Mobil versiya
YAP-ın siyasi yolu və yeni hədəflər
Tarix: 05-10-2026 | Saat: 16:20
Bölmə:Siyasət | çapa göndər

YAP-ın siyasi yolu və yeni hədəflər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələdir. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay yeni siyasi və geosiyasi reallıqlar şəraitində baş tutub. Üç onillikdən artıq siyasi yolun nəticələrinə nəzər salmaq və bu yolun başlanğıcındakı tarixi şərtləri dəyərləndirmək baxımından bu tədbir xüsusi əhəmiyyət daşıyır.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, VIII Qurultayı fərqləndirən başlıca cəhət onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə keçirilməsidir. YAP-ın əvvəlki qurultaylarından fərqli olaraq, bu dəfə ölkənin qarşısında işğal faktının aradan qaldırılması kimi fundamental vəzifə dayanmır. Azərbaycan bu tarixi məqsədə nail olub və hazırda Zəfərin yaratdığı imkanları davamlı inkişafa çevirmək mərhələsindədir. Bu baxımdan VIII Qurultay yalnız partiyanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi deyil, həm də YAP-ın üç onillikdən artıq siyasi fəaliyyətinə nəzər salmaq üçün mühüm platformadır.

Bugünkü nəticələri düzgün qiymətləndirmək üçün ilk növbədə YAP-ın yarandığı tarixi şəraitə nəzər salmaq lazımdır. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Dövlət idarəçiliyində böhran, iqtisadi tənəzzül, torpaqların işğalı, siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq yaradırdı. Belə bir şəraitdə ölkəni böhrandan çıxara və xalqı vahid məqsəd ətrafında birləşdirə biləcək siyasi qüvvəyə ehtiyac yaranmışdı. Məhz bu ehtiyac Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurətə çevirdi.

1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı sadəcə yeni siyasi təşkilatın meydana çıxması deyildi. Bu, cəmiyyətdə formalaşmış ictimai sifarişin siyasi müstəvidə ifadəsi idi. Azərbaycanın taleyindən narahat olan insanlar Heydər Əliyevin ətrafında birləşərək dövlətçiliyin qorunması və ölkənin gələcəyinin təmin edilməsi üçün yeni siyasi yolun əsasını qoydular. Beləliklə, YAP-ın yaranması dövrün mürəkkəb reallıqlarına verilən siyasi cavab kimi meydana çıxdı.

Bu prosesdə Heydər Əliyev amilinin müstəsna rolu xüsusi qeyd olunmalıdır. Xalq Ulu Öndəri böyük dövlət idarəçiliyi təcrübəsinə malik siyasi xadim olmaqla yanaşı, Azərbaycanın milli maraqlarını və dövlətçiliyini qorumağa qadir lider kimi qəbul edirdi. Onun Naxçıvanda həyata keçirdiyi fəaliyyət sonradan ümumxalq siyasi hərəkatına çevrilən prosesin əsasını formalaşdırdı. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və milli maraqlara əsaslanan baxışları YAP-ın ideoloji və təşkilati dayaqlarının möhkəmlənməsində həlledici rol oynadı.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra isə bu siyasi xətt real dövlət siyasətinə çevrildi. Dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması, iqtisadi əsasların yaradılması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması və xarici sərmayələrin cəlb edilməsi Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl yaratdı. Bununla yanaşı, dövlət institutlarının gücləndirilməsi və siyasi sabitliyin təmin olunması ölkənin gələcək inkişafı üçün mühüm zəmin formalaşdırdı.

Sonrakı mərhələdə bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi imkanlarının gücləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə ardıcıl müdafiəsi və müstəqil xarici siyasətin həyata keçirilməsi dövlətin strateji gücünü daha da artırdı. YAP tarixinin sonrakı mərhələsi onun yaranmasının əsaslı siyasi zərurət olduğunu təsdiqlədi. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü hərbi potensialın yaradılması və milli maraqların müdafiəsi vahid siyasi xəttin əsas istiqamətlərinə çevrildi.

Ərazi bütövlüyünün və suverenliyin bərpası isə həmin siyasətin ən böyük nəticəsi oldu. Heydər Əliyevin dövlətçilik ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilməsi bu mərhələdə xüsusilə aydın görünür. Ulu Öndərin qurduğu güclü dövlət modeli Azərbaycanın qarşısında duran strateji məqsədlərə nail olmaq üçün siyasi, iqtisadi və institusional imkanlar yaratdı. Prezident İlham Əliyev isə bu imkanları inkişaf etdirərək Azərbaycanın hərbi-siyasi gücünü daha da artırdı və ərazi bütövlüyünün bərpasını təmin etdi.
Zəfərdən sonra isə həmin siyasi və iqtisadi imkanlar yeni mərhələnin əsasına çevrildi. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi və genişmiqyaslı quruculuq layihələrinin həyata keçirilməsi Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb. Bu ardıcıllıq göstərir ki, siyasi irs yalnız qorunmayıb, həm də yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı onun keçdiyi siyasi yolun məntiqi nəticəsi olmaqla yanaşı, yeni mərhələnin başlanğıcını da ifadə edir. Bir vaxtlar dövlətin ağır böhran şəraitindən çıxarılması və milli iradənin siyasi təşkilatlanması zərurətindən yaranan YAP bu gün suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş, beynəlxalq nüfuzu artan Azərbaycanın siyasi həyatında aparıcı qüvvə kimi çıxış edir.

Bu baxımdan VIII Qurultayın əsas siyasi mahiyyəti keçmiş nailiyyətlərin qeyd olunması ilə məhdudlaşmır. Qurultay qarşıdakı dövr üçün yeni hədəflərin və prioritetlərin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə əsas vəzifələr dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi və Azərbaycanın yeni strateji hədəflərinə çatmasına siyasi töhfənin artırılması ilə bağlı olacaq.
YAP-ın VIII Qurultayı məhz bu baxımdan Azərbaycanın keçdiyi yol ilə qarşıdakı hədəflər arasında siyasi və ideoloji körpü rolunu oynayır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026