktordan daha artıq statusa yüksəlib və Prezident İlham Əliyevin siyasəti bu yüksəlişin əsas təminatıdır. Bu baxımdan Ukrayna Prezidentinin ölkəmizə səfəri təkcə diplomatik hadisə kimi deyil, həm də ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi mərhələ kimi səciyyələndirilə bilər” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2026