Mobil versiya
Putinə üsyan hədəsi: rusiyalı hərbçinin şok müraciəti
Tarix: 26-06-2026 | Saat: 17:17
Bölmə:Dünya | çapa göndər

Putinə üsyan hədəsi: rusiyalı hərbçinin şok müraciəti


Aleksandr Lunun müraciəti 24 saat ərzində təxminən 11 milyon baxış toplayıb-nə istəyir?

Rusiyalı hərbçi Aleksandr Lunin iyunun 25-də "Instagram" hesabında Rusiya Prezidenti Vladimir Putinə videomüraciət yayımlayaraq onunla canlı efirdə görüş tələb edib. O bildirib ki, yalnız bu yolla ölkədə və orduda baş verənlər barədə "bütün həqiqətləri" dövlət başçısına çatdıra bilər.

Musavat.com xəbər verir ki, bu barədə müxalif meduza saytı xəbər yayıb.

Luninin sözlərinə görə, müraciəti yayımlamazdan əvvəl onunla Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələri əlaqə saxlayıb və prezidentə çatdırılmalı olan məlumatları məhz onun vasitəsilə ötürməyi qərara alıblar. Hərbçi iddia edir ki, buna səbəb Putinin onun daha əvvəl yaydığı videomüraciəti izləməsi olub.

Yeni videoda Lunin Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinə qarşı ciddi ittihamlar səsləndirib. O bildirib ki, minlərlə hərbçi "mənasız intihar əmrlərini" yerinə yetirməkdən imtina etdikləri və ya komandirlərinə pul vermədikləri üçün cəzalandırılır, xüsusi saxlanma yerlərində işgəncələrə məruz qalırlar.

Lunin ən sərt bəyanatını isə Putinə ünvanlayıb. O xəbərdarlıq edib ki, əgər Kremlin onu canlı yayımda qəbul etməsi təmin olunmasa, bunun ağır nəticələri olacaq. "Əgər mənimlə Kremldə canlı yayım təşkil edilməsə, nəticələr çox ciddi olacaq. Ordu silahını Kremlə çevirəcək", – deyə o bildirib.

Videomüraciət sosial şəbəkələrdə sürətlə yayılıb və 24 saat ərzində təxminən 11 milyon baxış toplayıb.

Aleksandr Lunin kimdir?

Müstəqil Rusiya KİV-lərinin məlumatına görə, Aleksandr Lunin Voronej vilayətindən olan kiçik çavuşdur və Ukraynaya qarşı aparılan müharibədə iştirak edib. Məlumat sızmalarına əsasən, o, Rusiya ordusunun 150-ci motoatıcı diviziyasında xidmət edib və döyüş zamanı yaralanıb.

39 yaşlı hərbçi əvvəllər Pustovalov soyadını daşıyıb. O, 2023-cü ildə soyadını Luninə dəyişib. Həmin ilin dekabrında isə Rosfinmonitorinqin ekstremist və terrorçular siyahısından çıxarılıb.

Luninin sözlərinə görə, o, 19 yaşından müxtəlif silahlı münaqişələrdə iştirak edib, bir neçə "qaynar nöqtə"dən keçib, dəfələrlə yaralanıb və kontuziya alıb. O, həmçinin ciddi fiziki və psixoloji sağlamlıq problemlərinin olduğunu bildirir.

Lunin 2022-ci ilin sonundan Rusiyanın işğalı altında olan Zaporojye vilayətində yaradılmış "Sudoplatov" adına könüllü batalyonda xidmət edib. O, əvvəlcə atıcı, daha sonra kəşfiyyat bölməsinin komandiri, sonradan isə kəşfiyyat taqımının rəhbəri olub. Onun sözlərinə görə, xidmət müddətində minaatan və artilleriya üzrə hazırlıq keçib, əsasən Kursk istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib və burada ağır kontuziya alıb.

Lunin iddia edir ki, 2025-ci ildə iki hərbçinin silahsız döyüş tapşırığına göndərilməsi barədə video paylaşdıqdan sonra "Bars" dəstəsindən uzaqlaşdırılıb.

Bundan sonra o, işğal altında olan Zaporojye vilayətində fəaliyyət göstərən "Sudoplatov adına Texniki İnkişaf və Xidmətlər Mərkəzi" adlı müəssisədə çalışıb.

Onun sözlərinə görə, döyüş veteranı kimi aldığı aylıq pensiya cəmi 4 500 rubl təşkil edir.

2026-cı ilin əvvəlindən etibarən Lunin müxtəlif platformalarda şəxsi kanallar açaraq fəal şəkildə videolar paylaşmağa başlayıb. Təkcə mart ayından bəri onun "Instagram" hesabında 700-dən çox video yayımlanıb.

Lunin bildirir ki, cəbhədə döyüşən hərbçilər ona mütəmadi olaraq foto və videogörüntülər göndərirlər. O iddia edir ki, həmin materiallarda müharibənin real mənzərəsi əks olunub və Putinə məhz bu görüntüləri göstərmək istəyir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-06-2026