Milli dövlətçilik tariximizin parlaq səhifəsi - DEPUTAT
Tarix: 26-05-2026 | Saat: 14:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

28 May – Müstəqillik Günü xalqımızın tarixində milli azadlıq ideyalarının gerçəkləşdiyi, dövlətçilik ənənələrinin yenidən dirçəldiyi və istiqlal iradəsinin bütün dünyaya bəyan edildiyi mühüm tarixi gündür. İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman aləminin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Çünki məhz həmin gün Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın əsrlər boyu yaşatdığı azadlıq ideallarının, milli dövlətçilik ənənələrinin və siyasi şüurunun məntiqi nəticəsi idi. XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən milli oyanış prosesi, ziyalıların maarifçilik fəaliyyəti və milli dirçəliş düşüncəsi xalqımızın müstəqil dövlət qurmaq əzmini daha da gücləndirmişdi. Məhz bu ideoloji və siyasi zəmin üzərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi ilə demokratik idarəçilik prinsiplərinə əsaslanan dövlət modeli formalaşdırıldı. Yeni yaradılmış respublikada insan hüquq və azadlıqlarına xüsusi önəm verildi, bütün vətəndaşların hüquq bərabərliyi təmin edildi. Həmin dövr üçün olduqca mütərəqqi hesab olunan bu addımlar Azərbaycan Xalq Cümhuriyyətinin demokratik mahiyyətini və müasir dövlətçilik düşüncəsini ortaya qoyurdu.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm dövlət quruculuğu işləri həyata keçirdi. Parlament yaradıldı, dövlət atributları təsis olundu, milli ordu formalaşdırıldı, hüquqi və idarəetmə sistemi quruldu. Dövlət bayrağının qəbul edilməsi, vətəndaşlıq institutunun yaradılması və milli ordunun təşkili dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Azərbaycan Xalq Cümhuriyyəti təhsil və maarifçilik sahəsində də mühüm addımlar atdı. Ana dilində təhsilin təşkili istiqamətində qərarlar qəbul edildi, milli məktəblərin yaradılması genişləndirildi. 1919-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin təsis olunması xalqımızın elm və təhsil tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Milli kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər gələcək inkişafın əsasını təşkil edirdi.
Cümhuriyyətin xarici siyasət sahəsində fəaliyyəti də böyük əhəmiyyət kəsb edirdi. Gənc dövlətin beynəlxalq aləmdə tanınması məqsədilə bir sıra dövlətlərlə diplomatik münasibətlər quruldu, Paris Sülh Konfransında fəal iştirak təmin edildi. Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı və bu, dövlətçilik tariximizin mühüm siyasi nailiyyətlərindən biri oldu. 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, dövlətçilik ənənələri xalqımızın yaddaşından silinmədi. Milli azadlıq ideyası sonrakı dövrlərdə də yaşayaraq müstəqillik arzularının əsas dayağına çevrildi.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ağır siyasi və iqtisadi sınaqlarla üzləşdi. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu, milli birlik gücləndirildi və dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin qeyd olunması, bu istiqamətdə tarixi irsin öyrənilməsi və təbliği istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın dövlətçilik irsinə və milli kimliyinə verilən önəmin bariz nümunəsidir. Dövlətimizin iqtisadi qüdrəti artıb, beynəlxalq mövqeyi möhkəmlənib və xalqımız tarixi Zəfərə nail olub. İşğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini nümayiş etdirir. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması müasir Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bir daha təsdiqlədi. 28 May – Müstəqillik Günü xalqımızın milli qürurunun, azadlıq əzminin və dövlətçilik iradəsinin təntənəsidir. Bu müqəddəs tarix gələcək nəsillərə müstəqilliyin dəyərini, dövlətçiliyin əhəmiyyətini və milli birliyin gücünü xatırladan əbədi bir irs olaraq yaşayacaqdır.
Asif Əsgərov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-05-2026
15:43 Nailiyətlərimiz artacaq