Mobil versiya
“Azərbaycan” həm müqəddəs vətənimizin ismi, həm də ən ali ideyanın adıdır”
Tarix: 27-10-2026 | Saat: 22:33
Bölmə:Gündəm / Siyasət | çapa göndər

“Azərbaycan” həm müqəddəs vətənimizin ismi, həm də ən ali ideyanın adıdır”


Bu gün Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib.

Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən üç məqam var.

Birincisi, prezident İlham Əliyev öz nitqində Azərbaycançılıq ideologiyasına yenidən nəzər saldı:

“O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.

İkincisi, Azərbaycan strateqi ideoloji təhdidlərə yenidən diqqət çəkdi:

“Azərbaycanda hər hansı daxili risklər yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq”.

Üçüncüsü, Prezident və ölkənin ən mütəşəkkil siyasi partiyasının rəhbəri İlham Əliyev ideoloji suverenliyin qorunmasında öz qətiyyətli və prinsipial mövqeyini daha bir dəfə açıq ifadə etdi:

“İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”.

Bəli, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan tam ideoloji suverenliyə nail olmaq üçün konkret tədbirlər görür, addımlar atır, tərəqqi modelini təkmilləşdirir. Bizim tərəqqi modelimizin əsasında müstəqillik tariximizin ən mühüm siyasi-intellektual platforması kimi Azərbaycançılıq ideologiyası dayanır.

Azərbaycançılıq Konstitusiyamızın bütün fəlsəfi təməllərini ehtiva etməklə, həm cəmiyyətdə mövcud olan fərqləri qəbul edir, həm də həmin fərqləri vətəndaşlıq məkanında birləşdirir.

Müasir Azərbaycançılıq ideyasının dövlət fəlsəfəsinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin möhtəşəm tarixi xidmətidir.

Yaşı imkan verənlər müstəqilliyin ilk illərini yaxşı xatırlayırlar.

İdarəçilikdə böhran, torpaqların işğalı, etnik və dini seperatizm, müstəqilliyin itirilmək təhlükəsi ilə üz-üzə idik.

Totalitar bolşevik imperiyasının dağılmasından sonra digər post-sovet ölkələri kimi, Azərbaycan da ideoloji boşluq və sosial aqoniya içində idi.

Müstəqil Azərbaycan dövlətinin bütün vətəndaşlarını hansı ideya ətrafında birləşdirmək mümkün olardı?

Heydər Əliyev AZƏRBAYCANÇILIQ dedi.

Azərbaycan xalqının tarix şüuruna, indiki və gələcək nəsillər qarşısındakı ortaq məsuliyyətinə söykənən müstəqillik idealı məhz Heydər Əliyevin sayəsində tərəqqi platformasına çevrildi.

Bu gün bizim fiziki məkanımız Azərbaycan, intellektual vətənimiz Azərbaycançılıqdır.

Azərbaycançılıq davamlı inkişaf edən, tarixi şəraitə öz prinsipləri ilə yön verən çoxşaxəli konsepsiyadır.

Dövlət başçısı öz çıxışında diqqət çəkdi, İkinci Qarabağ Savaşının iştirakçısı kimi mən də şahidlik edirəm.

44 günlük Vətən Müharibəsində kimin hansı bölgədən olması, etnik mənşəyi, dini etiqadı, sosial mənsubiyyəti qətiyyən müzakirə mövzusu deyildi.

“Azərbaycan” həm müqəddəs vətənimizin ismi, həm də ən ali ideyanın adıdır.

Cəmiyyətimizin intellektual və emosional həmrəyliyini Azərbaycan idealı yaradır.

Əlbəttə, demokratik cəmiyyətdə insanlar bir sıra məsələlərdə fərqli mövqelər tuta bilərlər. Lakin dövlətin müstəqilliyi, ölkənin suverenliyi və vətəndaşlıq hüquqlarının qorunması kimi fundamental məsələlərdə milli birliyimizin qaynağı Azərbaycançılıq məfkurəsidir.

Bu məfkurədən kənarda milli maraqlarımızın müəyyənləşdirmək və gələcəyin konturlarını cızmaq mümkün deyil.

Tam səmimiyyətlə və cəsarətlə deyirəm:

Azərbaycançılıq ideologiyasına ağız büzən heç bir cərəyan xalqımızın və dövlətimizin gələcək təsəvvürləri ilə bağlaşmır.

İdeoloji təhlükəsizliklə bağlı dövlət başçısı səviyyəsində ifadə edilən narahatlıqlar da bu məqamda üzə çıxır.

Bir cəmiyyətin zehniyyətini işğal etmək və təsəvvürlərini dəyişmək bir dövlətin ərazisini işğal və istismar etməkdən daha təhlükəlidir. İndiki zamanda ictimai rəyə, siyasi gündəliyə və milli fikir müəssisəsinə təsir göstərmək üçün dövlət sərhədlərini fiziki olaraq keçmək zəruri deyil. Neo-imperial qüvvələr çeşidli informasiya resursları, sosial şəbəkələr, transmilli siyasi və dini şəbəkələr, troll fabrikləri vasitəsi ilə Azərbaycanın timsalında milli qüruru pərvazlanmış, özünə inamı güclənmiş, “Orta güc”ə çevrilmək üçün ardıcıl addımlar atan modern toplumları öz tərəqqi relsindən çıxarmağa çalışırlar.

Zira, güzgüyə baxsalar, özlərini heç də Azərbaycan toplumuna təqdim etmək istədikləri simada görməyəcəklər.

İllərdir Ermənistana hamilik edən, ölkəmizə həqarətlə yanaşan Fransada baş verən son hadisələr həm də onu göstərdi ki, Azərbaycan öz viziyasını Parisin təlimatı ilə müəyyənləşdirə bilməz.

İllərdir Azərbaycanda sekulyar sistemi təhdid etmək üçün məmləkətimizə dini cərəyan ixrac edən İranın viran qalması təsdiq edir ki, Azərbaycan modern, dünyəvi və proqressiv milli hədəflərini Tehranın moizələri ilə təftiş edə bilməz.

İllərdir Azərbaycanın müstəqilliyini boğmağa, geopolitik akterə çevrəlməsini əngəlləməyə çalışan Rusiyanın Ukraynada bataqlığa düşməsi bizə deyir ki, Moskva heç bir halda yenidən xalqımıza ağa ola bilməz.

İllərdir nurçu-klerikal şəbəkələr vasitəsi ilə Azərbaycanı “82-ci əyalət”ə çevirmək istəyən Türkiyənin əməvi zehniyyəti ilə reqress etməsi Nəsib bəy Yusifbəylinin məşhur kəlamını bizə yenidən xatırladır: Bakı İstanbuldan, Ankaradan idarə oluna bilməz.

Ayıq-sayıq olmalıyıq!

Diqqət edin, bizim Ermənistanla ideoloji savaş təcrübəmiz tam fərqli çərçivədə idi.

Ermənilər deyirdi: “Qarabağ bizimdir və nöqtə”

Biz isə öz cavabımızla həm həqiqəti bərpa etdik, həm də Cənubi Qafqazda yeni reallıq yaratdıq: “Qarabağ bizimdir və nida”.

Bu konfliktdə iddialar birbaşa, yanaşmalar birmənalı idi.

Lakin dövlətçilik identifikasiyası zəif olan ermənilərdən fərqli olaraq, heç kim Azərbaycanın üstünə bu cür açıq və qəti iddialarla gəlmir.

Neo-imperial iddialar bəzən ölkə daxilindəki sosial problemlərin arxasında gizlənir.

Neo-imperial təhdidlər bəzən tarixi hafizəmizi korlamağa, milli kimliyimizi mübahisələndirməyə, tərəqqi modelimizi kirlətməyə çalışır.

Neo-imperial təzyiqlər bəzən Konstitusiyamızın dəyişməz maddələrini sorğulamaq, qərarları yenidən nəzərdən keçirmək, dövlət-vətəndaş münasibətlərini gərginləşdirmək metodu ilə işə düşür.

Neo-imperial yanaşmalar bütün halllarda və formalarda sonda Azərbaycana həmişə eyni tezis diktə edir: “Biz olmasaq, siz heç nəyə qadir deyilsiniz”.

Prezident İlham Əliyevin liderliyi ilə nəyə qadir olduğumuzu artıq bilənlər bilir, bilməyənlərə də öyrədirik.

Nəyə qadir olduğumuzu sadalamaq sonraya qalsın, amma bircəciyini deyib yazını sonlandırım: Heç kimin minnətini götürmədən Qarabağda qazandığımız tarixi zəfərlə dünyanın bütün geopolitik laylarını yerindən oynatmışıq!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026