Mobil versiya
Zəngilan – Böyük Qayıdışın rəmzi
Tarix: 20-10-2026 | Saat: 11:16
Bölmə:Gündəm | çapa göndər

Zəngilan – Böyük Qayıdışın rəmzi

Kiçik Qafqazın cənub-şərq hissəsində, Araz çayının sahilində yerləşən Zəngilan rayonu qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də zəngin təbii sərvətlərə, kənd təsərrüfatı imkanlarına malik yaşayış məntəqələrindən biri kimi tanınıb. Bütün bu xüsusiyyətlər tarixən Zəngilanın daxil olduğu Zəngəzur qəzasını maraq dairəsinə çevirmiş, istər Çar Rusiyası dövründə, istərsə də ondan sonrakı illərdə onu ələ keçirmək, təbii sərvətlərinə sahib olmaq üçün məkirli planlar qurulmuşdur. Nəticə etibarilə, 1920-ci ilin aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasının bir hissəsi kimi işğal etmişdilər.

Taleyinə işğal, talançılıq yazılmış Zəngilan, müasir tariximizdə də eyni acı aqibətlə üzləşmiş, XX əsrin 90-cı illərində özünün ən ağrılı səhifələrindən birinə şahidlik etmişdi. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlamış olduğu işğalçılıq və etnik təmizləmə siyasəti 90-cı illərdə özünün ən çətin və dəhşətli mərhələsinə qədəm qoydu. Rusiyanın hərbi dəstəyi ilə Azərbaycana qarşı müharibəyə başlayan Ermənistan, 1993-cü il, oktyabrın 29-da Zəngilan rayonunu işğal etdi. İşğal dövründə Azərbaycanın zəbt edilmiş digər şəhər və rayonları kimi Zəngilan rayonu da yerlə yeksan edildi, yaşayış infrastrukturu, təsərrüfat və sosial obyektlə, eləcə də rayonun zəngin mədəni irsi vandalcasına dağıdıldı.

İşğal dövründə ermənilər təkcə Zəngilan rayonunda onlarla tarixi-mədəni abidələri, dini ibadət məkanlarını dağıdıb, yararsız vəziyyətə salıb ki, onlar arasında XVII əsrə aid olan İmam Hüseyn məscidi, Alban kilsəsi, XIV əsrə aid olan Səkkizguşəli türbə, Ziya Baba ocağı, Soltan ocağı, IX-XVI əsrlərə aid Şərifan abidələri və s. var.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Azərbaycanın işğal altında olan digər şəhər və rayonları kimi Zəngilanın da azad edilməsinə yol açdı. Azərbaycan Ordusunun uğurlu əkshücum əməliyyatları nəticəsində oktyabrın 20-də Zəngilan rayonu işğaldan azad edildi. 20 oktyabr 2020-ci il Zəngilan şəhərinin azad olunduğu tarix kimi rayonun tarixinə qızıl hərflərlə yazıldı. Zəngilanın azad edilməsi təkcə müharibədə qazanılan sıradan bir qələbə, yaxud hansısa rayonun azad edilməsi deyildi. Zəngilanın işğalına son qoyulması həm də Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində atılan ilk addımlardan biri idi. Belə ki, rayonun İranla sərhəddə yerləşməsi Azərbaycan Ordusuna cənub qonşumuzla sərhədə nəzarət etmək imkanlarını verirdi. Bu baxımdan Zəngilanın işğaldan azad edilməsi həm hərbi, həm də strateji üstünlük hesab olunurdu. Bu tarixinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncam əsasında oktyabrın 20-si Zəngilan Şəhəri Günü elan edildi.

Zəngilanın işğaldan azad edilməsi ilə qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsi kimi ötən illər ərzində Zəngilanda həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Zəngilanın daimi sakinlərinin öz doğma yurdlarına qayıtmasına yol açıb. Xüusilə, qeyd etmək lazımdır ki, Zəngilanın bərpasında Ağalı kəndinin xüsusi yeri var. Burada həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərdə müasir yaşayış modeli nümunəsini ortaya qoydu. 2022-ci ilin iyulundan Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıtması Böyük Qayıdış prosesinin ilk addımların atıldığının müjdəçisi, rəmzi idi. “Ağıllı kənd” modeli bir gerçəkliyi də ortaya qoyurdu ki, Azərbaycan dövləti və onun rəhbərliyi üçün təkcə yaşayış məntəqəsi salıb məcburi köçkünləri öz doğma torpaqlarına göndərmək prioritet deyil. Paralel olaraq məcburi köçkünlərin məşğulluğunun artırılması, rəqəmsal xidmətlərin genişləndirilməsi, onların sosial təminat məsələlərinin həlli də eyni dərəcədə prioritetdir. Zəngilan şəhərində yaşayış binaları, məktəb, uşaq bağçası, xəstəxana, inzibati və ictimai obyektlərlə yanaşı, elektrik, su, rabitə və yol infrastrukturunun yenidən qurulması bunun əyani sübutudur. Bütün bunlar Zəngilanın inkişafı və onun regionun mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə hesablanıb. Onu da qeyd etmək yerinə düşər ki, Zəngilanın yenidən qurulması prosesi çərçivəsində onun zəngin tarixi-mədəni irsi, dini ibadət məkanlarının da bərpası və yerli sakinlərin ixtiyarına verilməsi dövlətin diqqət mərkəzindədir və ötən müddət ərzində bu istiqamətdə görülən işlərin miqyasına nəzər yetirdikdə rayonda tarixi-mədəni irsin bərpası məqsədilə mühüm addımların atıldığını aydın şəkildə görürük. Zəngilan şəhər məscidinin yenidən qurulması, onun yanında yeni məscidin inşası, Şərifan və Yenikənd sərdabələri, Məmmədbəyli türbəsinin təmiri istiqamətində atılan addımların timsalında belə qənaətə gəlmək mümkündür.

İşğaldan zad edilmiş hər bir şəhər və rayonda olduğu kimi, Zəngilanda da həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işlərinin birbaşa Azərbaycan Prezidentinin nəzarəti altında olması burada görülən işlərinin həm sürətinə, həm də keyfiyyətinə müsbət təsir göstərir. Zəngilan işğaldan azad edildikdən sonra dövlət başçısı 12 dəfə bu rayona səfər edib ki, hər bir səfər də yeni-yeni layihələrin təməlinin qoyulması, açılış mərasimlərinin keçirilməsi ilə yadda qalıb.

Bu gün Zəngilan nəqliyyat-logistika mərkəzi kimi də diqqət mərkəzindədir və böyük potensiala malidkir. Belə ki, rayonun İranla sərhəddə, Ermənistanla həmsərhəd bölgədə yerləşməsi, eyni zamanda Naxçıvan üzərindən bağlantı imkanlarının olması Zəngilanı regional enerji, yükdaşımalar, anbar-logistika xidmətləri və beynəlxalq ticarət üçün cəlbedici mərkəzə çevirmiş olur. Digər tərəfdən Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xətti azad edilmiş ərazilərin əsas nəqliyyat və logistika şəbəkəsinə çevrilməsinə və bunula da Naxçıvanı inkişaf etdirməyə imkan verir.

Zəngilanın inkişaf potensialından danışarkən Zəngəzur dəhlizini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında olan əlaqələrin bərpasında Zəngəzur dəhlizi xüsusi rol oynayacaq ki, bu dəhlizin mühüm hissəsini də məhz Zəngilan rayonu təşkil edir. Bir qədər də konkretləşdirsək deyə bilərik ki, dəmir yolu və avtomobil yollarının inkişafı regionun tranzit imkanlarını yaratmaq üçün zəmin yaradır. Zəngəzur dəhlizinin işə düşməsi təkcə Zəngilanı nəqliyyat-logistika mərkəzi kimi cəlbedici etməyəcək, eyni zamanda onun turizmi, kənd təsərrüfatı, sosial həyatının da inkişafına zəmin yaradacaq.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026