Mobil versiya
Kəlbəcər: Dağıntının izlərindən dirçəlişə gedən yol
Tarix: 24-11-2026 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər: Dağıntının izlərindən dirçəlişə gedən yol

Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olundu. İşğal rayon üçün ağır insan itkiləri ilə yadda qaldı: 511 dinc sakin həyatını itirdi, 321 nəfər əsir götürüldü və itkin düşdü.

İşğal dövründə rayonun mədəni və sosial infrastrukturuna da böyük zərbə dəydi. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və minlərlə yaşayış evi talan olunaraq dağıdıldı. Rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.
Dağıntı təkcə işğal illəri ilə bitmədi. 2020-ci ildə ermənilər Kəlbəcərdən çıxarkən də talan və yanğınları davam etdirdilər. Azad olunmuş Kəlbəcərə səfər edən Prezident İlham Əliyev həmin mənzərəni belə təsvir etmişdi: şəhər tamamilə dağıdılıb, bütün binalar yararsız hala salınıb. Ermənilər yaşadıqları evləri belə çıxarkən yandırıb, söküblər. Ağaclar kəsilib, binalar dağıdılıb. Dövlət başçısının sözlərinə görə, bu, erməni faşizminin dəyişməyən simasıdır - 1990-cı illərin əvvəlində də, 2020-ci ildə geri çəkilərkən də eyni dağıdıcılıq nümayiş etdirilib.
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi döyüşlərlə azad olundu. Murovdağ istiqamətində strateji yüksəkliklərin ələ keçirilməsi erməni qüvvələrinin həmin cəbhədə manevr imkanlarını xeyli məhdudlaşdırdı. Rayonun əsas hissəsi isə Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra azadlığa qovuşdu.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı. O, çıxışında bildirdi ki, düşmən 30 il ərzində bu torpaqları yalnız istismar edib, sərvətləri talayıb, evləri söküb. Sonra da buranı öz torpağı kimi təqdim etməyə çalışıb. Halbuki Kəlbəcər heç vaxt erməni torpağı olmayıb və olmayacaq da. Bu, Azərbaycan torpağıdır və onun sahibləri qəhrəmanlıq və fədakarlıqla geri dönüblər.
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl mənzərəsi ilə fərqlənir. Əlverişli relyef, təmiz dağ havası, Yuxarı İstisu və Aşağı İstisu kimi müalicəvi mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkan yaradır.
Rayon həm də qədim tarixi abidələri ilə diqqət çəkir. Burada yaşı 30 min ildən çox olan yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri tapılıb. Daş abidələr Şimali Azərbaycanda erkən türk dövrünün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayılmasının izlərini daşıyır.
31 il əvvəl məcburi köçkünə çevrilən kəlbəcərlilər ölkənin 56 rayonunda, 770 yaşayış məntəqəsində müvəqqəti yaşayıblar. Onlar doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu məqsədlə Kəlbəcərdə də digər azad ərazilərdə olduğu kimi geniş bərpa işləri aparılır.
Ən mühüm layihələrdən biri Göygöl ilə Kəlbəcəri birləşdirən, uzunluğu 80,7 kilometr olan Toğanalı-Kəlbəcər yoludur. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı Murovdağda bu yol üzərində tunelin təməli qoyuldu. Həmin səfərdə 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası açıldı, Kəlbəcər-Laçın yolunda 3,4 kilometrlik tunelin tikintisinə start verildi.
Ötən il iyunun 26-da dövlət başçısı rayonda yeni inşa olunmuş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak etdi, şəhərin Baş planı ilə tanış oldu. Elə həmin gün İşğal və Zəfər muzeyləri kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, su istehsalı zavodu və İstisu sanatoriyasının təməli qoyuldu.
Komando hərbi hissəsinə döyüş bayrağının təqdim olunması mərasimində çıxış edən Ali Baş Komandan vurğuladı ki, bu hərbi hissənin açılması Qarabağın və Şərqi Zəngəzurun bərpa olunacağına inamı bir daha təsdiqləyir. Onun sözlərinə görə, bu proses artıq başlayıb və bölgədə hərbi güc daim möhkəm olmalıdır. Buna görə də mərasim xüsusi və rəmzi məna daşıyır.
İstisu qəsəbəsində inşası davam edən sanatoriya da mühüm layihələrdəndir. Burada yeni mehmanxana və müalicə mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu il mayın 27-də Prezidentin Kəlbəcərə səfəri zamanı hərbi hospital, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları açıldı, yaşayış məhəlləsi və 960 şagirdlik məktəb, Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu.
Avqustun 25-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayona növbəti səfər etdilər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyası istifadəyə verildi, Zar kəndinin təməli atıldı.
Kəlbəcərdə gedən nəhəng quruculuq işləri bu diyarın parlaq gələcəyindən, azad ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026