Mobil versiya
Taun 5500 il əvvəl də ölümcül imiş
Tarix: 19-06-2026 | Saat: 09:16
Bölmə:Dünya | çapa göndər

Taun 5500 il əvvəl də ölümcül imiş

Oksford və Kopenhagen universitetlərinin alimləri tərəfindən aparılan araşdırma tarixin ən təhlükəli yoluxucu xəstəliklərindən biri olan taun xəstəliyinin (Yersinia pestis) gözlənildiyindən çox daha qədim dövrlərdə də kütləvi ölümlərə səbəb olduğunu üzə çıxarıb.

aia.az xəbər verir ki, araşdırmaya görə, Sibirdə Baykal gölü ətrafında aparılan qazıntılar zamanı Son Neolit dövrünə aid dörd fərqli qəbiristanlıqdan götürülən insan qalıqlarının genetik analizi bölgədə təxminən 5500 il əvvəl geniş yayılmış ölümcül epidemiya olduğunu göstərib.

Bildirilir ki, bu nəticə bakteriyanın sonrakı dövrlərdə Avropa, Asiya və Şimali Afrikada böyük epidemiyalara səbəb olan birə vasitəsilə yayılma qabiliyyətini qazanmasından xeyli əvvəl də insan icmalarını məhv edə bildiyini ortaya qoyur.

Qəbiristanlıqlarda aparılan analizlərdə basdırılanların böyük hissəsinin uşaqlar olduğu müəyyən edilib. Qalıqların 65-75 faizinin 15 yaşadək şəxslərə aid olması digər ovçu-toplayıcı icmalarla müqayisədə qeyri-adi göstərici kimi qiymətləndirilib.

DNT testləri 46 nəfərdən 18-də yüksək səviyyədə taun bakteriyasının izlərini aşkarlayıb. Xüsusilə eyni ailəyə aid uşaqlarda infeksiyanın geniş yayılması kütləvi epidemiya ehtimalını gücləndirib.

Radiokarbon analizləri Sibirdə taun dalğalarının bir dəfə deyil, iki ayrı mərhələdə - təxminən 5500-5300 il və 5000 il əvvəl baş verdiyini göstərib. Alimlər bakteriyanın bu dövrlər arasında gəmiricilər vasitəsilə bölgədə “gizli dövriyyədə” qala biləcəyini ehtimal edirlər.

Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr zoonoz xəstəliklərin (heyvandan insana keçən infeksiyalar) tarix boyu nə qədər təhlükəli olduğunu göstərir və oxşar risklərin bu gün də mövcud olduğunu xatırladır.

Alimlərin qənaətinə görə, həmin dövrdə bakteriya hələ sonradan formalaşacaq birə ilə yayılma mexanizmini tam inkişaf etdirməsə də, genetik xüsusiyyətləri səbəbilə yoluxduğu insanlarda sürətli ölümə səbəb ola bilirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026