Mobil versiya
Səttar Möhbalıyev: "Bakıdan dünyaya dialoq mədəniyyəti, birlik və etimad gələcəyin təminatıdır mesajı verildi"
Tarix: 27-10-2026 | Saat: 17:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "Bakıdan dünyaya dialoq mədəniyyəti, birlik və etimad gələcəyin təminatıdır mesajı verildi"

Mədəniyyətlərarası dialoq qarşıdurmaların dərinləşdiyi müasir dünyada xalqları yaxınlaşdıran, qarşılıqlı etimadı gücləndirən və davamlı sülhə xidmət edən mühüm vasitədir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın bu sahədəki mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha diqqətə çatdırdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı keçirildi. 100-dən artıq ölkəni təmsil edən qonaqların və 2000-dən çox iştirakçının bir araya gəlməsi Forumun beynəlxalq əhəmiyyətini, qlobal problemlərin müzakirəsi üçün mühüm platformaya çevrildiyini göstərir. Cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı isə mədəniyyətlərarası münasibətlərin yalnız mənəvi dəyər deyil, həm də dövlətlərin sabitliyi və beynəlxalq əməkdaşlığın inkişafı üçün strateji amil olduğunu bir daha vurğuladı. Azərbaycanın coğrafi mövqeyi əsrlər boyu onu Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanlardan birinə çevirib. Lakin ölkəmizin üstünlüyü yalnız coğrafiya ilə məhdudlaşmır. Multikulturalizm, dini dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayış ənənələri xalqımızın tarixi-mənəvi irsinin mühüm hissəsidir. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanda müxtəlif etnik və dini qrupların bərabər hüquqlara malik olması və vahid cəmiyyətin üzvləri kimi yaşamasıdır. Bu modelin mühüm xüsusiyyəti ondan ibarətdir ki, müxtəliflik cəmiyyəti parçalamaq üçün deyil, onu zənginləşdirmək və birləşdirmək üçün əsasdır. Azərbaycançılıq ideyası ətrafında formalaşan milli birlik, xüsusilə ölkəmizin ən çətin sınaqlarla üzləşdiyi dövrlərdə öz gücünü nümayiş etdirib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımızın həmrəyliyi müstəqilliyin qorunmasında, ərazi bütövlüyünün bərpasında və milli məqsədlərin reallaşdırılmasında mühüm rol oynayıb.

Forumun əhəmiyyəti Azərbaycanın təcrübəsinin beynəlxalq müstəvidə təqdim olunması ilə yanaşı, mədəniyyətlərarası dialoqun real nəticələrə çevrilməsi zərurətindən də irəli gəlir. Müasir dünyada münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların, qarşılıqlı inamsızlığın artdığı bir vaxtda dialoq alternativsiz ehtiyacdır. Xalqlar arasında körpülər qurmaq, fərqliliklərə hörmətlə yanaşmaq və qarşılıqlı anlaşmanı gücləndirmək qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Cənab Prezidentin çıxışında Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi də multikulturalizm və müstəqil siyasətlə əlaqələndirildi. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa İttifaqının üzv dövlətləri ilə əməkdaşlıq, beynəlxalq təşkilatlarda fəal iştirak ölkəmizin müxtəlif siyasi və mədəni platformalar arasında əlaqələndirici rolunu gücləndirir. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək olması bu beynəlxalq etimadın mühüm göstəricilərindəndir. Bununla yanaşı, ölkəmizin enerji və nəqliyyat bağlantılarında artan rolu, regional əməkdaşlığa verdiyi töhfələr Azərbaycanın dialoq siyasətinin praktiki əhəmiyyətini də nümayiş etdirir. Çünki etimad yalnız bəyanatlarla deyil, qarşılıqlı fayda yaradan əməkdaşlıq, sabit münasibətlər və ortaq maraqlar əsasında möhkəmlənir. Cənab Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas nəticə budur ki, davamlı inkişaf və sülh üçün xalqlar arasında dialoqla yanaşı, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsipinə əməl olunmalıdır. Başqalarının dəyərlərinə hörmət etmək, onların seçimlərinə müdaxilə etməmək və bərabərhüquqlu münasibətlər qurmaq beynəlxalq münasibətlərin sağlam əsasını təşkil edir.

Bakı Forumu bir daha göstərir ki, mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq siyasətində təsadüfi istiqamət deyil, tarixi təcrübəyə və milli dəyərlərə söykənən ardıcıl yanaşmadır. Ortaq gələcək naminə dialoq fərqlilikləri aradan qaldırmaq deyil, həmin fərqliliklər daxilində anlaşma yaratmaq bacarığıdır. Dünyanın bu gün ən çox ehtiyac duyduğu da məhz belə bir yanaşmadır: qarşıdurma əvəzinə əməkdaşlıq, ayrı-seçkilik əvəzinə bərabərlik, divarlar əvəzinə körpülər qurmaq-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026