Mobil versiya
Fəzlullah Nəiminin anadan olmasının 685, ölümünün 630 illiyi münasibətilə KAMİL İNSAN AŞİQİ FƏZLULLAH NƏİMİ
Tarix: 11-06-2024 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər

Fəzlullah Nəiminin anadan olmasının 685, ölümünün 630 illiyi münasibətilə KAMİL İNSAN AŞİQİ FƏZLULLAH NƏİMİ

Yaxın və Orta Şərq ölkələrində alim, şair, mütəfəkkir və ən əsası hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah Nəiminin anadan olmasından 685 (1339-1394), ölümündən isə 630 il ötür. Ancaq onun qələmə aldığı “Cavidannamə”, “Ərşnamə”, “Növmnamə” (yuxu haqqında kitab), “Məhəbbətnamə” və “Vəsiyyətnamə” kimi əsərləri dillərdə, könüllərdə hələ da yaşamaqdadır. Bu kimi məşhur əsərlərin “təhlillərindən görünür ki, o, həssas bir nəzəri düşüncəyə və idrak qabiliyyətinə malik olmuşdur” (Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Bakı: Nafta-Pres, 2006, səh.78).
Hürufizmin banisi və rəhbəri Fəzlullah Nəiminin öldürülməsi tarixi və öldürüldüyü yer barədə hələ də mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. Bunun əsas səbəbi əldə olan və istifadə edilən mənbələrdə Nəimi haqqında geniş və dəqiq məlumatın verilməməsidir. Daha doğrusu, Nəiminin doğulduğu yer və öldürülməsi tarixi yerli mənbələrdə aydın, ətraflı təsvir olunmamış və bəzən də biri digərinə zidd məlumatlar verilmişdir. Ziddiyyətlərin meydana çıxmasında ilk mənbələrin üzünü köçürən xəttatların da müəyyən günahı olmuşdur desək yanılmarıq. Belə ki, onlar düzgün oxuya bilmədikləri hər hansı bir sözü, rəqəmi səhv yazmış, yaxud sadəcə olaraq səhv köçürmüşlər. Bu və ya digər səbəblərə görə alimlər Nəiminin əslinin haralı olması, təvəllüdü, vəfatı və s. haqqında müxtəlif və biri digərinə uyğun gəlməyən məlumat vermişlər.
Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli, Yaqub Babayev, Rəhim Əliyev və b. Fəzlullah Nəiminin Təbrizli olduğunu, keçmiş sovet tədqiqatçılarından İ.P.Petruşevski Nəiminin 1393-1394-cü illərdə Şirvanda, Məhəmmədli Tərbiyət 1394-cü ildə Naxçıvanda, H.Araslı 1394-cü ildə Naxçıvanda, Mirzağa Quluzadə 1394-cü və ya 1396-cı ildə Şirvanda, Lətif Hüseynzadə 1393-cü ildə Naxçıvanda, Tağı Musəvi 1394-cü ildə Əlincədə, Əliəjdər Səidzadə 1394-cü ildə Naxçıvanda, “Azərbaycan tarixi” kitabında 1402-ci ildə Şirvanda, “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında isə hicri 804 (1401-1402)-cü ildə Naxçıvanda öldürüldüyü göstərilmişdir. İranın görkəmli tarixçi alimi Səid Nəfisi Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) öldürüldüyünü və qəbrinin Naxçıvanın Əlincə adlanan yerində olduğunu, Cəfər İbrahimov 1402-ci ildə Naxçıvanda və nəhayət mötəbər ədəbiyyat və mənbə sayılan ASE-nin VII cildində 1394-cü ildə Naxçıvanda öldürüldüyü qeyd olunmuşdur.
Şərq şairləri, o cümlədən də Azərbaycanın söz ustaları öz dövrlərində baş vermiş müxtəlif hadisələri – şahın taxta çıxmasını, ölümünü, görkəmli bir alim və şairin vəfatını və s. təsvir etmiş və həmin hadisənin nə vaxt baş verdiyini əbcəd hesabı ilə vermişlər. Belə şeirlər ədəbiyyatda maddeyi-tarix adlanır.
Görkəmli bir hürufi kimi İmadəddin Nəsiminin müridi Nəimi ölümünə maddeyi-tarix yazdığını güman etmək olar. Odur ki, Nəsimi divanlarının əldə olan müxtəlif əlyazma, çap nüsxələrini nəzərdən keçirir və Nəiminin öldürülməsinə həsr olunmuş maddeyi-tarixi axtarırıq. Nəsimi divanının Tehran universitetinin mərkəzi kitabxanasında saxlanılan bir əlyazmasında onun Nəiminin öldürülməsi barədə olan maddeyi-tarixinə rast gəlirik. Hicri 1087 (1666-1667)-ci ildə üzü köçürülmüş 203 səhifəlik bu əlyazmasında üç şairin Nəsiminin, Seyid Nemətullahın və Əsirinin şeirləri toplanmışdır. Təəssüf ki, əlyazmasının son vərəqləri itmişdir.
Nəiminin ölümü haqqında olan maddeyi-tarix bu əlyazmasının 163-cü səhifəsində yazılmışdır. Farsca olan bu şeirdə göstərilir ki, Şərq və Qərb Yəcucun fitnəsi ilə doldu (Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədən, işğalçı, qaniçən bir tayfadır – K.C.). Teymur ən qaddar zalım idi. Onun kimi bir zalımı heç kəs görməyib və bundan sonra da yəqin ki, görməyəcəkdir. Miranşahın tələbi ilə Nəimi Şirvan mülkündən getdi. Maranşah (Teymurun oğlu Miranşah Nəimini öldürdüyü üçün hürufilər onu “Marahşah”, yəni “İlanşah” adlandırmışlar – K.C.) onu öldürdü. Bu zaman hicrətdən 796 il keçmişdi. Təsadüfən fəqirlərin bayramı olan cümə günü, zülqədə ayının 6-sı idi (1394, 2 sentyabr).
Əbu Məhəmməd oğlu Fəzlullah özünə Nəimi təxəllüsünü seçmişdir. Nəimi təxəllüsünü də təsadüfən seçməmişdir. Nəimi ərəb mənşəli söz olub – mənası nemət, bolluq, rifah içində yaşama mənasını verir. Biz nəim ifadəsinə müqəddəs kitabımız Quranda da rast gəlirik. Yerin və göyün yaradanı Allah Qurani Kərimdə xoş əməl sahibi olanları axirət dünyasında cənnətlərlə mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir.Yüz iyirmi ayədən ibarət olan “Əl-Maidə” (“Süfrə”) surəsinin 65-ci ayəsində deyilir: “Əgər kitab əhli (Məhəmməd peyğəmbərə və Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən çəkinsələr, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik” (Quran. Tərcümə edənlər: Z.Bünyadov., V.Məmmədəliyev. Bakı: Azərnəşr, 1992. səh.97). Buradan belə ehtimal çıxara bilərik ki, Fəzlullah “Nəimi” təxəllüsünü “Quran”dan götürmüşdür. Həmçinin nəim – xoşbəxt yaşamaq, firavan yaşamaq, aydınlıq anlamını da ifadə etməkdədir. Bununla o, tərəfdarlarının nəzərinə çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik xurafatçı axund və mollaların vəd etdiyi cənnətdə deyildir, onu bu dünyada həqqə tapınmaqla tapa bilərsiniz.
Fəzlullah ilk əvvəl elmi biliyini özü öz üzərində müstəqil çalışmaqla, necə deyərlər, ən gözəl təhsil özünütəhsildir konsepsiyasını əsas tutaraq öyrənmişdir. Bundan sonra elmi dünyagörüşünü daha da artırmaq üçün 1369-cu ildə İsfahana, 1373-cü ildə isə Məkkəyə səfər etmiş, bilik əldə etmiş və mürşidlik, kamillik zirvəsinə ucalmışdır. 1386-cı ildən isə öz ideyasını, hürufilik təriqətini yaymağa başlamış və yüzlərlə müridi əqidə birliyi ilə ətrafına toplamışdır.
Qoca Şərqdə onlarla təriqət yaranmışdır. Doğrudur, bəzi təriqətlərdəki (sufilik, hənəfilik, mövləvilik, babilik və s.) ideyalar daha erkən təşəkkül tapmış, daha əhatəli və uzunömürlü olmuş, ictimai, dini-fəlsəfi, ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, kütləviləşmiş, orta əsrlər islam şərqində ədəbi meydanın daha böyük sahəsini öz təsiri altına almışdır. Ancaq bir çox təriqətlər isə əndazədən çıxaraq ifrata varmış, bir olan Allahın varlığına yox, şeytaniliyə, insanın xoşbəxtliyinə xələl gətirəcək işlərə xidmət etmiş və etməkdədir.
Ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, təşəkkül tapmış və uzunömürlü olmuş təriqətlərdən biri də, əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuş hürufizm təriqətidir. Əgər sufizm təriqətinin yaradıcı Hüseyn Həllac Mənsur (848- 922) ilahi eşq fəlsəfəsinə üstünlük verirdisə, Fəzlullah Nəimi hürufilikdə ağıla, təfəkkürə, kamilliyə daha çox üstünlük vermişdir. Nəimi deyir ki, kainat insanın varlığındadır. İnsan özünü öyrənsə, dərk etsə, dünyanın sirlərini öyrənə bilər. Həyatın, kainatın sirləri hərflərdədir. Hərflər insan sifətində olan xətlərdədir. Hürufilikdə Allah eyni zamanda söz-kəlam şəklində təcəlli edir. Hərflər isə sözlərin ifadə vasitəsidir. Demək, Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunmuşdur. Məhəmməd Peyğəmbərin kəlamları 28 hərfdə öz ifadəsini tapmışdır. Dərin istedad və biliyə malik olan Fəzlullah Nəimi isə fars dilində işlənən 32 hərfi əsas götürmüşdür. Onun “Cavidannamə”si sivu dodan, yəni 32 hərfdən ibarətdir. İnsanın üzündə anadangəlmə yeddi xətt vardır: iki qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən – su, hava, od, torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir, hamısının sayı isə 28 olur. Saç ortadan ikiyə ayrıldıqda yeddi xətt səkkiz olur; səkkizi dörd ünsürə vurduqda isə otuz iki alınır. “Hürufilik kodeksində insan təkcə mənəvi keyfiyyət, qüdrət və əzəmətinə görə deyil, zahiri görünüş, camal gözəlliyi, hüsn və surəti etibarilə də Haqqın təcəlli nuru, Tanrı vəchinin təcəllisi hesab olunurdu” (Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Yazıçı, 1986, səh.68). Belə ki, insan surətcə də çox gözəl yaradılmışdı və Nəimiyə görə, onun hüsnündə ilahinin camal gözəlliyinin nişanələri vardır. İnsanın siması xüsusilə gözəl xəlq olunmuşdur və o, Haqqa məxsus bir sıra əlamətlərin daşıyıcısıdır. Başqa sözlə, Haqqa aid bəzi nişanələr bir dəlil kimi, bəşər övladının üzündə öz əksini tapmışdır. Məsələn, insanın üzündə “Allah” sözü yazılmışdır. Belə ki, ərəb əlifbasındakı “əlif” (ا) – insanın qaməti, “kaf”(ق) – qaşları, “hə” (ﺣ) – gözləri, “ləm” (ل) – burnu, “mim” (ـمـ)‎‎ – ağzı, “nun” ( ن‎ ) – çənəsi, “dəl” (ﺩ‎) – qocalanda qaməti – hərflərinə bənzədilir. “Allah (ﷲ) kəlməsi də bu hərflərin birləşməsindən yaranır. “Buna görə hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə inanırlar” (Mirzağa Quluzadə. Böyük ideallar şairi. Bakı: Gənclik, 1973, səh.14).
Yaradıcılıq yolu zəngin olan, həm nəzm və həm də nəsrlə əsərlərini qələmə alan Nəiminin fikrincə, insanları ədalətə qovuşdurmaq üçün hökmdar kamil insan olmalıdır, insanların hamısı kamil olmalıdır. İnsanın ən qəddar düşməni cəhalətdir, nadanlıqdır.
“İnsan ədəbdən ibarətdir” kəlamını şüara çevirən və mövləvilik təriqətinin əsasını qoyan Mövlana Cəlaləddin Rumi irqindən, dinindən, dilindən asılı olmayaraq, bütün insanlara qucağını açan, onlara ilahi sevginin, qardaşlığın, barışın, sülhün və səadətin açarı olduğunu varlığı ilə anladan şeyxlər şeyxidir. Yüz dəfə günah işləsə də və yüz dəfə tövbə etsə də insanın ümidsizliyə qapılmamasını, Ulu Tanrı tərəfindən yenə bağışlanacağını ümid edən Mövlana belə deyirdi:
Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,
İstər xristian, istər məcusi, istər bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!
Dünyada ən qiymətli sərvət kamil insandır və kamil insan surətini Allahla eyniləşdirən Fəzlullah Nəimi isə deyir ki, kamil insan dedikdə onun alçağı, yüksəyi, müsəlmanı, xaçpərəsti, bütpərəsti yoxdur. İslamiyyət və xaçpərəstlik arasında ixtilaf salmaq, məscidlə kilsə arasında fərq qoymaq insanları bir-birinə düşmən edir. Dinindən, məzhəbindən asılı olmayaraq Allahdan lütf və mərhəmət umanlar özləri mərhəmətli və ədalətli olmalıdırlar. Həqiqi etiqad insandan ədalət və sədaqət tələb edir. İnsanın etiqadı ilə əməli arasında uçurum olmamalıdır. Alimi-biəmal olanlar, sözdə həqiqət və insafdan dəm vuranlar, xalqa zülm edənlər riyakardırlar.
Qeyd edək ki, sufilik təriqətilə hürufilik təriqəti arasında müəyyən oxşarlıqlar da vardır. Bu oxşarlıqlardan biri də hər iki təriqət üzvlərinin Allahı səmada, boş fəzada yox, insanın qəlbində tapmasıdır. Hələ Nəimidən xeyli əvvəllər yaşayan və sufi şair kimi tanıdığımız Yunus İmrə (1240-1320) yazırdı ki:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri!
Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri!
Nəimi isə deyir ki, insan Haqqa məzhər və Xudanın özüdür:
Bizdən soruş, еy oğul, Xudanı
Biz məzhərik indi laməkana.
...Həqqi arama kənarda hеç vaxt,
Həqq səndədi, sən özün Xudasan.
Nəiminin sonuncu əsəri “qara buludlar”ın başının üzərini aldığı zaman həyəcan dolu vəziyyətdə (fikirlərini bir neçə dəfə təkrar etdiyinə görə həyəcanlı vəziyyətdə deyirik) qələmə aldığı və gizli şəkildə öz yaxınlarına göndərdiyi “Vəsiyyətnamə” olmuşdur. Əmir Teymurun əmri ilə amansız şəkildə təqibə məruz qalan Nəimini daha çox qızları Fatimə, Aişə, İsmət və müridlərinin, məsləkdaşlarının hər an faciə ilə bitəcək sabahları narahat edir. Yaxın dostları və məsləkdaşları olan Dərviş Hacıya, Seyid Məhəmmədə, Xacə Fəxrəddinə, Seyid Əliyə (İmadəddin Nəsimiyə) və b. dönələrlə, təkrar-təkrar tapşırıqlarını verərək yazır: “Allahın, Allahın, Allahın xatirinə övladlarımın qorunmasında qüsura yol verilməsin. Dünyanı saxlayan ilahinamusdur... Ola bilsin ki, təşkil olunmuş dəstədən adam gələr (Əmir Teymurun göndərə biləcəyi qoşuna işarədir – K.C.), bütün müridlər tələf ola bilərlər, hamıya qəsd edilə bilər. Harada olsalar elə etsinlər ki, mənim müridim olmalarını bir kimsə bilməsin” (Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970, səh.195).
Nəimi Şirvanda yaşadığı son təlatümlü günlərini imam Hüseynin Kərbəlada qəddarcasına aşura günündə (10 oktyabr 680-cı il) Yezid tərəfindən başına gətirilən faciəyə oxşadır. Şirvanı isə Kərbəlaya bənzədərək yazır:
Mən zəmanənin Hüseyniyəm, naəhlilər
də (namərdlər də - K.C.) mənim Yezid və Şümürümdürlər.
Ruzigarım başdan-başa aşuradır,
Şirvan da Kərbala (Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970, səh.197)
Fəzlullah Nəimi sanki qarşıda onu şiddətli faciənin gözlədiyini övliyalar kimi əvvəlcədən hiss edib duyubmuş. “Vəsiyyətnamə”də yazır ki, “...hər xəbərdən bu dərəcə agah olduğum sizə də (qızları və dostlarını nəzərdə tutur – K.C.) məlum olsun” (Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970, səh.197).
Nəimi bu təlatümlü günlərin yaxında olduğunu əvvəlcədən hiss etdiyindən yazır ki, “öz geyiminizi və xarici görüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç kim gəlməmiş və tələfata uğramamış getmiş olasınız. Əlbəttə, əlbəttə, əlbəttə getməkdə tələsin. Uzaq dağlıq yerlərə çəkilin. Adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün” (Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970, səh.196).
Fəzlullah Nəimi vəsiyyətnaməsində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayaraq yazır: “Bacılar sözdən çıxmamalıdırlar. Böyük bacı onlar üçün ata, həm də anadır. Mənim də vəkilim və canişinim odur. Allahın salamı olan böyük bacılarına (Fatiməyə – K.C.) mən də salam söyləyirəm. Öz övladlarımı görməyə olan həvəsimi şərh etmək mümkün deyildir. Bu iş ilahi bir iş olduğuna görə tədbirə sığmaz. Övladlarımdan ayrıldığım gün onlar kədərli idilər. Buna görə mən də çox kədərlənirəm. İndi məni heç bir ixtiyarım olmadan aparırlar. Görək iş nə ilə bitəcək. Bu fəqirin heç bir dini və dünyəvi nigarançılığı yoxdur. Ancaq tamamilə yalqız qalmış və kimsəsizlərin kimsəsindən başqa hamiləri olmayan övladlarımın dərdini çəkirəm ki, çox köməksizdirlər. Allah-təalaya ürək bağlayın. Bacılarından göz-qulaq olmaqda diqqətini artır. Onları heç incitmə. Əgər onların xeyri üçün olsa belə – incitmə. O əziz anasızlarıma salam söyləyin...” (Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970, səh.196).
Yekunda belə nəticəyə gəlirik:
Şeyx Fəzlullah Nəiminin “Cavidannamə”, “Ərşnamə”, “Növmnamə” (yuxu haqqında kitab), “Məhəbbətnamə” və “Vəsiyyətnamə” kimi əsərlərindəki ideyalar bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır;
Azad fikir və sərbəst düşüncə sahibi olan Fəzlullah Nəimi yaradıcılığında yaradılmışların ən şərəflisi olan kamil insanı mədh etmiş, təhsili kamil insanlar yetişdirmək üçün vacib saymış, əxlaqi-etik normaları, ədəb-ərkan qaydalarını əsas götürmüşdür;
İnsanın etiqadı ilə əməli arasında uçurum olmamalıdır – deyən Fəzlullah Nəimi kamil insanın alçağı, yüksəyi, müsəlmanı, xaçpərəsti, bütpərəsti yoxdur – qənaətindədir;
Fəzlullah Nəimi islamiyyət və xaçpərəstlik arasında ixtilaf salanları, məscidlə kilsə arasında fərq qoyanları və insanları bir-birinə düşmən edənləri insan cildində olub iblisə sitayiş edən riyakarlar adlandırmışdır;
Əmir Teymurun əmri ilə amansız şəkildə təqibə məruz qalan Fəzlullah Nəimi ölümdən qorxmamışdır. Daha çox qızları Fatimə, Aişə, İsmətin sonrakı həyatından narahat qalan Nəimi yaxın dostları və məsləkdaşlarına “Vəsiyyətnamə”sində dönələrlə, təkrar-təkrar tapşırıqlarını verərək yazmışdır: Allahın, Allahın, Allahın xatirinə övladlarımın qorunmasında qüsura yol verilməsin. Dünyanı saxlayan ilahinamusdur;
Fəzlullah Nəimi vəsiyyətnaməsində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı, böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbət göstərməyi vacib şərtlərdən biri saymışdır;
Fəzlullah Nəiminin qəbri 14 il Teymurləng ordusu tərəfindən mühasirədə qalan Əlincə qalasında dəfn olunmuşdur və bu gün də xalq tərəfindən hörmət-izzətlə ziyarət edilməkdədir.

Kamal Həsən oğlu Camalov
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Naxçıvan Müəllimlər İnstitutu
[email protected]




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024