Mobil versiya
Səttar Möhbalıyev: "Otuz illik həsrətdən əbədi Zəfərə, Azərbaycan xalqının suverenliyə uzanan şərəf və qəhrəmanlıq yolu"
Tarix: 09-09-2026 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "Otuz illik həsrətdən əbədi Zəfərə,  Azərbaycan xalqının suverenliyə uzanan şərəf və qəhrəmanlıq yolu"

Azərbaycan tarixinin elə günləri var ki, onlar sadəcə təqvimə yazılmır, xalqın yaddaşına həkk olunur. 20 Sentyabr da belə tarixlərdəndir. Bu gün Azərbaycan üçün yalnız növbəti əlamətdar tarix deyil, dövlət suverenliyinin tam bərpa edilməsinin, milli iradənin və dövlətçilik əzminin təntənəsinin rəmzidir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və onu müstəqil şəkildə inkişaf etdirmək ən böyük siyasi nailiyyətdir. Lakin bu nailiyyət heç də bütün xalqlara asanlıqla nəsib olmur. Azərbaycan xalqının dövlətçilik tarixi bunun ən aydın nümunəsidir. Əsrlər boyu müxtəlif siyasi sınaqlardan keçən xalqımız öz milli kimliyini, dövlətçilik iradəsini və müstəqillik istəyini qoruyub saxlayıb. Azərbaycanın müasir dövlətçilik tarixində ən ağır sınaqlardan biri isə torpaqlarımızın işğalı oldu. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsi 30 ilə yaxın işğal altında qaldı. Yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimizə ağır zərbə vuruldu. Bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquq tərəfindən heç vaxt şübhə altına alınmadı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin illərlə davam edən danışıqlar problemin həllinə gətirib çıxarmadı. Azərbaycanın səbri sonsuz deyildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iradəsinin tarixi ifadəsinə çevrildi. 44 gün davam edən müharibə xalqımızın hərbi-siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Bu Zəfər sadəcə hərbi qələbə deyildi. Bu, otuz illik işğalın yaratdığı ədalətsizliyin aradan qaldırılmasına doğru atılmış nəhəng addım, Azərbaycan xalqının milli iradəsinin qələbəsi idi. Şuşanın azad edilməsi isə bu qələbənin mənəvi-siyasi zirvəsinə çevrildi. Lakin Azərbaycan üçün Zəfər bununla bitmədi. 2020-ci il 10 noyabr Bəyanatından sonra yaranmış vəziyyət göstərdi ki, ərazi bütövlüyünün bərpası ilə dövlət suverenliyinin tam təmin edilməsi eyni prosesin müxtəlif mərhələləridir. Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu, Ermənistan tərəfindən separatçı rejimə müxtəlif formalarda dəstək göstərilməsi dövlətimizin suverenliyinə qarşı təhlükə olaraq qalırdı.

Millət vəkili onu da bildirib ki, bu mərhələdə Azərbaycanın atdığı addımlar xüsusi əhəmiyyət daşıyırdı. 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında, Həkəri çayı üzərində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz ərazisində sərhəd və nəzarət funksiyalarını həyata keçirməsinin mühüm göstəricisi oldu. Bu addım Azərbaycan dövlətinin öz beynəlxalq səviyyədə tanınmış ərazisində qanun və dövlət hakimiyyətinin aliliyini təmin etmək iradəsinin konkret ifadəsi idi. Lakin separatizm öz mövcudluğunu davam etdirmək istəyirdi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Sentyabrın 20-də separatçı rejimin mövcudluğuna son qoyuldu. Bununla Azərbaycan bütün ərazisi üzərində dövlət hakimiyyətini və suverenliyini tam bərpa etdi. Məhz buna görə 20 Sentyabrı yalnız hərbi hadisənin ildönümü kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının simvoludur.
Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, 2023-cü il sentyabr hadisələri ilə Azərbaycan dövlət suverenliyini tam təmin etdi. Bu fikir həmin tarixin mahiyyətini bir cümlədə ifadə edir: Qarabağ Azərbaycandır və bu reallıq artıq yalnız siyasi bəyanat deyil, dövlət hakimiyyətinin bütün ərazi üzərində faktiki və hüquqi təminatıdır. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də məhz bu tarixi həqiqətin dövlət səviyyəsində təsdiqidir. Bu Sərəncam bir tarixi hadisəni təqvimə əlavə etməklə kifayətlənmir. O, Azərbaycan xalqının uzun illər davam edən mübarizəsinin məntiqi nəticəsini gələcək nəsillərə çatdıran siyasi yaddaş sənədidir. Çünki suverenlik yalnız sərhədlər üzərində nəzarət demək deyil. Suverenlik dövlətin öz qərarlarını özü verməsi, öz qanunlarını bütün ərazisində tətbiq etməsi, vətəndaşlarının təhlükəsizliyini təmin etməsi, milli maraqlarını müdafiə etməsi və gələcəyini özü müəyyənləşdirməsidir. Azərbaycan bu mərhələyə böyük itkilər hesabına gəlib. Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin fədakarlığı, xalqımızın həmrəyliyi və dövlətimizin siyasi iradəsi bu tarixi Zəfərin təməlində dayanır. Ona görə Dövlət Suverenliyi Günü həm qürur, həm də məsuliyyət günüdür. Qürurdur, çünki artıq Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanır. Məsuliyyətdir, çünki əldə edilmiş suverenliyi qorumaq, onu möhkəmləndirmək, dövlət institutlarının gücünü artırmaq, iqtisadi inkişafı sürətləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan ötürmək bizim qarşıda duran əsas vəzifələrimizdəndir.

Tarix Azərbaycan xalqına bir daha sübut etdi: milli iradəsi sarsılmayan xalqın dövlətçilik arzusu heç vaxt məğlub edilə bilməz. 20 Sentyabrın ən böyük mənası da budur. Bu tarix Azərbaycan xalqının uzun və çətin yolunun son dayanacağı deyil. Əksinə, tam suveren Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2026