Mobil versiya
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Tarix: 24-09-2026 | Saat: 13:56
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer


“Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ başlayır. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını əhatə edən bütöv sənaye zəncirinin formalaşdırılmasının vacibliyini vurğuladı. Bu, dağ-mədən sektoruna həm xammal, həm də daha geniş sənaye siyasətinin tərkib hissəsi kimi baxılmasını şərtləndirir. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələnin başlanğıcıdır”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O diqqətə çatdırıb ki, dağ-mədən və metallurgiya sənayesinə yatırılan investisiyaların əsas məqsədlərindən biri xammalın mümkün qədər ölkə daxilində emalına nail olmaqdır: “Belə yanaşma hasil olunan resursların əlavə dəyərə çevrilməsinə, yeni istehsal sahələrinin yaradılmasına və qeyri-neft ixracının genişləndirilməsinə imkan verəcək. Qarşıdakı dövrdə əsas hədəflərdən biri təbii ehtiyatlardan daha yüksək iqtisadi səmərə əldə etmək, resursların emal səviyyəsini yüksəltmək və yaradılan əlavə dəyərin daha böyük hissəsini ölkə iqtisadiyyatında saxlamaqdır.

Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da prosesin sosial-iqtisadi əhəmiyyətini artırır. Xüsusilə yeni sənaye müəssisələrinin regionlarda yaradılması məşğulluğun genişləndirilməsi ilə yanaşı, yerli iqtisadi fəallığın artmasına da təsir göstərəcək. Dağ-mədən sənayesinin bu baxımdan xüsusi üstünlüyü ondan ibarətdir ki, perspektivli yataqların əhəmiyyətli hissəsi paytaxtdan kənarda yerləşir. Yeni mədənlərin, zənginləşdirmə və emal müəssisələrinin yaradılması xüsusilə regionlarda məskunlaşan əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Sənaye müəssisələrinin fəaliyyəti nəqliyyat, logistika, tikinti, texniki xidmət, təchizat və digər xidmət sahələrinə əlavə tələbat formalaşdırır. Bu isə regionların iqtisadi aktivliyinin artmasına və yerli biznes mühitinin canlanmasına imkan yaradır”.

Parlamentari söylədi ki, yeni sənaye siyasətinin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasıdır: “Bu ərazilərin yenidən qurulması ilə yanaşı, burada mövcud təbii ehtiyatların öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi də uzunmüddətli inkişaf perspektivləri baxımından əhəmiyyət daşıyır. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi diqqət çəkir. Mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, ehtiyatların dəqiqləşdirilməsi və hasilata hazırlıq işlərinin aparılması qarşıdakı dövrün əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir. İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların istismarı ilə bağlı layihələr həmin ərazilərin iqtisadi reinteqrasiyası baxımından da əhəmiyyətlidir. Burada yaradılacaq istehsal və xidmət infrastrukturu əhalinin məskunlaşması, yeni iş yerlərinin formalaşması və regional iqtisadi əlaqələrin genişlənməsi prosesinə də töhfə verəcək. Müşavirədə həmçinin dövlət başçısı işğal dövründə Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı məsələləri də gündəmə gətirdi. Prezident İlham Əliyev Dövlət Proqramına həsr olunmuş müşavirədə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında meşə fonduna vurulan zərərdən danışıb və işğal dövründə təbii sərvətlərdən qanunsuz istifadə hallarına diqqət çəkdi. Rəsmi Bakı uzun illərdir, Ermənistanın həyata keçirdiyi bu qanunsuz fəaliyyətin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsini tələb edir. Bu məsələ, xüsusilə təbii ehtiyatların qanunsuz istismarı və ətraf mühitə vurulan zərərlə bağlı mübahisələr çərçivəsində, beynəlxalq hüquqi və siyasi gündəmdə də öz əksini tapıb”.

K.Nurullayevin sözlərinə görə, Yeni Dövlət Proqramının diqqət çəkən istiqamətlərindən biri dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsidir: “ Dağ-mədən və metallurgiya layihələri adətən böyük həcmdə maliyyə, texnologiya və uzunmüddətli investisiya tələb edir. Bu səbəbdən yerli və xarici investorların prosesə cəlb edilməsi layihələrin miqyasının genişləndirilməsi baxımından vacib məsələdir. Dövlətin strateji layihələrdə iştirakı, zəruri infrastrukturu formalaşdırması özəl investisiyalar üçün daha əlverişli şərait yaradır. Özəl sektorun iştirakı isə yeni texnologiyaların, idarəetmə təcrübəsinin və əlavə maliyyə resurslarının bu sektora cəlb edilməsinə imkan verəcək. Burada əsas məsələlərdən biri investisiyaların emal və yüksək əlavə dəyər yaradan istehsal sahələrinə də yönəldilməsidir. Bu halda dağ-mədən sənayesinin inkişafı daha da genişlənəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026