Mobil versiya
Esmira Şıxməmmədova: Qarşılıqlı faydalı əməkdaşlıq modeli
Tarix: 24-07-2026 | Saat: 18:20
Bölmə:Siyasət | çapa göndər

Esmira Şıxməmmədova: Qarşılıqlı faydalı əməkdaşlıq modeli

2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Berlin şəhərində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə keçirilən görüşlər, aparılan geniş müzakirələr, imzalanan mühüm sənədlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq artıq yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Bu səfər təkcə ikitərəfli əlaqələrin deyil, həm də Avropa ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm hadisə kimi tarixə düşdü.

Azərbaycan ilə Almaniya arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlılıq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində formalaşıb. Bu gün Almaniya Avropanın aparıcı iqtisadi gücü olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı məkanında ən mühüm tərəfdaşlarından biridir. Son illərdə enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar və investisiya sahələrində əməkdaşlıq daha da genişlənmişdir. Məhz Möhtərəm Prezident İlham Əliyevin Berlin səfəri bu əməkdaşlığa yeni dinamika qazandırdı.

Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında “İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənəd tərəflərin dövlət suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmətini bir daha təsdiqləməklə yanaşı, siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyinin, iqlim siyasətinin, rəqəmsal transformasiyanın, elm, təhsil və innovasiya sahələrinin inkişafı üzrə uzunmüddətli strateji əməkdaşlığı nəzərdə tutur.

Bu səfər zamanı imzalanan digər mühüm sənəd Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannamə oldu. Bu təşəbbüs iki ölkənin biznes dairələri arasında birbaşa əməkdaşlığın genişlənməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə, sənaye kooperasiyasının inkişafına və qarşılıqlı ticarətin daha da artmasına xidmət edəcək. Əlbəttə ki, Almaniyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın əlverişli investisiya mühiti və strateji coğrafi mövqeyi yeni iqtisadi imkanlar yaradır.

Möhtərəm Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təbii qaz ixracının genişləndirilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji ixracı istiqamətində görülən işlər Almaniya tərəfindən də yüksək qiymətləndirildi. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı və Azərbaycanın yaşıl enerji strategiyası Avropa bazarı üçün böyük perspektivlər açır.

Görüşlərdə regional təhlükəsizlik məsələləri də geniş müzakirə olundu. Möhtərəm Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün tərəfdarı olduğunu, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Almaniya tərəfi də regionda sülh və sabitliyin təmin olunmasını dəstəklədiyini bildirdi və normallaşma prosesini müsbət qiymətləndirdi.

Səfər çərçivəsində iqtisadi əməkdaşlıqla yanaşı, elm, təhsil, peşə hazırlığı, innovasiya, yüksək texnologiyalar, rəqəmsallaşma və ekoloji layihələr üzrə əməkdaşlığın genişləndirilməsi də əsas müzakirə mövzularından biri oldu. Almaniyanın qabaqcıl sənaye və texnologiya təcrübəsinin Azərbaycanda tətbiqi, müasir istehsal sahələrinin yaradılması və insan kapitalının inkişafı hər iki dövlət üçün qarşılıqlı fayda verəcək istiqamətlər kimi qiymətləndirildi. Bu, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinə də mühüm töhfə verəcək.

Möhtərəm Prezident İlham Əliyevin Almaniya səfəri bir daha göstərdi ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Ölkəmiz müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər quraraq həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya kimi nüfuzlu Avropa dövləti ilə strateji gündəliyin qəbul olunması Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Nəticə etibarilə, Möhtərəm Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və Berlin şəhərində verdiyi bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha təsdiqlədi.

Esmira Şıxməmmədova
YAP Qazax rayon təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2026