Mobil versiya
Prezident İlham Əliyevdən beynəlxalq ictimaiyyətə mühüm mesajlar
Tarix: 29-10-2026 | Saat: 13:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevdən beynəlxalq ictimaiyyətə mühüm mesajlar

Müasir dünya ciddi qarşıdurmalar, münaqişələr, dini və etnik ayrı-seçkilik, qarşılıqlı etimadsızlıq və beynəlxalq hüquqa selektiv yanaşma ilə üz-üzədir. Belə bir şəraitdə mədəniyyətlərarası dialoq yalnız xalqlar və dinlər arasında ünsiyyət vasitəsi deyil, həm də sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın mühüm şərtidir. Məhz buna görə Bakının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 27-də Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi mühüm mesajlarla diqqət çəkdi. Dövlətimizin başçısı yalnız Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrindən deyil, eyni zamanda müasir beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən danışaraq ədalətli beynəlxalq nizamın formalaşdırılması üçün mühüm çağırışlar səsləndirdi. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət, ikili standartların aradan qaldırılması və beynəlxalq təşkilatların qərarlarının icrasına real mexanizmlərin yaradılması bu mesajların əsasını təşkil edirdi.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Forum Azərbaycanın öz təcrübəsini dünya ilə bölüşdüyü, eyni zamanda qlobal problemlərin həlli ilə bağlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdığı mühüm platformadır. Azərbaycanın mesajı ondan ibarətdir ki, milli kimliyi və dəyərləri qorumaqla dünyaya açıq olmaq, dövlətçilik maraqlarını müdafiə etməklə dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək mümkündür. Prezident İlham Əliyevin Forumdakı çıxışı da məhz bu yanaşmanın daha geniş beynəlxalq müstəvidə ifadəsi oldu. Dövlətimizin başçısı mədəniyyətlərarası dialoqla yanaşı, beynəlxalq münasibətlər sisteminin əsas problemlərinə, xüsusilə beynəlxalq hüququn aliliyinə və dövlətlərin suverenliyinə hörmət məsələsinə diqqət çəkdi.

Bu baxımdan qeyd etməliyik ki, Azərbaycanın 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasını tələb edən dörd qətnaməsinin icra edilməməsi ilə bağlı yaşadığı təcrübə beynəlxalq sistemdəki ciddi boşluqları üzə çıxarıb. Qətnamələrin icrasını təmin edən effektiv mexanizmin olmaması və Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi beynəlxalq hüquqa münasibətdə ikili standartların mövcudluğunu açıq şəkildə göstərib. Bu təcrübə göstərdi ki, beynəlxalq hüququn nüfuzu yalnız qərarların qəbulundan deyil, onların icrasını təmin edən təsirli mexanizmlərdən asılıdır. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması beynəlxalq sistemin islahatı baxımından mühüm məsələlərdən biri olmalıdır. Əks halda, qəbul edilən qərarların icra olunmaması beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara olan inamı zəiflədir.

İkili standartların yolverilməzliyi də Azərbaycanın mövqeyində mühüm yer tutur. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, etnik təmizləmə siyasəti aparması, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması, tarixi və dini abidələrin, o cümlədən 65 məscidin dağıdılması fonunda işğalçı dövlətə qarşı real sanksiyaların tətbiq edilməməsi bunun bariz nümunəsi idi.
Azərbaycan bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi çıxış edir. Lakin ölkəmiz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı prinsipial mövqeyini davam etdirir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə vahid meyarlarla yanaşılması, heç bir ölkəyə öz iradəsinin diktə edilməməsi və dövlətlərin daxili işlərinə müdaxiləyə yol verilməməsi daha ədalətli beynəlxalq münasibətlər sisteminin əsas şərtlərindəndir.

Azərbaycanın “divarlar deyil, körpülər qurmaq” siyasəti də məhz bu yanaşmaya əsaslanır. Ölkəmiz müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı anlaşma mənbəyinə çevrilməsini müdafiə edir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu siyasətin beynəlxalq müstəvidə mühüm ifadəsidir. Bakının belə mötəbər tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi, AQEM Zirvə Görüşünə ev sahibliyi etməyimiz, təşkilatda sədrliyimizin daha iki il uzadılması, həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dəvət olunmağımız ölkəmizə müxtəlif siyasi və coğrafi platformalarda göstərilən etimadın ifadəsidir.

Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun yalnız siyasi və iqtisadi imkanlarla deyil, həm də dünyaya təqdim etdiyi dəyərlərlə şərtləndiyini göstərir. Milli həmrəylik, multikulturalizm, suverenliyə hörmət, müstəqil xarici siyasət və dialoq Azərbaycanın beynəlxalq siyasətinin əsas dayaqlarıdır. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mesajı da məhz budur: fərqliliklər qarşıdurma üçün deyil, əməkdaşlıq və ortaq gələcək üçün imkan yaratmalıdır. Bu gün Bakı müxtəlif mədəniyyətlərin sadəcə görüşdüyü deyil, fərqli mövqelərin dinlənildiyi, qarşılıqlı etimadın möhkəmləndirildiyi və qlobal problemlərin dialoq yolu ilə müzakirə olunduğu mühüm beynəlxalq məkandır. Azərbaycanın dünyaya verdiyi mesaj aydındır: daha təhlükəsiz və ədalətli dünya qarşıdurma divarlarının deyil, qarşılıqlı hörmət və əməkdaşlıq körpülərinin üzərində qurulmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026