Mobil versiya
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
Tarix: 23-09-2026 | Saat: 17:49
Bölmə:Ölkə | çapa göndər

Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı

Bakıda aeroportun avtodayanacağında tapdığı 20 min ABŞ dolları məbləğində pulu mənimsəyən şəxs barəsində hökm çıxarılıb.

aia.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə araşdırması zamanı hadisənin 2025-ci il noyabrın 7-də baş verdiyi müəyyən edilib.

Təqsirləndirilən şəxs icarəyə götürdüyü və taksi kimi işlətdiyi "Ford Fusion" markalı avtomobillə Heydər Əliyev adına Hava Limanının avtodayanacağında müştəri gözləyirmiş. Həmin vaxt İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn İ.R. də sifariş etdiyi digər taksinin gəlib çatmasını gözləyib.

Məhkəmədə müəyyən edilən hallara görə, içərisində 20 min ABŞ dolları olan sellofan paket İ.R.-nin çantasından yerə düşüb. O, bunu hiss etmədən ərazidən ayrılıb.

Bir müddət sonra təqsirləndirilən şəxs yerdə sellofan paket görüb. Paketi götürüb içərisinə baxdıqda orada pul olduğunu müəyyənləşdirib. Ancaq onu polisə və ya digər aidiyyəti dövlət qurumlarına təhvil verməyib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O bildirib ki, hava limanında yerdə sellofan torba görüb və onun içərisində, eləcə də ətrafda dollar əskinasları olub. Pulları götürdükdən təxminən 20 dəqiqə sonra hava limanını tərk edib.

Onun sözlərinə görə, sonradan pulları sayıb və məbləğin 20 min ABŞ dolları olduğunu müəyyənləşdirib. Təxminən üç gün ərzində həmin vəsaiti avtomobildə saxlayan şəxs daha sonra onu hissə-hissə xərcləməyə başlayıb.

Məhkəmədə verilən ifadəyə əsasən, təqsirləndirilən şəxs pulun bir hissəsini əvvəlki borclarının ödənilməsinə, avtomobilin təmirinə, anasının müalicəsi ilə bağlı xərclərə və digər məqsədlərə sərf edib. O, həmçinin pulun müəyyən hissəsini - təxminən 3 min manatını ehtiyacı olan şəxslərə, dilənçilərə payladığını bildirib.

Zərərçəkmiş İ.R. isə ifadəsində bildirib ki, 20 min ABŞ dollarını mənzilinin satışından əldə edib və övladları üçün saxlayıb. O, həmin vəsaiti ticarət məqsədilə Türkiyəyə aparıb, lakin istifadə etməyib, noyabrın 7-də İstanbul-Bakı reysi ilə Azərbaycana qayıdıb.

İ.R. pul vəsaitini hava limanında qanuni qaydada bəyan etdiyini bildirib. Daha sonra avtodayanacaqda içərisində həmin pul vəsaiti olan sellofan paketin yerə düşməsinin fərqində olmayıb.

Pulun itdiyini evə çatdıqdan sonra bilən qadın yenidən hava limanına qayıdıb. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə məlumat verib.

Araşdırma zamanı hava limanındakı təhlükəsizlik kameralarının görüntülərinə baxılıb və sellofan paketi götürən şəxs müəyyən edilib.

Məhkəmədə zərərçəkmiş şəxsə dəymiş ziyanın 15 min 500 manatının ödənildiyi bildirilib. İ.R. təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, lakin dəymiş ziyanın tam ödənilməsini tələb etdiyini deyib.

Məhkəmə sonda müttəhimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Hökmə əsasən, ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026