Mobil versiya
Enerji və nəqliyyat dəhlizlərinin inkişafı Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcək
Tarix: 21-09-2026 | Saat: 14:51
Bölmə:Siyasət | çapa göndər

Enerji və nəqliyyat dəhlizlərinin inkişafı Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcək

Bugünkü beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzunu və çəkisini müəyyənləşdirən əsas amillər sırasında iqtisadi güclə yanaşı, əlverişli coğrafi mövqe, təbii sərvətlər və enerji təhlükəsizliyi də mühüm yer tutur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin malik olduğu bu imkanların genişliyi isə təşkilatın qlobal və regional səviyyədə mövqeyinin daha da möhkəmləndirilməsi baxımından böyük potensial formalaşdırır.

Cənab Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv dövlətlərin təhlükəsizlik üzrə məsul şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də məhz bu reallığın əhəmiyyətini ön plana çıxarır. Dövlət başçısının qeyd etdiyi kimi, türk dövlətləri rəhbərlərinin ortaq yanaşması TDT-nin beynəlxalq müstəvidə rolunun və nüfuzunun daha da artırılmasına yönəlib. Bu istiqamətdə mühüm imkanların mövcudluğu isə təşkilat üçün ciddi üstünlükdür. Burada söhbət yalnız siyasi iradədən getmir. Eyni zamanda, geniş coğrafi əhatə dairəsinin təqdim etdiyi strateji üstünlüklər, zəngin təbii sərvətlər və yüksələn iqtisadi imkanlar mühüm əhəmiyyət daşıyır.

TDT-yə daxil olan dövlətlərin yerləşdiyi coğrafiya onların nəqliyyat, logistika və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Türk dövlətləri Avrasiyanın müxtəlif bölgələrini bir-birinə bağlayan mühüm coğrafi xətt üzərində yerləşirlər. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əlaqələrin getdikcə intensivləşdiyi indiki mərhələdə TDT məkanının bu mövqeyi üzv dövlətlər arasında yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına geniş şərait yaradır. Bununla yanaşı, təbii sərvətlər də təşkilata daxil olan ölkələrin ümumi potensialında mühüm paya malikdir.

Ölkə Prezidenti İlham Əliyevin diqqətə çatdırdığı kimi, bu resurslar ayrı-ayrı dövlətlərin iqtisadi və sosial inkişafına, xalqların rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, qlobal miqyasda da əhəmiyyətli rol oynayır. Enerji resurslarının hasilatı, nəqli və beynəlxalq bazarlara çatdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqların daha səmərəli şəkildə əlaqələndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycanın təcrübəsi bu cür əməkdaşlığın real və praktik nəticələr ortaya qoya biləcəyini nümayiş etdirir. Ölkəmizin reallaşdırdığı enerji və nəqliyyat layihələri Azərbaycanın regional və beynəlxalq bağlantılardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu təcrübənin TDT çərçivəsində digər üzv və tərəfdaş dövlətlərin imkanları ilə əlaqələndirilməsi həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də mövcud strateji resurslardan daha səmərəli istifadə edilməsinə şərait yarada bilər. Digər tərəfdən, enerji təhlükəsizliyi məsələsi müasir geosiyasi proseslərin fonunda əvvəlkindən daha geniş və strateji məzmun qazanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, TDT ölkələrinin sərhədləri boyunca formalaşan vəziyyət enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırır. Enerji mənbələrinin və daşınma marşrutlarının şaxələndirilməsi, təhlükəsiz və etibarlı nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, eləcə də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi enerji təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən biridir.

Bütün bu amillər onu göstərir ki, TDT-nin ümumi gücünü yalnız üzv dövlətlərin ayrı-ayrılıqda malik olduğu imkanların mexaniki toplamı kimi qiymətləndirmək doğru olmaz. Burada əsas məsələ mövcud imkanların vahid məqsədlər ətrafında birləşdirilməsi və qarşılıqlı əməkdaşlıq əsasında daha səmərəli şəkildə səfərbər olunmasıdır. Geniş coğrafi mövqe, zəngin təbii ehtiyatlar və artan iqtisadi potensial qarşılıqlı fəaliyyətlə tamamlandıqda təşkilatın beynəlxalq sistemdəki çəkisinin yüksəlməsi üçün daha əlverişli zəmin yaranır.

Cənab Prezident İlham Əliyevin fikirləri də TDT qarşısında dayanan perspektivi məhz bu baxımdan ortaya qoyur: mövcud imkanları düzgün istiqamətləndirmək, əməkdaşlığın yeni sahələrini formalaşdırmaq və üzv dövlətlərin ümumi potensialını beynəlxalq təhlükəsizlik və iqtisadi tərəqqinin təmin olunmasına daha səmərəli şəkildə yönəltmək. Bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs türk dövlətləri arasında qarşılıqlı əlaqələri və həmrəyliyi möhkəmləndirməklə yanaşı, TDT-nin beynəlxalq münasibətlər sistemində rolunun və təsir imkanlarının daha da artmasına xidmət edir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-09-2026