Mobil versiya
Toy mövsümü başladı, ciblər “yas saxlayır”: Bir məclisin hesabı maaşı keçir
Tarix: 02-09-2026 | Saat: 19:16
Bölmə:Özəl | çapa göndər

Toy mövsümü başladı, ciblər “yas saxlayır”: Bir məclisin hesabı maaşı keçir



Azərbaycanda Məhərrəm və Səfər aylarından sonra toy mövsümünün canlanması artıq ənənəvi mənzərəyə çevrilib. Xüsusilə sentyabr, oktyabr və noyabr aylarında dəvətnamələrin sayı artır, bəzən bir ailə eyni ay ərzində bir neçə məclisdə iştirak etməli olur. Zarafatla bu ayların “senTOYabr”, “okTOYabr” və “TOYabr” adlandırılması da təsadüfi deyil.
Problem ondadır ki, toy artıq yalnız şad günə şərik olmaq məsələsi deyil, ailə büdcəsinə ciddi təsir edən xərc maddəsinə çevrilib. Nəmərdən əlavə geyim, gözəllik salonu, nəqliyyat və digər məsrəflər də nəzərə alındıqda bir neçə toy dəvətnaməsi xüsusilə orta gəlirli ailələr üçün ağır maliyyə yükü yarada bilər. Bəziləri məclisə getmək əvəzinə sadəcə nəmər göndərməyi üstün tutur.
Məsələnin başqa tərəfi toy sahibinin üzərinə düşən xərcdir. Bahalı menyular, böyük zallar, musiqi, dekorasiya və digər xidmətlər səbəbindən toplanan nəmərin əhəmiyyətli hissəsi məclisin xərcini ödəməyə gedir. Nəticədə gənc ailəyə başlanğıc kapitalı yaratmalı olan toy bəzi hallarda əksinə, əlavə maliyyə yükünə çevrilir.
Bu vəziyyət fonunda sosioloq Hüseyn İbrahimov toyların maksimum iki saat davam etməsini və qonaq sayının 100 nəfərlə məhdudlaşdırılmasını təklif edir. Məqsəd toy ənənəsindən imtina etmək deyil, onu ailələrin büdcəsinə uyğunlaşdırmaqdır. Bir çox xarici ölkələrdə daha kiçik qonaq siyahısı və yığcam mərasim formatının geniş yayılması da bu yanaşmaya nümunə göstərilir.
Ancaq Azərbaycanda belə modelə sürətli keçid asan görünmür. Toy sektoru artıq böyük iqtisadi ekosistem formalaşdırıb. Şadlıq saraylarından tutmuş musiqiçilərə, aşpazlara, ofisiantlara, dekorasiya və gözəllik xidmətlərinə qədər minlərlə insanın qazancı bu sahə ilə bağlıdır. Buna görə toyların miqyasının kəskin kiçilməsi yalnız ailələrə deyil, bütöv xidmət sektoruna təsir göstərə bilər.
Digər tərəfdən, toyun əsas mahiyyətinin arxa plana keçməsi də müzakirə mövzusudur. Ailə qurmaq üçün təşkil edilən mərasim bəzən yüzlərlə qonağın iştirak etdiyi, böyük məbləğlərin xərcləndiyi və insanların bir-birinə illərlə “nəmər borcu” daşıdığı maliyyə dövriyyəsinə çevrilir. Kimin toyuna nə qədər yazıldığı yadda saxlanılır və növbəti məclisdə həmin məbləğin qaytarılması gözlənilir.
Milyarderlərin milyonlarla dollar xərclədiyi dəbdəbəli toylar dünyada da var. Ancaq belə mərasimlər istisnadır. Orta ailənin imkanlarını imkanlı şəxslərin təmtərağı ilə müqayisə etməsi isə nəticədə borclanma və əlavə maddi təzyiq yarada bilər.
Görünür, məsələ toyların olub-olmamasında deyil, toy mədəniyyətində ölçünün harada müəyyənləşdirilməsindədir. “O olmasın, bu olsun” filmindəki məşhur “Deyirlər ki, bu toyda cib dolacaq” ifadəsindən bir əsrdən çox vaxt keçsə də, toy və pul münasibəti hələ də gündəmdədir. Fərq ondadır ki, indi əsas sual budur: toyda kimin cibi dolur, kimin cibi boşalır?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026