Mobil versiya
Praqmatik siyasət 30 ilə yaxın davam edən separatizm probleminin həllinə yardımçı oldu
Tarix: 07-12-2023 | Saat: 16:45
Bölmə:Özəl | çapa göndər

Praqmatik siyasət 30 ilə yaxın davam edən separatizm probleminin həllinə yardımçı oldu

Cari ilin 6 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.
Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.
Dövlətin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət kursu ilə bağlı vacib bəyanatla çıxış etdi. Forumda xarici ekspertlərin suallarını cavablandırarkən Prezident bəyan edib ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir : “Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Yəni Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək? Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.
Prezidentin səsləndirdiyi sözlər Azərbaycanın xarici siyasət kursunda real olmayan işlərdən ötrü haqlı olaraq resurs, güc və zaman xərcləmək istəmədiyini bir daha göstərdi.
Uzun illər qardaş ölkə olan Türkiyənin Avropa İttifaqı ilə bağlı təcrübəsi buna sübutdur. Xüsusi ilə Prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə Aİ üzvlüyü üçün real addımlar atdı, güc sərf etdi, fəal siyasət yürütdü. Lakin nəticə olaraq Aİ qapılarını Ankaranın üzünə açmadı. Qeyd edək ki, bir müddət müəyyən bəhanələr gətirilsə də, sonradan tam aydın oldu ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməməsində heç bir siyasi və ya iqtisadi səbəb yoxdur. Ərdoğanın “Avropa İttifaqı qapalı xristian klubudur” bəyanatı bir çox məsələlərə aydınlıq gətirdi. Bu fonda Almaniya, Fransa, Niderland siyasətçilərinin, o cümlədən dövlət başçılarının “Türkiyə heç vaxt Aİ üzvü ola bilməz” tipli ifadələri mozaikanı tamamladı. Eyni zamanda siyasi və iqtisadi cəhətdən Türkiyədən qat-qat geri olan, coğrafi baxımdan ümumiyyətlə Avropa qitəsinə aid olmayan yunan Kipri Aİ-ə üzv qəbul edildi.
Əslində Aİ yaradılarkən məqsəd Qərbi Avropada olan ölkələr arasında vahid xarici siyasət kursunun aparılması, iqtisadi siyasətin uyğunlaşması, vətəndaşların üzv ölkələrə gediş-gəlişinin rahatlaşması idi. Lakin sonradan Şərqi Avropa ölkələri özlərini Rusiyadan qorumaq üçün NATO və Aİ-yə üzv olmağa can atdılar və Brüssel də Aİ genişlənməsini özünün əsas strategiyası kimi elan etdi. Onu da qeyd edək ki, Gürcüstan, Ukrayna, Moldovanın ittifaqa üzvlüyə cəhdi isə daha çox prestij məsələsidir. Digər maraqlı fakt ondan ibarətdir ki, Gürcüstan və Ukrayna birmənalı Qərb siyasəti nəticəsində torpaqlarının bir hissəsindən məhrum olsalar da, Brüssel bu ölkələri viza rejiminin ləğvinin mümkünlüyü ilə şantaj etməkdən də çəkinmir. Məhz bunlara görə rəsmi Bakının özünün xarici siyasət prioritetlərini dəqiq formalaşdırması ətraf ölkələrdə baş verən proseslərdən düzgün nəticə çıxarmasının nəticəsidir. Ona görə də, Aİ üzvlüyünə boşuna sərf edilən gücü ölkənin xarici siyasət kursunun prioritet sayılan istiqamətlərinə daha da effektiv yönəltmək olar.
Heç də sirr deyil ki, Avropa Azərbaycanı tərəfdaş kimi görsə də, ailə üzvü kimi nəzərdən keçirmir və bu yanaşmanın nə vaxtsa dəyişəcəyi inandırıcı deyil. Nəticəsi əvvəlcədən mənfi olacağı məlum olan işə baş qoşmamaq Azərbaycanın xarici siyasətdə praqmatik kursa riayət etdiyinin göstəricisidir. Rəsmi Bakı Aİ ilə əməkdaşlıq etməkdə maraqlıdır və prezident də bunu açıq elan edib. Buna görə tərəflər ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq müqavilə üzərində müzakirələri davam etdirirlər. Belə praqmatik yanaşma Azərbaycanı yuxarıda adları çəkilən postsovet ölkələrindən fərqləndirir və məhz belə praqmatik siyasət 30 ilə yaxın davam edən separatizm probleminin həllinə yardımçı oldu.
Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev hamının anladığı dildə, açıq şəkildə bəyan etdi: “Aİ hədəfimiz deyil”.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə