Mobil versiya
Novruzəli Aslanov: “Budapeşt Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində atılmış mühüm addımlardan biri olacaq”
Tarix: 23-05-2025 | Saat: 08:12
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Budapeşt Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində atılmış mühüm addımlardan biri olacaq”

“Artıq xəbər verildiyi kimi, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Qeyd edək ki, bu, Təşkilatın artıq ikinci qeyri-rəsmi Sammitidir. Belə ki, TDT-nın Dövlət başçılarının ilk Zirvə görüşü keçən il, həm də məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilmişdir. Ümumiyyətlə Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin daha da gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışlarında xüsusi olaraq vurğulayır ki, Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Həmçinin cənab Prezident Budapeşt Sammitində etdiyi çıxışında Azərbaycan ilə Macarıstan arasında əlaqələrin mövcud durumunun və inkişaf perspektivlərinin məmnunluq doğurduğunu vurğulayıb. Qeyd olunub ki, Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili Sammitin gedişində imzalanmış Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Prezidentləri və TDT-nin Baş tərəfindən imzalanmış, 71 bənddən ibarət olan Bəyannamə tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Bəyannamədə Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşması prosesinə türk xalqları irsinin əhəmiyyətli təsiri qeyd olunub, müasir Türk dövlətlərinin bu gün dünyada gedən siyasi, iqtisadi və sosial tərəqqiyə misilsiz töhfələri, xüsusilə regional və qlobal sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rolu vurğulanıb. Dövlət başçıları TDT-nin institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna Təşkilatın sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Xüsusi olaraq Qırğız Respublikasının TDT-yə sədrliyi və Macarıstanın bu təşkilata üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzmi yüksək qiymətləndirilib. Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirərək, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayıblar. Heç şübhəsiz Budapeşt Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının dünya miqyasında aparıcı güc mərkəzlərindən birinə çevrilməsi məqsədinə çatmaq üçün atılmış mühüm addımlardan biri olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025