Mobil versiya
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
Tarix: 20-04-2026 | Saat: 22:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır

ABŞ Prezidenti Donald Trampın ən sadiq MAGA tərəfdarları arasında son həftələrdə diqqətçəkən fikir ayrılığı yaranıb. 2024-cü ildə Trampa qarşı törədilən sui-qəsd cəhdinin həqiqi olub-olmaması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqi zamanı yaxınlıqdakı damdan açılan atəş nəticəsində güllə Trampın qulağının yuxarı hissəsini sıyırmışdı. Hadisə zamanı Trampın yaxınlığında oturan tərəfdarı Kori Komperatore güllələnərək həlak olmuş, 20 yaşlı hücumçu isə daha sonra Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi.

Hadisədən dərhal sonra Batler sui-qəsdi ətrafında müxtəlif sui-qəsd nəzəriyyələri sosial şəbəkələrdə sürətlə yayılmışdı. Bununla belə, Trampın bir çox tərəfdarı onun sağ qalmasını “Tanrının işarəsi” kimi dəyərləndirmişdi.

Lakin WIRED nəşrinin yazdığına görə, Trampın MAGA hərəkatı üzərində təsiri zəiflədikcə, getdikcə daha çox tərəfdarı hadisənin əvvəlcədən qurulmuş tamaşa ola biləcəyini iddia etməyə başlayıb.

Bir vaxtlar Trampın sadiq tərəfdarlarından sayılan komediyaçı və şərhçi Tim Dillon ötən həftəsonu yayımlanan proqramında Batler hadisəsinə toxunaraq bildirib:

“Düşünürəm ki, bu hadisə səhnələşdirilmiş ola bilər. Tramp indi çıxıb deməlidir ki, ‘Bəziləri buna qəzəblənəcək, amma Batlerdəki sui-qəsd cəhdini insanların mənə səs verməsinin nə qədər vacib olduğunu göstərmək üçün biz qurduq.’”

Bu iddiaların bir hissəsi hələ aylar əvvəl ortaya çıxmışdı. Noyabr ayında keçmiş Fox News şərhçisi Taker Karlson Federal Təhqiqat Bürosunun (FBI) silahlı hücumu ört-basdır etməyə çalışdığına dair ehtimalları gündəmə gətirmiş, X platformasında paylaşdığı yazıda qurumun hücumçunun onlayn fəaliyyəti ilə bağlı “yalan danışdığını” irəli sürmüşdü.

Batler hadisəsinin Tramp tərəfindən qurulduğu barədə iddialar isə keçmiş ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kentin Taker Karlsonun çıxışa qatılmasından sonra daha da güclənib. Bu müsahibə Kentin İranla mümkün müharibə ilə bağlı vəzifəsindən istefa verməsindən bir gün sonra baş tutub.

Müsahibə zamanı Karlson və Kent Tramp administrasiyasının Pensilvaniya hücumçusu barədə əlavə məlumat verməməsini müzakirə ediblər. Kent heç bir sübut təqdim etmədən, hücumla bağlı araşdırmaların yekunlaşdırılmadan bağlandığını iddia edib.

Onun sözlərinə görə, məlumat boşluğu cəmiyyətdə daha çox fərziyyə və sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olur.

Texasdan olan Respublikaçı milli nümayəndə və keçmiş Tramp tərəfdarı Trişa Hope da bu həftə X platformasında paylaşım edərək Batler hadisəsinə şübhə ilə yanaşdığını bildirib. O yazıb:

“Əgər bu hadisəyə baxıb tənqidi düşünə bilmirsinizsə və ən azı bir neçə sualınız yoxdursa, problem sizdədir.”

Telegram platformasında isə tanınmış Qanon tərəfdarı Truth 100 mindən çox izləyicisinə “Hamı Trampa qarşı Batler sui-qəsd cəhdi ilə bağlı rəsmi versiya haqqında nə düşünür?” sualını ünvanlayıb.

Verilən yüzlərlə cavabın böyük əksəriyyətində, demək olar ki, hamısı Tramp tərəfdarlarından ibarət istifadəçilər hadisənin saxta olduğuna inandıqlarını və həqiqətin heç vaxt üzə çıxmayacağını düşündüklərini bildiriblər. İzləyicilərdən biri yazıb ki, “Həqiqət yalnız 60 ildən sonra, hamımız öldükdən və artıq heç kimin vecinə olmadıqdan sonra ortaya çıxacaq, elə Kennedi hadisəsində olduğu kimi.”

Ötən həftə kanalında yayımladığı videoda Taker Karlson İsrailin “ABŞ hökuməti üzərində niyə bu qədər təsirə malik olduğunu” sorğulayıb və Batlerdə baş verən silahlı hücumun bunun “izlərindən biri” olduğunu iddia edib. O, Tramp administrasiyasının hadisəni ciddi araşdırmamasını da bunun göstəricisi kimi təqdim edib.

Bu iddialar daha sonra MAGA hərəkatının digər tanınmış fiqurlarından biri olan Kendis Ouens tərəfindən də təkrarlanıb. Ouens son podkastlarının birində israilli-amerikalı siyasi donor Miriam Adelsonun sui-qəsd cəhdinin arxasında dayandığını irəli sürüb.

Onun iddiasına görə, Adelson Trampa 100 milyon dollar ianə edib, lakin Tramp sonradan İsrailin İordan çayının qərb sahilini zəbt etməsini dəstəkləyəcəyinə dair verdiyi sözü yerinə yetirməyib. Ouens məhz buna görə sui-qəsd cəhdinin baş verdiyini söyləyib. O, həmçinin Tramp prezident olduqdan sonra hadisənin tam araşdırılmamasını da bununla əlaqələndirib.

2020-ci il prezident seçkilərindən sonra “Stop the Steal” kampaniyasını təşkil edən ifrat sağçı fəal Əli Aleksandr isə məsələ ilə bağlı daha fərqli mövqe sərgiləyib. O, Batler hadisəsini Trampın “Dəccal” olduğuna dair növbəti “sübut” kimi təqdim edib. Bu mövzu son günlər bəzi MAGA çevrələrində də müzakirə olunur.

Beləliklə, Batlerdəki sui-qəsd cəhdi ətrafında yaranan mübahisələr yalnız təhlükəsizlik və istintaq məsələlərini deyil, həm də Trampın öz elektoratı daxilində artan etimadsızlığı üzə çıxarır. MAGA düşərgəsindəki bu çatların yaxın aylarda ABŞ siyasi gündəmini daha da gərginləşdirəcəyi gözlənilir

Arzuman Loğmanoğlu,

Sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026