Mobil versiya
Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq və qarşılıqlı etimad üzərində qurulub
Tarix: 23-11-2026 | Saat: 17:28
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq və  qarşılıqlı etimad üzərində qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birini – Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin, qarşılıqlı etimadın və çoxşaxəli əməkdaşlığın inkişafını əks etdirən əhəmiyyətli siyasi məzmunlu çıxışdır.

Azərbaycan ilə Vyetnam arasında təxminən yetmişillik tarixə malik münasibətlərin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Həmin səfər iki xalq arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm rol oynayıb. Bu əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olub. 1983-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirib. Səfərin ölkənin müxtəlif regionlarını əhatə etməsi Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricisi idi. Əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatına mühüm töhfə verməklə gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi.

Müstəqillik dövründə də bu dostluq ənənələri qorunaraq yeni məzmun qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri siyasi dialoqun davamlılığını təmin edib. Münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib, siyasi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Bu gün Azərbaycan-Vyetnam münasibətləri dövlət başçıları səviyyəsindəki təmaslarla yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar arasında əməkdaşlıq vasitəsilə də inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələr bu baxımdan xüsusi qeyd olunmalıdır. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət də ölkələrimizin siyasi dialoqunun mühüm istiqamətlərindəndir.

Prezident İlham Əliyevin müsahibəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin malik olduğu potensialı tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Enerji sektoru Azərbaycan–Vyetnam iqtisadi münasibətlərinin ənənəvi istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəsi Vyetnamla günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq üçün yeni perspektivlər yaradır.

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı da artır. “ROX Group” şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi bunun konkret nümunəsidir. Ötən ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əlaqələrin praktiki məzmununun genişləndirilməsi baxımından mühüm addımdır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu da Vyetnamla əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu dinamika ölkəmizin beynəlxalq logistika sistemində artan rolunu nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması, eləcə də qarşılıqlı ticarətin genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Azərbaycanın liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu bu marşrutlarda səmərəli logistika xidmətlərinin təşkilinə şərait yaradır. Beləliklə, tranzit əməkdaşlığı yalnız yükdaşımaların artmasına deyil, həm də yeni investisiya layihələrinin reallaşdırılmasına və biznes əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir: “Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək”.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən digər mühüm məqam Azərbaycanın beynəlxalq nəqliyyat və energetika sistemindəki mövqeyinin Vyetnamla əməkdaşlıq baxımından yaratdığı imkanlardır. Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika habı kimi qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş potensiala malikdir. Bu üstünlüklərin uzlaşdırılması yeni bazarlara çıxış, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm perspektivlər vəd edir.

Beləliklə, Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri yeni məzmun və praktiki istiqamətlər qazanır. Tarixi dostluq əlaqələri üzərində qurulan bu əməkdaşlıq artıq enerji, investisiya, ticarət, nəqliyyat və logistika sahələrində konkret nəticələrlə müşayiət olunur. Qarşıdakı dövrdə mövcud potensialın daha dolğun reallaşdırılması, imzalanmış sənədlərin səmərəli icrası və biznes əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəfləri olacaqdır. Bu proses həm Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə, həm də Vyetnamla qarşılıqlı faydalı tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026