Mobil versiya
Benzin və dizellə işləyən avtomobillərlə bağlı MÜHÜM AÇIQLAMALAR
Tarix: 24-10-2026 | Saat: 18:48
Bölmə:Ölkə | çapa göndər

Benzin və dizellə işləyən avtomobillərlə bağlı


Azərbaycanda benzin və dizellə işləyən avtomobillərin gələcəyi ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Uzunmüddətli strategiyaya əsasən, 2035-ci ilədək daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması üçün ilkin planlaşdırma aparılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur.

Bu hədəflər Azərbaycanda avtomobil bazarının gələcəyi, vətəndaşların nəqliyyat vasitəsi seçimi və elektromobillərə keçidin iqtisadi tərəfləri ilə bağlı bir sıra suallar doğurur.

Ənənəvi avtomobillərin istismardan çıxarılması hansı mexanizmlərlə həyata keçiriləcək? Bu proses sürücülərin xərclərinə, avtomobillərin qiymətinə və ölkəyə avtomobil idxalına necə təsir edəcək? Bəs elektrik avtomobillərinə keçid üçün Azərbaycanda infrastruktur və iqtisadi imkanlar yetərlidirmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a danışıb:

"Yeni strategiya uzunmüddətli perspektivə hesablanmış yol xəritəsidir və hazırda istismarda olan benzin və dizel mühərrikli avtomobillərin dövriyyədən çıxarılması demək deyil. İlkin mərhələdə, əsasən, ictimai nəqliyyatda, xüsusilə sərnişindaşımada istifadə olunan daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz alternativlərlə əvəzlənməsi nəzərdə tutulur. Proqramın əsas məqsədlərindən biri atmosferə atılan karbon qazı (CO₂) emissiyalarını azaltmaqdır. Bu tədbirlər yalnız nəqliyyat sahəsini deyil, karbon emissiyalarının yüksək olduğu digər sektorları da əhatə edir. Artıq Bakı və Naxçıvanda ictimai nəqliyyatda sıxılmış qazla işləyən avtobuslardan istifadə olunur, elektrobusların sayı da artır. Bakı şəhərində avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə yenilənməsi istiqamətində işlər görülür. Gələcəkdə bu təcrübənin Azərbaycanın digər şəhərlərində də tətbiqi gözlənilir".

Bununla belə, ekspert hesab edir ki, benzin və dizel mühərrikli avtomobillər ölkəmizdə hələ uzun müddət istismarda qalacaq:

"Elektromobillərə geniş keçid üçün ilk növbədə müvafiq infrastrukturun inkişaf etdirilməsi vacibdir. Hazırda enerji doldurma məntəqələrinin sayı kifayət qədər deyil, bəzi məntəqələr isə səmərəli fəaliyyət göstərmir. Xüsusilə Bakıdan kənarda elektrik doldurma infrastrukturunun əlçatanlığı və fasiləsiz fəaliyyəti ilə bağlı problemlər mövcuddur. Bu səbəbdən elektromobillərə keçid vaxt tələb edəcək. Digər mühüm məsələ elektromobillərin qiymətidir. Onların alınmasını stimullaşdırmaq məqsədilə dövlət dörd il əvvəl müəyyən rüsum güzəştləri tətbiq etmişdi. Lakin güzəştlərin müddəti artıq başa çatıb. Yeni strategiyanın səmərəli həyata keçirilməsi üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin alınmasını təşviq edən əlavə proqramlara və güzəştlərə ehtiyac yarana bilər. Bank sektorunun da bu prosesdə rolu var. Avtokreditlərin əldə edilməsində çətinliklər yaşanır, hətta yüksək maaş alan və dövlət qulluğunda çalışan bəzi vətəndaşlara da kredit verilməsindən imtina edilir. Maliyyələşmə imkanlarının yaxşılaşdırılması elektromobillərin əhali üçün əlçatanlığını artıra bilər".

Eldəniz Cəfərov bank sektorunun da bu prosesdə roluna diqqət çəkib:

"Azərbaycanda köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün könüllü utilizasiya proqramı həyata keçirilir. Avtomobil sahibləri yararlı və ya yararsız nəqliyyat vasitələrini təhvil verərək əvəzində vauçer əldə edə bilərlər. Həmin vauçerdən pul şəklində yararlanmaq və ya yeni avtomobil alarkən müəyyən güzəştlərdən istifadə etmək mümkündür. Beləliklə, nəqliyyat sektorunun mərhələli şəkildə elektrikləşdirilməsi infrastrukturun inkişafından, maliyyə əlçatanlığından və dövlətin stimullaşdırıcı tədbirlərindən asılı olacaq. Yeni strategiya mövcud avtomobillərin dərhal dövriyyədən çıxarılmasını deyil, daha ekoloji nəqliyyat sisteminə tədricən keçidi nəzərdə tutur".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2026