Mobil versiya
Yeni Azərbaycan Partiyası: dövlətçilik tariximizin yeni mərhələsini müəyyən edən siyasi iradə
Tarix: 19-11-2026 | Saat: 15:03
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası: dövlətçilik tariximizin yeni mərhələsini müəyyən edən siyasi iradə

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Ölkənin mürəkkəb siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi, dövlət müstəqilliyinin və milli dövlətçiliyin ciddi sınaqlara məruz qaldığı bir şəraitdə yeni siyasi təşkilatın yaradılması zərurəti meydana çıxmışdı. Bu zərurət ayrı-ayrı siyasi maraqlardan daha geniş məzmun daşıyır, Azərbaycanın gələcəyinə görə məsuliyyətin bölüşdürülməsini və milli maraqlar ətrafında birliyin təmin olunmasını tələb edirdi.
1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti həmin dövrün ictimai-siyasi mənzərəsində xüsusi yer tutdu. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd ölkənin gələcəyi ilə bağlı narahatlığın və siyasi məsuliyyətin ifadəsi idi. Heydər Əliyevin oktyabrın 24-də müraciətə verdiyi cavabda belə bir partiyanın yaradılmasının obyektiv zərurətdən doğduğu vurğulanırdı. Noyabrın 21-də Naxçıvanda 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqram və Nizamnaməsi təsdiqləndi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən tarixi zərurət onun sonrakı fəaliyyət istiqamətlərini də müəyyənləşdirdi. Partiya dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və milli maraqların müdafiəsi kimi fundamental məsələləri fəaliyyətinin əsas prioritetlərinə çevirdi. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi və dövlətçilik konsepsiyası əsasında formalaşan bu xətt partiyanın ictimai-siyasi həyatda mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas xüsusiyyəti dövlətçilik maraqlarının bütün digər siyasi və ictimai məqsədlərdən üstün tutulması idi. Azərbaycançılıq ideologiyası, milli həmrəylik, müstəqillik, qanunun aliliyi və sosial ədalət prinsipləri bu siyasi xəttin ideoloji dayaqlarını təşkil etdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın yalnız yarandığı dövrün tələbləri ilə məhdudlaşmadığını, gələcək inkişaf mərhələləri üçün də siyasi və ideoloji məsuliyyət daşıdığını ifadə edirdi.
Bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun davam etdirilir. Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər, iqtisadi potensialının genişlənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi və ərazi bütövlüyü ilə suverenliyinin tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında qeyd etdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri partiyanın yaranması ilə sonrakı dövlətçilik prosesləri arasındakı tarixi əlaqəni ifadə edir.
2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları fonunda baş tutdu. Dövlət başçısının qurultaydakı çıxışında ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yeni mərhələnin başlandığı xüsusi vurğulandı. Bu reallıq partiyanın qarşısında duran vəzifələrin də məzmununu genişləndirir. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın şaxələndirilməsi, insan kapitalının gücləndirilməsi və milli təhlükəsizliyin təmin olunması yeni mərhələnin əsas prioritetləri sırasındadır.
Partiyanın strateji dəyərlər sistemində Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı mühüm yer tutur. Bu dəyərlər siyasi fəaliyyətin ideoloji əsaslarını müəyyən etməklə yanaşı, dövlət və cəmiyyət münasibətlərinin inkişafı, ictimai həmrəyliyin qorunması və milli maraqların müdafiəsi baxımından da əhəmiyyət daşıyır.
Müasir siyasi şəraitdə partiyanın fəaliyyətinin səmərəliliyi tarixi ənənələrin qorunması ilə yanaşı, yeni ictimai tələblərə uyğunlaşmaq qabiliyyəti ilə də ölçülür. Gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, təşəbbüskarlığın dəstəklənməsi, peşəkarlığın artırılması və vətəndaşlarla davamlı əlaqələrin gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Siyasi təşkilatın cəmiyyətdəki rolu yalnız keçmiş nailiyyətlərlə deyil, gələcəyin çağırışlarına verdiyi cavablarla da müəyyən olunur.
21 noyabr 1992-ci il Azərbaycanın siyasi tarixində yeni təşkilatın yaradıldığı tarix olmaqla yanaşı, milli dövlətçilik naminə siyasi məsuliyyətin və birliyin ifadəsinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji-siyasi xətt və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir inkişaf mərhələsi bu tarixin davamlılığını göstərir. Bu gün əsas məsələ həmin tarixi irsi müasir dövrün tələbləri ilə uzlaşdırmaq, dövlətçilik maraqlarına xidmət edən siyasi məsuliyyəti və ictimai fəallığı qorumaqdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026