Mobil versiya
Manaf Manafov: “Ana dilimiz dövlətçilik ideologiyasının mühüm təməl sütunlarından biridir”
Tarix: 28-07-2026 | Saat: 13:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

Manaf Manafov: “Ana dilimiz dövlətçilik ideologiyasının mühüm təməl sütunlarından biridir”

“Hər bir xalqın varlığını əsrlər boyu yaşadan, onu digər xalqlardan fərqləndirən və milli kimliyini qoruyub saxlayan ən qiymətli mənəvi sərvətlər mövcuddur. Bu sərvətlərin zirvəsində isə ana dili dayanır. Dil yalnız insanlar arasında ünsiyyət yaradan vasitə deyil. O, xalqın tarixi yaddaşını yaşadan, minilliklər ərzində formalaşmış düşüncə tərzini özündə əks etdirən, milli-mənəvi irsi və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürən müqəddəs dəyərdir. Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların hökmranlığı, assimilyasiya cəhdləri və yad təsirlərlə qarşılaşsa da, ana dilini qoruyub yaşatmağı bacarmışdır. Çünki xalqımız yaxşı dərk edirdi ki, dilin itirilməsi milli yaddaşın zəifləməsi, tarixi köklərin unudulması və dövlətçilik təfəkkürünün sarsılması deməkdir. Elə buna görə də müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ana dilinin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Onun bu gün də aktuallığını saxlayan məşhur fikri bunu aydın şəkildə ifadə edir: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu kəlam əslində dövlətçilik ideologiyasının mühüm təməl prinsiplərindən biridir. Çünki dil sadəcə sözlər toplusu deyil, xalqın mənəvi dünyasının aynasıdır. Hər bir millət öz dili ilə düşünür, keçmişini yaşadır və gələcəyini qurur.”

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi daha sonra Azərbaycan dilinin zəngin lüğət ehtiyatına, yüksək bədii ifadə imkanlarına malik olan qədim və qüdrətli dillərdən olduğunu diqqət mərkəzinə çəkərək bunları deyib: “Ana dilimizin ahəngi, səlisliyi və ifadə zənginliyi dünya xalqları tərəfindən dəfələrlə yüksək dəyərləndirilmişdir. Ulu Öndər bu xüsusiyyəti belə ifadə edirdi: “Bizim Azərbaycan dili şeir dilidir.” Bu qısa, lakin dərin məna daşıyan fikir dilimizin poetik gözəlliyini tam əks etdirir. Həqiqətən də Azərbaycan dili sazın avazında, muğamın ecazkar ahəngində, Nizaminin müdrikliyində, Füzulinin məhəbbət fəlsəfəsində, Vaqifin söz sənətində, Səməd Vurğunun poeziyasında və Bəxtiyar Vahabzadənin vətən sevgisində yaşayır. Onun gözəlliyi təbii axıcılığında, böyüklüyü isə sadəliyində özünü göstərir. Azərbaycan dili həm elmi fikirləri, həm diplomatik çıxışları, həm hüquqi sənədləri, həm də ana laylasının incəliyini eyni mükəmməlliklə ifadə etmək gücünə malikdir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.” Bu qiymətləndirmə dilimizin zənginliyini və geniş imkanlarını ən dolğun şəkildə əks etdirir. Ana dilinin qorunması heç də asan başa gəlməmişdir. Sovet hakimiyyətinin ikinci yarısında milli dillərə qarşı tətbiq olunan məhdudiyyətlər şəraitində Azərbaycan dilinin dövlət dili statusunun saxlanılması böyük siyasi iradə tələb edirdi. Məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edərək 1978-ci il Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının əks olunmasına nail oldu. Bu addım sonradan müstəqil dövlətimizin ideoloji dayaqlarından birinə çevrildi. Müstəqillik bərpa edildikdən sonra isə Azərbaycan dili dövlət quruculuğunun əsas sütunlarından biri kimi inkişaf etdirildi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi, 2001-ci ildə Dövlət Dil Komissiyasının yaradılması və avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdir. Bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı ana dilimizin saflığını milli kimliyin və milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirərək bildirir: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.” Bu çağırış cəmiyyətin bütün təbəqələrinə – ziyalılara, müəllimlərə, alimlərə, jurnalistlərə, yazıçılara və hər bir vətəndaşa ünvanlanmış məsuliyyət çağırışıdır. Çünki dil yalnız qanunlarla deyil, onu sevən insanların gündəlik münasibəti ilə yaşayır. Prezident İlham Əliyev başqa bir çıxışında isə vurğulayır: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” Bu fikir qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Xarici dillərin öyrənilməsi tərəqqinin göstəricisidir, lakin ana dilinin qorunması hər bir vətəndaşın milli borcudur. Dünyaya inteqrasiya milli kimliyimizin zəifləməsinə deyil, daha da möhkəmlənməsinə xidmət etməlidir.

Sonda müsahibimiz son illərdə ölkəmizdə həyata keçirilən dövlət proqramları, rəqəmsal mühitdə Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, orfoqrafiya qaydalarının yenilənməsi və dövlət dilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində aparılan siyasətin ardıcıl xarakter daşıdığını qeyd edib: “Azərbaycan dili bu gün yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif dövlətlərində yaşayan milyonlarla soydaşımızı bir-birinə bağlayan ən mühüm mənəvi sərvətdir. O, xaricdə yaşayan azərbaycanlıların milli kimliyini qoruyan və onları vahid mənəvi dəyərlər ətrafında birləşdirən möhkəm körpü rolunu oynayır. Buna görə də Avqustun 1-i – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar gün deyil. Bu tarix milli qürurumuzun, dövlətçilik ənənələrimizin, mədəni irsimizin və gələcəyə olan inamımızın rəmzidir. Ana dilinin keşiyində dayanmaq yalnız dilçi və filoloqların vəzifəsi deyil. Bu, dövlətə sədaqətin, milli kimliyə bağlılığın və gələcək nəsillər qarşısında daşıdığımız mənəvi məsuliyyətin ifadəsidir. Çünki ana dili müqəddəsdir. Ana dili Vətəndir. Ana dili millətdir. Ana dili Azərbaycanın əbədi varlığının ən möhkəm təminatıdır” – deyə, Manaf Manafov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2026