Mobil versiya
Gömrükdə rotasiya: Kim, nə vaxt və hansı əsasla vəzifəsini dəyişəcək?
Tarix: 24-11-2026 | Saat: 13:49
Bölmə:Parlament / Karusel | çapa göndər

Gömrükdə rotasiya:

Gömrük orqanlarında rotasiyanın əsas məqsədi müxtəlif struktur və ərazi bölmələrində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsidir.

aia.az xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsi yalnız kadrların təcrübə və bacarıqlarının müəyyənləşdirilməsinə deyil, dövlət orqanlarında işəgötürmə və idarəetmə qaydalarının təkmilləşdirilməsinə, hökumətə etimadın gücləndirilməsinə, institusional çevikliyin və korporativ şəffaflığın artırılmasına xidmət edir.

Deputatın sözlərinə görə, gömrük orqanlarında rotasiyanın tətbiqi müxtəlif struktur və ərazi bölmələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, idarəetmə standartlarının vahidləşdirilməsinə və yeni peşə bacarıqlarının qazanılmasına imkan yaradır. Eyni zamanda, bu mexanizm əməkdaşların eyni vəzifədə uzun müddət fəaliyyət göstərməsi nəticəsində yarana biləcək mənfi halların qarşısını almağa kömək edir.

R.Muradov qeyd edib ki, gömrük orqanlarının çoxşaxəli funksiyaları və daxili iş bölgüsü kadr potensialından səmərəli istifadə baxımından rotasiyanın tətbiqini zəruri edir.

O, qanunvericilikdə mövcud hüquqi tənzimləmələrə də diqqət çəkib. Bildirib ki, müvafiq Əsasnamənin 52-ci maddəsi xidmət yerinin və ya vəzifənin dəyişdirilməsini ümumi qaydada əməkdaşın razılığı ilə nəzərdə tutur, 53-cü maddə isə başqa vəzifəyə keçirilmənin əsaslarını müəyyənləşdirir.

Deputatın fikrincə, mövcud müddəalar rotasiyanın müstəqil hüquqi əsas kimi tətbiqini tam əhatə etmir. Bu səbəbdən əməkdaşın şəxsi təşəbbüsü ilə vəzifə dəyişikliyi ilə xidməti zərurətdən irəli gələn rotasiya arasında hüquqi fərqləndirmənin aparılması vacibdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026