Mobil versiya
Etibarlı dostluq və tərəfdaşlıqdan çoxşaxəli strateji əməkdaşlığa - DEPUTAT
Tarix: 14-10-2026 | Saat: 17:03
Bölmə:Gündəm | çapa göndər

Etibarlı dostluq və tərəfdaşlıqdan çoxşaxəli strateji əməkdaşlığa

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqlara uyğun tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq əlaqələrinin müxtəlif coğrafi istiqamətlər üzrə genişləndirilməsidir. Bu siyasət Azərbaycanın Asiya dövlətləri ilə münasibətlərində də özünü göstərir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini ortaya qoyur. 30 ildən artıqdır davam edən diplomatik əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və parlamentlərarası əməkdaşlıq ölkələr arasında siyasi dialoqun davamlı xarakter daşıdığının göstəricisidir. Tərəflərin qəbul etdiyi Birgə Bəyanat isə mövcud münasibətlərin daha geniş məzmun qazanması, razılaşdırılmış istiqamətlər üzrə konkret addımların atılması üçün siyasi zəmin formalaşdırır.

Əlaqələrin gələcək inkişafında iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Azərbaycanla Laos arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun səviyyəyə çatdırılması üçün biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı bazar imkanlarının öyrənilməsi və yeni layihələrin müəyyənləşdirilməsi vacibdir. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu bu baxımdan sahibkarların birbaşa təmaslarına və qarşılıqlı investisiya imkanlarının araşdırılmasına şərait yaradacaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və istehsal sahələrində əməkdaşlıq iqtisadi münasibətlərin daha konkret nəticələrə istiqamətlənməsinə imkan verəcəkdir.

Azərbaycanın iqtisadi imkanları və beynəlxalq investisiya təcrübəsi bu tərəfdaşlığın genişləndirilməsi üçün əlavə üstünlüklər yaradır. Ölkəmizin xarici bazarlarda həyata keçirdiyi investisiya layihələri yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından müsbət təcrübə formalaşdırıb. Laos tərəfindən təqdim ediləcək konkret layihələrin qiymətləndirilməsi və qarşılıqlı maraqlara uyğun təşəbbüslərin seçilməsi bu təcrübənin ikitərəfli əməkdaşlıqda tətbiqinə imkan verəcəkdir.

Nəqliyyat əlaqələri də gələcək tərəfdaşlığın perspektivli istiqamətlərindən biridir. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu və Trans-Xəzər marşrutundakı mövqeyi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və regionlararası nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər gələcəkdə bu imkanlardan qarşılıqlı fayda əldə edilməsinə şərait yaradacaqdır. Bunun üçün nəqliyyat marşrutlarının əlaqələndirilməsi, logistika imkanlarının öyrənilməsi və yük axınlarının artırılması istiqamətində birgə fəaliyyət vacibdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq: “Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.

Humanitar əlaqələrin inkişafı da münasibətlərin uzunmüddətli xarakter almasına xidmət edir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr arasında mövcud tarixi əlaqələrin göstəricisidir. Laoslu gənclər üçün təqaüd mexanizminin yaradılması bu ənənənin bərpasına, təhsil və mədəniyyət sahələrində təmasların genişlənməsinə imkan verəcəkdir. Eyni zamanda, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması hər iki ölkə üçün praktiki fayda verə biləcək əməkdaşlıq istiqamətlərindəndir.

Azərbaycan-Laos münasibətlərinin inkişafı üçün həm siyasi iradə, həm də qarşılıqlı maraqlara əsaslanan konkret imkanlar mövcuddur. Bu dost ölkənin dövlət başçısı Thonqlun Sisulitin rəsmi səfəri bu imkanların müəyyənləşdirilməsi və gələcək əməkdaşlığın istiqamətlərinin razılaşdırılması baxımından əhəmiyyətlidir. Əldə olunmuş razılaşmaların ardıcıl icrası, iqtisadi təşəbbüslərin reallaşdırılması və humanitar əlaqələrin genişləndirilməsi iki ölkə arasında dostluğun daha möhkəm tərəfdaşlığa çevrilməsinə xidmət edəcəkdir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2026