Mobil versiya
”Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur” - DEPUTAT
Tarix: 20-10-2026 | Saat: 11:21
Bölmə:Gündəm | çapa göndər

”Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur”

20 oktyabr – Zəngilan şəhəri günüdür. Altı il əvvəl, 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək Vətən müharibəsinin gedişində mühüm strateji uğura imza atdı. Bu qələbə Qubadlı istiqamətində irəliləyişə yol açmaqla yanaşı, Azərbaycanın cənub-qərb sərhədləri boyunca nəzarətinin bərpasında mühüm mərhələ oldu.

Vətən müharibəsinin ilk günlərində Cəbrayıl istiqamətində əldə edilən hərbi uğurlar Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Nəticədə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Beş gün sonra, oktyabrın 25-də Qubadlı şəhəri də azad olundu. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycan bayrağını ucaltması rayonun həyatında yeni tarixi mərhələnin başlanmasının rəmzinə çevrildi.

Ötən altı ildə Zəngilan genişmiqyaslı bərpa və quruculuq məkanına çevrilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının ilk pilot layihəsi məhz Zəngilanın Ağalı kəndində həyata keçirilib. 2022-ci ildə istifadəyə verilən “ağıllı kənd” layihəsi müasir texnologiyaların kənd həyatına tətbiqi, rəqəmsal xidmətlərin təşkili və dayanıqlı yaşayış mühitinin yaradılması baxımından nümunəvi təcrübədir. Ağalıda yaşayışın bərpası ilə yanaşı, kənd təsərrüfatı, xidmət və digər iqtisadi fəaliyyət sahələrinin inkişafı da diqqət mərkəzindədir.
2026-cı il Zəngilanın inkişafında yeni mərhələ ilə əlamətdar olub. Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı keçirilib. Bununla da Böyük Qayıdış artıq yalnız kəndləri deyil, Zəngilan şəhərinin özünü də əhatə edib. Zəngilan şəhərində 84, Ağalı kəndində 234, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Bu, rayonda sosial həyatın bərpasının göstəricisidir.

Zəngilanın inkişafını şərtləndirən əsas amillərdən biri onun mühüm geostrateji mövqeyidir. Şərqi Zəngəzurun əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək potensialına malik olan rayon Azərbaycanın regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu istiqamətində həyata keçirilən layihələr Zəngilanın strateji əhəmiyyətini daha da artırır.

Zəngilan Zəngəzur dəhlizinə açılan qapı kimi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat və iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır.
Rayonun bərpasında ekoloji təhlükəsizlik də mühüm istiqamətdir. İşğal dövründə Oxçuçayın çirkləndirilməsi, təbii sərvətlərin, o cümlədən Vejnəli qızıl yatağının qanunsuz istismarına dair faktlar beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılıb.
Zəngilanda həmçinin mədəni irsin bərpası istiqamətində addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası və yeni məscid binasının inşası, tarixi-mədəni irsin qorunması, turizm infrastrukturunun yaradılması rayonun sosial-mədəni həyatının dirçəldilməsinə xidmət edir.

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini bərpa etməsindən sonra azad edilmiş ərazilərdə təhlükəsizlik və idarəetmə baxımından yeni şərait formalaşıb. Hazırda əsas prioritetlər təhlükəsiz yaşayış mühitinin möhkəmləndirilməsi, mina təhlükəsinin aradan qaldırılması, dayanıqlı məşğulluğun yaradılması və əhalinin doğma yurdlarına mərhələli qayıdışıdır.

Prezident İlham Əliyevin Zəngilanın regionun ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı müəyyənləşdirdiyi hədəf bu gün həyata keçirilən şəhərsalma layihələrində öz əksini tapır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı Zəngilanın müasir, ekoloji baxımdan dayanıqlı və iqtisadi cəhətdən fəal yaşayış məkanına çevrilməsini nəzərdə tutur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026