Mobil versiya
Kremlin qorxduğu başına gəlir, dəhşətli ssenari etiraf edildi: Yeni dünya düzəni məhz Rusiyanın iflası üzərində qurulur
Tarix: 19-06-2026 | Saat: 16:23
Bölmə:Dünya | çapa göndər

Kremlin qorxduğu başına gəlir, dəhşətli ssenari etiraf edildi: Yeni dünya düzəni məhz Rusiyanın iflası üzərində qurulur


Rus propoqandistlərin Rusiya cəmiyyətinə indikindən daha ağır dövrə hazırlıq çağırışlarının son vaxtlar tez-tez təkrarlanması, mövcud vəziyyətin çox qəliz olduğunun Kremldə də artıq dərk edildiyini göstərən önəmli məqamlardan biridir... Çünki Rusiyanın hazırda həm döyüş meydanında, həm siyasi-diplomatik masada, həm də qlobal iqtisadi sistemdə daha sarsıdıcı və ardıcıl zərbələrə məruz qoyulduğu artıq qətiyyən şübhə doğurmur...
Ukrayna müharibəsi ətrafında gedən proseslər son dövrlərdə yalnız hərbi əməliyyatlarla məhdudlaşmır. Çünki bu hərbi münaqişə artıq qlobal güc mərkəzləri arasında siyasi, iqtisadi və diplomatik qarşıdurmanın əsas xəttinə çevrilib. Belə ki, Rusiyanın qlobal məkanda “strateji cəhətdən sıxılması” ilə bağlı proses daha da dərinləşir, Kremlə qarşı yeni siyasi-diplomatik cəbhə formalaşır. Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi, Ukraynanın bu quruma inteqrasiya istiqamətində irəliləməsi, G7 ölkələrinin rəsmi Kiyevə əlavə dəstək paketləri hazırlaması və ABŞ-ın mümkün vasitəçilik təşəbbüsləri Kremlin qarşılaşdığı geostrateji təzyiqləri daha da artırır.

Onu da qeyd etmək laızmdır ki, Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar Kremlin beynəlxalq manevr imkanlarını daha da məhdudlaşdırmaq məqsədi daşıyır. Həmin sanksiyaların yeni hədəfləri onu göstərir ki, Avropa Birliyi artıq yalnız Rusiya iqtisadiyyatına deyil, Kremlin informasiya və siyasi təsir mexanizmlərinə də sarsıdıcı zərbələr vurmağa çalışır. Xüsusilə də, Rusiya mediası ilə əlaqəli propoqandistlərin hədəfə alınması Qərbin Ukrayna savaşını həm də informasiya müharibəsi çərçivəsinə keçirdiyini göstərir. Qərbdə hesab edirlər ki, bu hərbi qarşıdurmanın nəticəsi yalnız döyüş meydanında deyil, həm də ictimai rəy və beynəlxalq legitimlik uğrunda mübarizədə müəyyənləşə bilər.

Digər tərəfdən, Avropa Birliyinin Ukraynaya yeni maliyyə yardımı paketləri həm də Qərbin uzunmüddətli müharibə perspektivini hesabladığını göstərir. Brüssel rəsmi Kiyevin yalnız hazırkı hərbi ehtiyaclarını deyil, həm də qarşıdakı dövrdə iqtisadi və sosial dayanıqlığını da qorumağa çalışır. Və Avropa Komissiyasının G7 sammitində Ukraynaya əlavə on milyardlarla avro yardım məsələsini gündəmə gətirməsi Qərbin Ukraynaya dəstəyinin geostrateji xarakter daşıdığını birizə verir.

Təbii ki, bu proseslərin ən önəmli siyasi nəticələrindən biri isə Ukrayna və Moldovanın Avropa Birliyinə üzvlük danışıqlarında irəliləyiş əldə etməsidir. Xüsusilə də, Ukraynanın Avropa siyasi sisteminə inteqrasiya istiqamətində addımlar atması Kremlin postsovet məkanındakı ənənəvi təsir mexananizmlərinə sarsıdıcı zərbə hesab oluna bilər. Çünki Rusiya ənənəvi olaraq, Ukraynanı öz təhlükəsizlik zonasının hələ də önəmli tərkib hissəsi hesab edir. Ancaq indiki proseslər onu göstərir ki, rəsmi Kiyev getdikcə, Qərbin təhlükəsizlik və siyasi strukturlarına daha çox yaxınlaşır. Və bu isə Kreml üçün Ukrayna savaşının yalnız ərazi məsələsi deyil, həm də geopolitik təsir faktorları uğrunda amansız mübarizə olduğunu təsdiqləyir.

Ancaq bütün bunlarla yanaşı, ABŞ faktoru da Ukrayna müharibəsinin gələcək inkişaf istiqaməti baxımından, əsas dəyişkən problemlərdən biri olaraq qalır. Ona görə də, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə birbaşa görüş məsələsini israrla gündəmə gətirməsi rəsmi Kiyevin siyasi-diplomatik təşəbbüsü ələ keçirtmək cəhdi kimi görünür. Halbuki, Qərbdə Ağ Ev və Kreml arasında iki tərəfli təmaslardan ABŞ-ın Avropa üzrə müttəfiqlərinin kənarda saxlanması ilə bağlı narahatlıq hələ də aktualdır. Və belə qənaətlər var ki, əgər, Ukrayna böhranı yalnız ABŞ-Rusiya münasibətləri çərçivəsində həll olunarsa, Avropanın təhlükəsizlik maraqları tamamilə arxa plana keçirilə bilər.

Maraqlıdır ki, bütün sərt xarici təzyiqlərə baxmayaraq, Rusiya hələlik öz mövqeyini dəyişməkdən israrla yayınır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya liderləri ilə təmaslarından sonrakı açıqlamalar da onu göstərir ki, Kreml Ukrayna məsələsində əsas tələblərindən geri çəkilməyə qətiyyən hazır deyil. Və xüsusilə də, Ukraynanın Donbas bölgəsinə yönəlik ərazi iddiaları Rusiyanın “sülh prosesi” üzrə əsas şərtlərindən biri olaraq qalır.

Ancaq digər tərəfdən, G7 ölkələrinin də Rusiyanın hərbi-sənaye kompleksinə, enerji sektoruna və maliyyə imkanlarına qarşı təzyiqləri artırmaq barədə qərar verməsi Kremlə qarşı iqtisadi dayaqları zəiflətmək strategiyasının işlək olduğunu göstərir. Qərbdə hesab edirlər edir ki, Rusiyanın savaş potensialını zəiflətmək üçün mütləq Kremlin maliyyə-iqtisadi gəlirlərini və texnoloji imkanlarını bloklamaq lazımdır.
Maraqlıdır ki, NATO çərçivəsində rəsmi Kiyevə yeni böyük maliyyə dəstəyi paketinin hazırlanması da Ukrayna savaşının yaxın gələcəkdə başa çatma ehtimalına yönəlik şübhələri ciddi şəkildə artırır. Qərb siyasi dairələrinin hesablamalarına görə, Ukraynaya uzunmüddətli yardımın göstərilməsi Rusiyanın hərbi üstünlük faktorunu böyük ölçüdə əhəmiyyətdən sala bilər. Halbuki, Kremlin qarşısındakı əsas problemlər yalnız xarici təzyiqlər ilə məhdudlaşmır. Çünki müharibənin iqtisadi yükü, texnoloji məhdudiyyətlər, beynəlxalq təcrid və insan resursları ilə bağlı çətinliklər Rusiyanın ölkədaxili sabitliyinə də neqativ təsir göstərir. Və rus propoqandistlərin son vaxtlar Rusiya cəmiyyətinə indikindən daha ağır dövrə hazırlıq çağırışlarının tez-tez təkrarlanması da Kremldə vəziyyətin qəliz olduğunun artıq dərk edildiyini göstərən önəmli məqamlardan biridir.

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasında hərbi qarşıdurma deyil. Bu savaş yeni dünya nizamının formalaşdığı, ABŞ, Avropa Birliyi, Rusiya və digər qlobal aktorların gələcək təhlükəsizlik modelini müəyyənləşdirməyə çalışdığı böyük geopolitik mübarizənin tərkib hissəsidir. İndiki mərhələdə Rusiyanın üzləşdiyi təzyiqlər artsa da, bu hərbi qarşıdurmanın son nəticəsi hələ qeyri-müəyyən olaraq qalır. Və hazırda Rusiyanın həm döyüş meydanında, həm siyasi-diplomatik masada, həm də qlobal iqtisadi sistemdə daha mürəkkəb vəziyyətlə üz-üzə olduğu isə artıq qətiyyən şübhə doğurmur.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026